Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Stadionsuz qalan klublar nə fikirləşirlər?
"COP29"a görə Olimpiya Stadionunun təmirə bağlanması üzündən meydansız qalan komandalar axtarışlara başlayıblar.
"Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov Oxu.Az-a açıqlamasında stadion məsələsini təlim-məşq toplanışından qayıtdıqdan sonra həll edəcəklərini bildirib.
"Bizdən başqa iki komanda da burada məşq edirdi. İndi "COP29"a görə stadion təmirə bağlanır. Təlim-məşq toplanışına yollanacağıq və gəldikdən sonra bu məsələnin həlli üçün çalışacağıq. Çox böyük ehtimalla məşqlərimizi "Dalğa Arena"da keçəcəyik".
Bu barədə Oxu.Az-a açıqlama verən "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağıyev bildirib ki, komanda hazırda Qəbələdə təlim-məşq toplanışı keçirir, stadion məsələsi ilə bağlı axtarışlar aparılır.
"Hazırda Qəbələ şəhərində təlim-məşq toplanışı keçiririk. Olimpiya Stadionu təmirə bağlandığı üçün yeni stadion axtarmalı olacağıq. Bu məsələni təlim-məşq toplanışlarımız başa çatmamış həll etmək barədə düşünürük".
Xatırladaq ki, Olimpiya Stadionu noyabrda ölkəmizdə keçiriləcək "COP29" tədbiri ilə əlaqədar olaraq təmir üçün bağlanacaq. Sayca 29-cu olan tədbirin hazırlıqlarına indidən start verilib. Konfrans isə əlavə tədbirlərlə dekabra qədər davam edəcək.
Anar Həsənov
Rəylər