Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətəndaşlar dollarla əmanət qoymağa həvəsli olmalıdırlarmı? - "Kaspi"nin ARAŞDIRMASI
Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin azaldığı müşahidə edilir. Bu kontekstdə bəzi banklar hətta illik 3-4 faiz gəlirlə dollar əmanətləri qəbul etdiklərini reklam edirlər. Halbuki ölkəmizdə yalnız depozit faizi 2,5-ə qədər olan dollarla qoyulmuş əmanətlər sığortalanır. Belə bir vəziyyətdə vətəndaşlar dollarla əmanət qoymağa həvəsli olmalıdırlarmı? Bankların bu addımı necə qarşılanır?
"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.
"Bankların gecikdiklərini deyə bilərik"
Maliyyə və bank məsələləri üzrə mütəxəssis Elman Sadıqovun fikrincə, artıq dünyada gedişat dəyişdiyi üçün banklar bu addımı çoxdan atmalı idi: "2020-ci ilə qədər dünyada dolların uçot dərəcəsi 0 faiz ətrafında idi. Həmin müddətdə xarici valyutada depozit faizlərinin 1-2 faiz olması normal idi. Amma 2020-ci ildən etibarən neftin qiymətində stabilləşmə baş verdi, dolların dünyada uçot dərəcəsi artdı, bu, hazırda 5-5,5 faiz ətrafındadır. Əgər dünyada dolların faiz dərəcəsi beşdirsə, bankların bu göstəricini 2-4 faiz ətrafında təyin etməsi normaldır. Hətta gecikdiklərini deyə bilərik. Dünya banklarında depozit faizləri 6-7 idi. Bundan istifadə edərək əhalidən yığdığımız valyutanı daha da artıra bilərdik. Həmin məbləği də dünya bazarlarında dəyərləndirərdik".
Devalvasiya dövrü üçün uyğun idi
Ekspertin sözlərinə görə, devalvasiya zamanı bankların üzləşdiyi çətinliklər depozit faizlərinin azaldılmasına səbəb oldu: "2015-ci ildəki devalvasiyadan sonra vəsait yerləşdirilməsi daha çox manatla baş verirdi. Dollarla istehlak kreditinə müəyyən limitlər tətbiq edildi. Banklar dollarla kredit vermək və vəsaitlərini yerləşdirməkdə çətinlik çəkdikləri üçün dollar depozitlərinin faiz dərəcələrini çox aşağı saldılar. Hətta 1-2 faizə qədər düşdü. Çünki dollarla götürdükləri vəsait onların zərərinə işləyirdi. Əmanətlərin Sığortalanması Fondu da dollarla olan əmanətlərin yalnız depozit faizi 2,5-ə qədər olanlarını sığortalamaq haqqında qərar qəbul etmişdi. Həmin zaman dollar depozitləri 1-2 faiz olduğu üçün, bu qərar o dövrə uyğun idi".
"Hər bir valyuta üzrə limit var"
Müsahibimiz bildirib ki, bankların faiz dərəcəsinin artırılması heç də qoyulan depozitlərin dollarla kredit verilməsinə yönləndirilməsi demək deyil: "Banklar arxayındır ki, kurs sabitdir. Əhalidən dollarla əmanəti cəlb edir, devalvasiya riskini öz üzərinə götürür, vəsaitlərin bir hissəsini manatla yerləşdirir. Amma bu, bir az risklidir. Əgər devalvasiya olarsa, bu zaman banklarda müəyyən itkilər formalaşa bilər. Çünki dollarla aldığınız vəsaiti daha çox manatla verirsinizsə, bu, ziyandır. Ona görə banklarda valyuta mövqeyi adlanan mexanizm, hər bir valyuta üzrə limit var. Valyuta mövqelərini sığortalayırlar, özlərini böyük risklərə salmırlar. Faiz dərəcələrinin artması manata olan inamla, vəsaitdən istifadə etmək imkanlarının artması ilə bağlıdır. Banklar faiz dərəcəsini artırırlarsa, elə başa düşülür ki, onlarda likvidlik problemi var, pula ehtiyac mövcuddur. Amma 3-4 faiz elə də yüksək məbləğ deyil. 7-8 faizlə dollar depoziti cəlb etsəydilər, bu zaman narahatlıq doğurardı. O zaman likvidlik problemi gündəmə gələrdi. Banklar sadəcə vəsaitləri yerləşdirmək imkanlarını artırıblar. Daha çox qazanmaq imkanları var".
Sığortalanan dollar əmanətlərinin faizinə yenidən baxılmalıdır
Müsahibimiz cəlb olunan əmanətlərin iqtisadiyyatımız üçün faydalarından da danışıb: "Əmanətlərin Sığortalanması Fondu dollarla qoyulan əmanətlər üçün sığorta faizini qaldırmalıdır. Sığortalanma həddinin 4-4,5 faiz civarında müəyyənləşdirilməsi məqsədəuyğundur. Bu halda banklar da, əhali də risklərlə üzləşməz. Nəticədə isə daha çox vəsait bank sisteminə daxil olar. Faiz dərəcələrinin artırılması banka dollar cəlbi ilə nəticələnir, bu da iqtisadiyyatımız üçün faydalıdır. İqtisadiyyatdan kənarda qalan vəsaitlərin bank sisteminə daxil olması, iqtisadiyyata qazandırılması, kreditə və ya digər layihələrə yönəldilməsi vacibdir. Nə qədər çox depozit cəlb olunarsa, bank sistemimiz o qədər böyüyər, daha çox diversifikasiya yaranar. Bu zaman bankın üzləşə biləcəyi risklərin dərəcəsi də aşağı olur".
Daşınmaz əmlak almağı üstün tuturlar
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc depozitlərin azalmasını risklərlə əlaqələndirir: "Bankların gəliri depozitlər hesabına formalaşır. Onların dayanıqlı olması üçün depozit portfeli geniş olmalıdır. Bu portfeli geniş tutmaq üçün banklar daha uyğun təkliflərlə çıxış edirlər. Depozit faizlərinin yüksək olması insanlar üçün cəlbedici görünür. Amma vətəndaşlar vəsaitlərini banka yatırmaq əvəzinə daşınmaz əmlak almağı daha üstün tuturlar. Çünki burada risklər azdır. Banklara depozit qoyulması o halda cəlbedici olardı ki, məbləğindən və faizindən asılı olmayaraq sığortalansın. Həmçinin 10 faizlik vergi amili əhalini bu yatırım növündən çəkindirir".
"Kaspi qəzeti" teqi üzrə xəbərlər
- Mənzil bazarında durğunluq var, amma ucuzlaşma gözlənilmir
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- Azərbaycan bu il 90 milyon dollarlıq ət idxal edib
- Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir - Bir donor səkkiz xəstəni yaşada bilər
- Azərbaycan hər zaman olduğu kimi dünyada öz adından söz etdirməyi bacardı