Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ünvanlı sosial yardım almaq üçün artıq bəzi məlumatları daxil etmək tələb olunmur
Ünvanlı sosial yardım üçün müraciət zamanı "Ərizə-bəyannamə"də qeyd edilməsi tələb olunmayan məlumatlar açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sıraya müraciət edənlərin əməkhaqqı, pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqaviləsinin olması, üç yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması barədə məlumatlar daxildir.
DSMF sədri bu məlumatların e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə ediləcəyini deyib.
O, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların "Ərizə-bəyannamə"də düzgün qeyd olunmadığı müəyyən edildikdə həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.
Bildirilib ki, yeni "Ünvanlı yardım" e-sisteminə giriş yalnız "Digital (ASAN) login" üzərindən mümkün olacaq.
Nəzrin Vahid