Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
47 yaşlı qadının ölümü ilə bağlı klinikadan AÇIQLAMA
Ötən gün Sabunçu rayonunda yerləşən “Stimul hospital”da ölüm hadisəsi baş verib.
Belə ki, 47 yaşlı Səməngül Quliyeva kor bağırsağın partlaması nəticəsində vəfat edib.
Ölüm hadisəsi ilə bağlı xəstəxanadan Oxu.Az-a bildirilib ki, S.Quliyeva adlı şəxs 31 yanvar tarixində yaxınlarının köməyi ilə klinikaya gətirilib:
“Daha əvvəl “Stimul hospital”a müraciət etməyən həmin vətəndaşdan şikayətlərinin nə olması və klinikaya müraciət etmə səbəbi haqqında məlumat istənilib. Həm xəstənin özü, həm də onunla birlikdə gələn yaxınları məlumat verərək xəstənin artıq 4-5 gündür özünü narahat hiss etdiyini deyiblər.
Qeyd edilib ki, xəstənin şikayətləri əsasən halının pisləşməsi və qarın nahiyəsində olan kəskin ağrılardan ibarətdir.
Şikayətləri ilə bağlı ilk olaraq o, başqa klinikada çalışan şəxsi həkiminə müraciət edib və həmin həkim xəstədən qarın boşluğunun abdomen Kompüter Tomoqrafiya (KT) müayinəsindən keçməsini istəyib.
Həmin tibb müəssisəsində qeyd olunan müayinəni həyata keçirmək üçün tələb olunan cihaz olmadığından o, bizim klinikaya müraciət edib. Klinikamıza müraciət edən xəstənin vəziyyətinin ağır olması səbəbilə o müayinə otağına növbəsiz salınaraq müayinə edilib. Bu zaman xəstənin vəziyyəti qəfildən pisləşib. Müayinəni həyata keçirən və bu halı müşahidə edən texniklər dərhal reanimatoloq çağırıblar. Klinikanın reanimatoloq və təcili yardım heyəti tərəfindən göstərilmiş bütün tibbi yardımlara baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Əlavə olaraq qeyd edək ki, xəstəyə klinikamızda hər hansı cərrahi müdaxilə edilməyib.
KT müayinəsinin nəticələrinə əsasən xəstədə perforativ appendisit (partlamış appendisit) və yayılmış peritanit diaqnozu qoyulub”.
Rəylər