Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeni il gecəsi iş yerində iki nəfəri qətlə yetirən şəxs 20 il müddətinə məhkum olundu
Bakının Binəqədi rayonunda iki nəfərin qətlində təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə istintaq yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunaraq, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ərazidə aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, qətl Yeni il gecəsi kafedə tanışların mübahisəsi zamanı baş verib. Qətli törədən Arif Bəhərçiyev həmin kafenin icarədarının oğludur, öldürülən şəxslərlə kafedə bir yerdə çalışıblar. Hadisə Arifin həmin kafedə kababçı ilə söhbət edən anasını yanına çağırmasından sonra baş verib. Anasının onun çağırışına məhəl qoymamasından hiddətlənən Arif əvvəlcə anasını döyüb, daha sonra mətbəx bıçağı ilə kababçıya və onları ayırmağa çalışan Ramil Səfərova bıçaqla zərbələr endirib. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Arif Bəhərçiyev qətl törətməkdə şübhəli şəxs kimi saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.
Elgün Həsənli
Rəylər