Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Qarabağ” nəyin hesabına “Rakuv”u keçə bilər?
“Qarabağ” sabah Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam klubu ilk oyunda 3:2 hesabı ilə məğlub olduğu Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.
Ssenari ötənilkinə bənzəyir. ÇL-in I təsnifat mərhələsində səfərdə Polşa “Lex”inə minimal hesabla (1:0) uduzan “atlılar” Bakıda rəqibi darmadağın edərək (5:1), növbəti raunda adlamışdılar. Bu dəfə belə böyükhesablı qələbə ehtimalı azdır, amma mərhələ keçmək şansı böyükdür.
“Rakuv”la oyunöncəsi “Qarabağ”ın lehinə və əleyhinə olan məqamlar var.
Əvvəla, komanda öz meydanında oynayacaq. Düzdür, Bakı Olimpiya Stadionunun (BOS) 69 min azarkeş qəbul etməyə qadir olduğunu və son rəqəmlərə görə, bunun təxminən 1/3-nin satıldığını nəzərə alsaq, say çox azdır. Arena olimpiya tiplidir və bu qədər azarkeşin orada komanda üçün yüksək səviyyəli ab-hava yaratması çətindir. Lakin istənilən halda, kollektiv doğma divarlar arasında oynayacaq və təbii ki, fanatların rəqibə təzyiqi, “atlılar”a dəstəyi təsirsiz ötüşməyəcək. Üstəlik, “Qarabağ” ötən raundda “Linkoln”a qalib gəlməklə (4:0) BOS-dakı qələbəsizlik ənənəsinə son qoyub.
Ev oyunu olmasından əlavə, hava şəraiti də “Qarabağ”a kömək olacaq. Çenstoxovadakı matçda Bakıdakı qədər isti yox idi. Ümumiyyətlə, polyaklar belə hava şəraitinə öyrəşməyiblər. Onlar buna nisbətən uyğunlaşmaq üçün artıq dünən ölkəmizə gəliblər. Ancaq xüsusən sabahkı oyunun ikinci hissəsində “Rakuv”un bu problemi hiss edəcəyini ehtimal etmək olar.
“Qarabağ”ın əleyhinə olan amillərdən biri heyətlə bağlıdır. Marko Veşoviç sıradan çıxıb. İlk oyunu da kənardan izləyən monteneqrolu müdafiəçinin yoxluğu mütləq hiss ediləcək. Qurban Qurbanov məcburiyyətdən bu dəfə də Toral Bayramovu onun yerində - müdafiənin sağ cinahında oynadacaq. Bu mövqe Bayramova yaddır, amma onun hücum keyfiyyətləri daha yüksəkdir və qol vurmalı olan Azərbaycan çempionu bu məqamı öz lehinə çevirə bilər.
Daha bir problem Şahruddin Məhəmmədəliyevlə bağlıdır. Qolkiper ilk matçda kobud səhv edib və buna görə sərt tənqidlərə məruz qalıb. Onun psixoloji durumu həlledici olacaq. Şahruddin ya ən yaxşı oyunlarından birini keçirəcək, ya da ona yönələn tənqidlərin, ilk matçdakı səhvin mənfi aurasına düşüb bacardığından daha aşağı səviyyədə çıxış edəcək.
Çenstoxovada tərəflər bir-birini daha yaxından tanıdılar və sabahkı matçda hər iki tərəfin daha korrekt taktiki hazırlıqları olacaq. İlk görüşün əvvəlində polyaklar üstünlük qazanmışdılarsa, getdikcə “Qarabağ” öz oyununu diktə etməyi bacarmışdı. Komandada əsas çatışmazlıqlardan biri irəlidə pressinqin effektiv olmaması idi. “Atlılar” “Rakuv”u meydanın rəqibə aid hissəsində qarşılamağa cəhd etsələr də, onlar pressinqdən çıxmaqda çətinlik çəkmirdilər. Bu isə yekunda geridə boşluqların yaranmasına səbəb olurdu. Bakıda bu amilə diqqət etmək mütləqdir. Az, amma effektiv, məqamında pressinq 90 dəqiqə rəqibin üzərinə getməkdən daha faydalıdır.
Minimal üstünlüyü olan “Rakuv” cavab matçında əks-hücum taktikasına üstünlük verəcək. Rəqibin sürətli cinah oyunçuları var. “Qarabağ”, ilk görüşdə olduğu kimi, yenə onlara əl-qol açmaq imkanı verməməlidir. Bunu etmək mümkün olmasa, rəqib kifayət qədər boşluq əldə edəcək.
“Qarabağ” üçün problem yarada biləcək başqa bir məqam mərkəz müdafiəçilərinin meydanın mərkəz xəttinə yaxın yerləşmələridir. Düzdür, onlar bu tapşırığı rahat icra etməyi bacarırlar. Ancaq xüsusən Kevin Medina əvvəlki formasından uzaq görünür. Rəqibin əks-hücum taktikası seçəcəyini nəzərə aldıqda, stopperlər daha diqqətli davranmalı, minimal risklə oynamalıdırlar. Onların konsentrasiyanı bir an belə, itirməmələri mütləqdir.
Ən vacib məqam səbirli, təmkinli davranmaqdır. Hesabda minimal gerilik dünyanın sonu deyil. İlk matç göstərdi ki, Polşa çempionu güclüdür, ancaq püşkdən sonra ehtimal edilən qədər də deyil. Onlar arxa xətdə rahatlıqla səhvə yol verə bilərlər. Fərdi keyfiyyətləri yüksək olan “Qarabağ” futbolçuları rəqib müdafiəçilərə başağrısı olacaqlar. Bu komandanı məğlub etmək, turnirdən kənarlaşdırmaq mümkündür. “Qarabağ” “Rakuv”dan daha təcrübəlidir və bundan istifadə etməlidir. Aramla edilən təzyiq, arxa xətdə etibarlı oyun Polşa çempionunu mübarizədən kənarlaşdırmağın açarı ola bilər.
Sabah daha böyük ehtimal “Qarabağ”ın minimalhesablı geriliyi aradan qaldırması ilə bağlıdır. Qurban Qurbanov hər dəfə oyunun taleyini 90 dəqiqədə həll etməyə çalışdıqlarını desə də, bu dəfə əlavə vaxta da, penaltilərə də xüsusi hazırlaşmaqda, oyunda ediləcək dəyişikliklərdə bu məqamları nəzərə almaqda fayda var.
Faiq Tahirov
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır