Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Ərzaq problemi qaçılmaz olacaq" - COP29-da iştirak edən israilli rəsmidən ÖZƏL AÇIQLAMA
"COP29, təşkilat məsələləri heyrətamizdir. Futbol stadionundan düzəltdiyiniz nəhəng konfrans məkanı adamı heyrətə salır. Konfransa xeyli insan qatılıb, hamısı xoşbəxtdir, gülümsəyir, əsas məsələ ilə bağlı yeni bir şeyi təmsil edir. Əminəm ki, Yer kürəsinin iqlimi bu konfransı keçirdiyiniz üçün sizə, Azərbaycan xalqına təşəkkür edəcək".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan İsrailin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Gilad Şadmon deyib.
Baş direktor qeyd edib ki, əgər hansısa böyük fəlakət baş verərsə, sərhədlərin, icmanın, mədəniyyətin, dinin hər hansı əhəmiyyəti qalmayacaq, ona görə də bunun qarşısını almaq üçün birləşmək lazımdır:
"Kaş bir məsələ olaydı, amma iqlim problemlərinin o qədər tərəfi, o qədər üzü var ki. Məsələn, qlobal istiləşmə. Yer planetində temperatur hər keçən gün artır. Dəniz səviyyəsi qalxır. Ola bilsin ki, bir neçə ölkə bu fenomendən kənarda qalsın. Ancaq ümumilikdə ərzaq problemi qaçılmaz olacaq. Çünki planetin əhalisinin sayı gündən-günə artır, ərzaq çatışmır.
Beləliklə, dəniz təsərrüfatı, kənd təsərrüfatı ilə əlaqəli hər bir problem, təbiətin çirklənməsi bir ölkədən digər ölkəyə sirayət edir. Bütün bu problemlərin həlli ilə bağlı ən təsirli addımlardan biri təhsildir. Gələcək nəsli düzgün tərbiyə etməliyik ki, bir insan kimi hamımızın birliyini hər şeydən uca hiss edək. Əgər bu baş verərsə, bəlkə, bir gün iqlim problemlərindən canımızı qurtara bilərik".
G.Şadmon, həmçinin, İsrail və Azərbaycan arasındakı əlaqələrə də toxunub:
"Heç kimə sirr deyil ki, İsraillə Azərbaycan təhlükəsizlik sahəsində çox bağlıdırlar. Biz enerji, iqlim və təhsil sahələri daxil olmaqla bir çox məsələlərdə bir-birimizə kömək edirik.
Rəhbəri olduğum Regional Əməkdaşlıq Ofisi Azərbaycanın Təhsil Nazirliyi ilə memorandum imzalamaq niyyətindədir. Söhbət həm İsraildə, həm də Azərbaycanda məktəblərdə tədris etmək istədiyimiz proqramdan gedir. Və biz bu əlaqəni strateji olaraq görürük, çünki gələcək nəsil haqqında düşünərkən bu gün və ya sabahı yox, daha sonrakı müddəti nəzərə alırıq".
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib
- "Haber Global": "Bakıda Türkiyə banklarının iqlim hədəfləri müzakirə edildi"
- "Rio Trio" təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə kollektiv fəaliyyətin simvoludur
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
- COP29-da azərbaycanlı uşaqlar iqlimlə bağlı aksiya keçiriblər