Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pullar hara axır və ya kapitalı Azərbaycana necə qaytarmaq olar?
Aktivlərin Azərbaycan məkanına qaytarılması çox mürəkkəb məsələdir və bir sıra ölçülərin qəbul olunmasını tələb edir.
Oxu.Az xəbər verir ki, bu sözləri Echo.az-a verdiyi müsahibədə bank eksperti, “Əkrəm Həsənov və partnyorları” hüquq şirkətinin direktoru, Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov səsləndirib.
“Hökumət Azərbaycan biznesinə üz tutaraq, aktivlərin və kapitalların Azərbaycana qaytarılması ilə bağlı çağırış etməli və kapital amnistiyası elan etməlidir”, – deyə ekspert bildirib.
Həsənov bildirib ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda hansı şirkətlərin ofşorlara aid olduğunu aydınlaşdırmaq çox çətindir.
“Məsələ ondadır ki, bizim ölkədə şirkət sahibi barədə məlumatlar kommersiya sirri hesab olunur. Əvvəllər bu qəbildən olan məlumatları əldə etmək olurdu. Ancaq son bir neçə ildə o, kommersiya sirri siyahısına daxil edilib. Ona görə şirkət öz sahiblərinin adını ictimaiyyətə açıqlamaq istəyinə düşməyənə qədər bu məlumatları əldə etmək çox çətin olur.
Qeyd edim ki, hüquqi şəxs barədə informasiya kommersiya sirri sayılmır”, - deyə Əkrəm Həsənov bildirib.
“Bütün sivil ölkələrdə şirkət sahibi barədə informasiya əlçatan olur. Hətta internetdən də belə məlumatı əldə etmək mümkündür. Bizdə, deyək ki, Vergilər Nazirliyinin saytına daxil olduqda, şirkətin nə vaxt yarandığı, nizamnamə kapitalının məbləği, direktorun kimliyi barədə məlumat toplamaq mümkün olsa da, şirkətin sahibi barədə heç bir informasiya verilmir. Bu,, yolverilməz haldır, belə ki, ofşorlaşmaya yol açır.
Hesabların sahibi barədə informasiyanı gizlətmək, əslində, elə ofşor zonalar üçün səciyyəvidir. Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər ofşor şirkətlərdir, ancaq onların dəqiq sayını və arxalarında kimlərin dayandığını bilmirik.
Əlbəttə, onlar Azərbaycan şirkəti olaraq büdcəyə vergi ödəsə də, gəlirlərini ölkə hüdudlarından kənara çıxarır. Beynəlxalq şirkətlər və xarici ekspertlər buna mat qalıb, belə ki, bütün dünya bu problemə qarşı mübarizə apardığı halda, biz, əksinə, şübhəli biznesmenlər üçün bu cür şərait yaradırıq”, – deyə Əkrəm Həsənov bildirib.
Ekspert aktivlərin Azərbaycana geri qaytarılması prosesi barədə danışıb.
“Əvvəla, İlham Əliyevə gələcək prezident seçkilərində uğurlar arzulayıram, ümid edirəm ki, növbəti müddətə prezident seçildikdən sonra bu məsələnin həlli ilə məşğul olacaq. İlham Əliyevin son zamanlar iqtisadiyyatın sağlamlaşdırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı apardığı siyasət kapitalların ölkəyə qaytarılması məsələsinin hökumətin planında olduğunu deməyə əsas verir”, - deyə Həsənov bildirib.
“Yeri gəlmişkən, fikrimcə, prezident seçkilərinin vaxtının dəyişdirilməsi həm də onunla bağlıdır ki, hakimiyyət artıq ölkədən kapital axınına qarşı təxirəsalınmaz tədbirləri ləngitmək niyyətində deyil. Aktivlərin Azərbaycana qaytarılması üçün ofşor şirkətlər müəyyən edilməlidir. Bunun üçün şirkət sahibləri haqqında açıq informasiya təmin edilməlidir. İctimai nəzarət o qədər də az rol oynamır”, - deyə Həsənov bildirib.
“Bundan savayı, hökumət aktivlərin və kapitalların Azərbaycan hüdudlarına qaytarılması barədə Azərbaycan biznesinə çağırış etməlidir. Əlbəttə ki, kapital amnistiyası olmadan bunu etmək mümkün deyil. Bunun üçün müvafiq qanun qəbul olunmalıdır.
Elə bir qanun ki, naməlum mənşəli vasitələrin sahibləri onları könüllü şəkildə bəyannaməyə daxil etdikdə, cinayət məsuliyyətindən azad olsun”, – deyə Əkrəm Həsənov qeyd edir.
“Sahibkarlara vergi orqanlarına ölkə xaricində olan bank hesabları, bəyannaməyə daxil edilməyən gəlirlər və ya şirkətlər barədə məlumat vermək kifayətdir. Gəlirin mənbəyi barədə sual, sözsüz ki, artıq verilməməlidir.
Demək istədiyim odur ki, kapital amnistiyası onların xarici aktivlərini leqallaşdırmağa kömək olacaq. Ancaq buna əməl etməyənlər “şallaqlanacaq”. Kapital amnistiyası bir çox ölkələrdə effektiv şəkildə tətbiq edilib”, – deyə ekspert qeyd edib.
Həsənovun sözlərinə görə, aktivlər və hesablardan savayı, şirkətin xərclərinin də vergi bəyannaməsinə daxil edilməsi çox effektiv olar. Bu, xüsusilə “quru” maaşa baxmayan dövlət məmurları üçün keçərlidir.
“Bundan başqa, müstəqil məhkəmə sistemi olmadan de-ofşorizasiya baş tutan deyil. Azərbaycan məhkəmə sistemində mütləq şəkildə islahatlar aparmaq lazımdır. Burada söhbət inam və etibardan gedir, bu keyfiyyətlər olmasa, heç kim öz pullarını Azərbaycana qaytarmaq istəməyəcək”, - deyə Əkrəm Həsənov diqqətə çatdırıb.
Qeyd edək ki, bir il əvvəl Azərbaycan Nazirlər Kabineti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların siyahısını təsdiq edib.
Nazirlər Kabinetinin qərarına əsasən, bu siyahıya aşağıdakı ölkələr və ərazilər daxil edilib: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu, ABŞ Virgin adaları.
Beləcə, bu ofşor zonalarda qeydiyyatdan keçən şəxslər Azərbaycan qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış hüquqi şəxslərin səhmlərinə sahib ola bilməyəcək.
"Azərbaycan" teqi üzrə xəbərlər
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib