Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində panel sessiyaları keçirilib - YENİLƏNİB + FOTO
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda panel sessiyası keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Türkiyə səhiyyə nazirinin müavini Şuayip Birincinin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, səhiyyə nazirinin müavini İlqar Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, Türk Hava Yollarının Baş direktor müavini Ahmet Olmuştur, “Asfarma” şirkətinin direktoru Ender Kavuk müzakirələrdə iştirak edib, sualları cavablandırıblar.
Bildirilib ki, sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf etməklə önəmli turizm növünə çevrilib. Ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün resurslar böyükdür.
Azərbaycan Respublikası Prezidentinin sağlamlıq turizminə verdiyi önəm sayəsində son illər müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Bu istiqamətdə görülən tədbirlər respublikanın sağlamlıq turizmi sahəsində perspektivlərin nümayiş etdirilməsi, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə hesablanıb.
Tədbirdə ölkəmizdə sağlamlıq turizminin inkişafı, turizm və səhiyyə sektoruna investisiya imkanları, bu sahədə Türkiyə təcrübəsinin tətbiqi barədə müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” mövzusunda panel iclası təşkil edilib.
Panel iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov, “İkra Logistik”in baş direktoru Akın Konyar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Uluslararası Nakliyecilər Dərnəyinin sədr müavini Fatih Şener tədbir çərçivəsində müzakirələrdə iştirak ediblər.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibovun moderatorluğu ilə keçirilən tədbirdə ortaq dəyərlərə malik olan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyimizin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq portfelinin gücləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, yeni əməkdaşlıq imkanlarının araşdırılması və reallaşdırılması ölkələrimizin iqtisadiyyatının dayanıqlı inkişafına və qlobal iqtisadiyyata sıx inteqrasiyaya mühüm töhfələr verə bilər. Panel sessiyada Azərbaycan və Türkiyənin mühüm nəqliyyat qovşaqları üzərində yerləşməsinin, nəqliyyat dəhlizlərinin imkanlarından istifadənin və potensial layihələrin geoiqtisadi əhəmiyyəti vurğulanıb.
Tədbirdə dövlət başçılarımızın qarşıya qoyduqları hədəflərə çatmaq üçün qarşılıqlı ticarətin daha da inkişafı istiqamətində qarşılıqlı tədarükün artırılmasında liman infrastrukturunun potensial imkanları, nəzarət məntəqələrinin modernləşdirilməsi, Orta Dəhlizin imkanlarından səmərəli istifadə, Preferensial Ticarət Sazişi üzrə qarşılıqlı ticarətin vəziyyəti və inkişaf perspektivləri, nəqliyyat sahəsi üzrə Azərbaycana investisiya yatırılması imkanları, nəqliyyat və logistika dəhlizlərinin KOB-ların inkişafında rolu mövzusunda müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” mövzusunda panel sessiya təşkil edilib.
Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərovun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Əbubekr Gizligider, “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan, “Makrolizing“ MMC-nin İdarə Heyətinin sədri Avni Demirci və Dost Agroparkın direktoru Mehmet Zeki Tuğrul çıxış ediblər.
Bildirilib ki, müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Belə ki, dövlət başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də “dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi”dir.
Vurğulanıb ki, strategiyada müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində kənd yerlərində aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri yaradılacaqdır.
Tədbirdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın prioritet istiqamətləri, aqrar məhsulların tədarükünün təhlükəsizliyinin təmini, bu sahədə perspektivli innovasiya layihələri barədə müzakirələr aparılıb, ölkəmizdə kənd təsərrüfatı sahəsində verilən təşviqlər barədə məlumat verilib.
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Yaşıl enerji və smart city” mövzusunda panel iclası təşkil edilib.
“Kolin İnşaat Azərbaycan”ın baş direktoru, Dünya Türk İş Şurasının Azərbaycanda sədri, Barış Altıparmağın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin sədri Nəriman Topçubaşov çıxış ediblər.
Bildirilib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələr strateji tərəfdaşlıq prinsipi ilə daha da güclənir. Tədbirdə ölkələrimiz arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydaları, meqa layihələrin regional təhlükəsizliyə və rifaha töhvə verdiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçid, ətraf mühit üçün zərərsiz istehsal və enerji səmərəliliyinin təminatı üzrə birgə layihələrin həyata keçirilməsi üçün münbit şəraitin yarandığı qeyd edilib.
Panel çərçivəsində ölkəmizin dekarbonizasiyaya yönəlmiş hədəfləri, regional enerji təhlükəsizliyinin həyata keçirilməsi və rentabelli texnologiyalardan istifadənin təşviqi barədə fikirlər səcləndirilib. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin intensivləşdirilməsi istiqamətində həyata keçirilən layihələr, işğaldan azad edilmiş ərazilərimizdə “smart city” konseptinə uyğun mexanizmlərin tətbiqi və innovativ inkişaf trendləri barədə məlumat verilib.
“Yaşıl enerji”yə keçidin əhəmiyyəti, şəhərlərin rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması, Azərbaycanın tikinti sektoru ilə bağlı investisiya imkanları, bərpa olunan enerji sahəsində investisiya imkanları barədə müzakirələr aparılıb, ikitərəfli əməkdaşlıq imkanları və potensial tərəfdaşlığın perspektivləri diqqətdə saxlanılıb.
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusunda panel iclas keçirilib.
İclasda müdafiə sənayesi naziri Vüqar Mustafayev, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, Sumqayıt Texnoilogiyalar Parkının Baş direktoru Hicran Valehov, “Titra” A.Ş.-nin İdarə Heyətinin sədri Məhəmməd Selman Dönməz, “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol, "Azərsilah Müdafiə Sənayesi Holdinqi" ASC-nin nümayəndəsi Orxan Yusibov müzakirələrdə iştirak ediblər.
Tədbir Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini Fuad Məmmədovun moderatorluğu ilə keçirilib.
Tədbirdə ölkəmizin müdafiə sənayesinin daha da inkişaf etdirilməsi yönündə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, tədbir beynəlxalq müstəvidə hərbi-texniki əməkdaşlığın inkişafında, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin arasında işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Qeyd olunub ki, dünya ölkələrinin təhlükəsizlik sistemlərinin üzləşdiyi təhdidlər hər bir dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini, hərbi-texniki sahədə əlaqələrin inkişafını, milli müdafiə sənayesi potensialının artırılmasını zəruri edir. Son illərdə özünün güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atan Azərbaycan artıq rəqabətqabiliyyətli, yüksək dəqiqliyə malik müasir hərbi təyinatlı məhsullar istehsal edir, bu sahədə daxili və xarici sifarişləri yerinə yetirir.
Paneldə müdafiə sənayesində texnologiya və bu sahədə investisiya imkanları, silahlı qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığın azaldılması mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
16:50
Bakıda keçirilən İnvestisiya Forumunda Azərbaycan və Türkiyə arasında investisiya qoyuluşu imkanları müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” mövzusunda paneldə birgə əməkdaşlıq imkanlarına nəzər salınıb.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, İqtisadiyyat İnstitutunun Baş direktoru Nazim İmanov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdir müavini Necip Fazil Kaymak, “Kartaş” MMC-nin direktoru Necmeddin Taşbağ çıxış ediblər. Panel iclas İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin moderatorluğu ilə keçirilib.
Azərbaycan-Türkiyə İnvestisiya Forumunun Bakıda keçirilməsinin iki qardaş ölkə arasındakı birliyi daha da möhkəmləndirdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. İnvestisiya forumu çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaq.
İqtisadi əməkdaşlığımızın bütün sahələrində müsbət dinamika müşahidə olunur. Dövlət başçılarımız ticarət dövriyyəsinin 15 mlrd. ABŞ dollarına çatdırılmasını hədəf olaraq qarşıya qoyub. Birgə layihələrin uğurla icrası, qarşılıqlı sərmayələrin fəal təşviqi və ticarət dövriyyəsinin davamlı artımı bu məqsədə çatmaq üçün əminlik yaradır.
Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin zəngin resursları və əlverişli investisiya mühiti barədə məlumat verilib, qardaş Türk şirkətlərinin bu ərazilərdə aktiv fəaliyyətinin qürurverici olduğu vurğulanıb.
Panel çərçivəsində investisiya mühitimizin təqdim etdiyi səmərəli şərtlər, ölkəmizdə investisiya qoyuluşunun prioritet istiqamətləri, Ələt Azad İqtisadi Zonasında və sənaye zonalarında sahibkarlar üçün yaradılmış imkanlar, xarici investisiyalı müəssisələrin fəaliyyəti, investisiya platformasında dövlət dəstəyi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən investisiya layihələrində iştirak, prioritet sektorlarda biznes layihələrinin maliyyələşdirilməsi barədə müzakirələr aparılıb.
14:39
“Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində ölkələrimizin investisiya mühiti, yaşıl enerji keçidi və “smart city” konsepsiyası, kənd təsərrüfatı və qida sənayesi sahələrində yeni çağırışlar, nəqliyyat və logistika imkanları, texniki əməkdaşlıq və sağlamlıq turizminin potensialı barədə panellər keçirilir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
O, sahibkarlar arasında keçirilmiş B2B görüşlərin və Forumda əldə edilən nəticələrin ölkələrimizin biznes dairələri arasında işbirliyinin şaxələndirilməsinə töhfə verəcəyinə inandığını bildirib.
🇹🇷🇦🇿 As part of the #Azerbaijan – #Türkiye #InvestmentForum, panels are underway addressing various key issues, including the #investment environment, #greenenergy transition, "smart city" concepts, challenges in #agriculture and the food industry, opportunities in transport and… pic.twitter.com/PwRmROHGAa
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 21, 2023
12:57
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdiri Göksel Aşan və Türkiyə Respublikasının ticarət naziri Ömer Bolat forumda çıxış ediblər.
Vurğulanıb ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi də çoxvektorlu əməkdaşlıq potensialımızın, strateji məsələlərdə fəaliyyətimizin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Beynəlxalq və regional müstəvidə ölkələrimizin maraqlarını təmin edən əməkdaşlıq həyata keçirilir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində fəaliyyətlər önəmlidir.
Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirib. Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini birgə layihələrin icrasını stimullaşdırıb.
Enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Forumda nəqliyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta Dəhliz və onun şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan-Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz təxminən 7,2 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33% artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan hədəfə sürətlə çatacağımıza inam yaradır.
Azərbaycanın xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin, ölkəmizdə qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı təşviq edir.
Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev tərəfindən ölkəmizin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.
Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında sənədlərin imzalanması mərasimi baş tutub. AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub. DO-DEM MMC ilə “Multipak Ambalaj” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək.
Forum Azərbaycanda investisiya qoyuluşu imkanları, ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və qida sənayesi, həmçinin yaşıl enerji, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalarla öz işini davam etdirir.
10:18
Bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb.
“Report” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyidir.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edir.
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunacaq.
🇹🇷🇦🇿 Strateji müttəfiqlik və həmrəyliklə ortaq hədəflərə doğru uğurla irəliləyən #Azərbaycan-#Türkiyə birliyi #iqtisadi münasibətlərimizin dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin… pic.twitter.com/DPnXcdwkNe
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 21, 2023
"ANAMA" teqi üzrə xəbərlər
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- Qarabağın bərpası və mina təhlükəsi barədə sənədli film təqdim edildi
- "Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib
- Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusu verilə bilər