Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Millimiz İsveçə niyə məğlub oldu?
Uzun illərdir futbolsevərlərə uğurlu nəticə bəxş etməyən milli komandamız bu dəfə də etimadı doğrulda bilmədi. Yeni baş məşqçi Fernandu Santuşun oyun taktikası neqativ nəticə göstərdi. Düzdür, seçmə komandamıza gələn bütün baş məşqçilər müdafiə xarakterli oyuna üstünlük veriblər. Santuş da bu taktiki gedişatdan istifadə edərək minimum bir xala köklənmişdi. Amma azərbaycanlı futbolsevərlərə qrup mərhələsində xal qazanmaq yox, növbəti tura yüksəlmək lazımdır.
Baş məşqçinin oyunçu seçimlərinə nəzər yetirək.
Oyun praktikası olmayan Bədəvinin yerinə, bəlkə də Şəhriyar Əliyevi oynatmaq mümkün idi. Santuş elə bunun da acısını çəkdi. Qalan heyət ideal idi. Əldə olan heyətlə bundan artığını etmək olmazdı. Ümumiyyətlə, start heyətdə 6 "Qarabağ"lının olması da əbəs deyildi. Santuş bir-birini gözüyumulu anlayan futbolçuları bir yerə yığmışdı.
Bəli, cəmi 1 qol vuruldu. Amma bu, keçən il əhəmiyyətsiz oyuna çıxan İsveç üzərində qazandığımız 3:0 hesablı qələbədən də parlaq oyun idi. Keçən il çərçivəyə nə vurmuşduqsa, gedib qol olmuşdu. Bu gün isə çərçivəyə düz 9 zərbə vurmuşuq. "Sportinq"də son 4 oyununda 7 qol vuran Dökereşli, ötən il Çempionlar Liqasında oynamış İsaklı, "Yuventus" bulağından su içmiş Kuluşevskili İsveç isə qapımıza 8 zərbə vurub. Hələ bizim 2 tir/dirək zərbəsi statistikada nəzərə alınmayıb.
Bir sözlə, bu oyun çox böyük inam verdi. Əminəm ki, Santuşun yaşını gözə soxub, Berdiyevi unudanlar da yuxudan ayılacaqlar. Uzun illər sonra ilk dəfə idi ki, bir baş məşqçinin millinin start heyətini düz qurduğunu, sualların az olduğunu görürdüm. Optimala yaxın seçim idi. Qapıda Rzanı da oynatmaq olardı, amma Mehdi seçimi təcrübəyə etibar etmək demək idi. Penalti xaric, Cənnətovun xüsusi səhvlə yadda qalmaması da, addımın doğruluğuna işarə idi. Toral Bayramovun sol cinah yarımmüdafiəçisi mövqeyində oynadılması da, doğru idi, çünki onun "korennoy" mövqeyi məhz oradır. Siyahını uzatmaq olar, amma əsas məsələ budur ki, "Höccət fokusları" çıxarmadan da heyət qurmaq, futbol oynamaq mümkündür.
Fernandu Santuşun müəyyən səhvləri olsa da, bu dəfə məhz baş məşqçi səhvi axtarmaq doğru olmaz. Ramil bir penalti, saysız da epizod qaçırırsa, Renat topu rəqib qapısı yox, əks istiqamətdə vurursa, dirəkdən, tirdən toplarımız dönürsə, real qollar qaçırsa, bunda Santuşluq heç nə yoxdur. Məgər baş məşqçi meydana daxil olub qol vurmalıdır?
Desək ki, futbolçular can qoymurdular, oynamırdılar, "yola verirdilər", onu da səhv etmiş olarıq. Ramil Şeydayevin dəqiq olmayan zərbəsi, qeyri-dəqiq ötürmələri olsa da, sonadək qaçması və mübarizəyə küsməməsi alqışa layiq idi. Amma qəbul edək ki, futbolçularımızın səviyyəsi sadəcə bu hesaba çatır.
Hə, unutmadan rəqib komandanın qolkiperinə də alqış düşür. Üçüncü dəqiqədə ortaya qoyduğu performans, çıxardığı penaltiyə deyiləcək söz yoxdur, amma bunu bəhanə etmək olmaz. Futbolçularımız topu qapıya düzgün yönləndirdikdən sonra qolkiper heç nə edə bilməz. Azərbaycanda futbolu reysdən çoxdan çıxıb, qaytarmaq isə heç də asan görünmür.
Cəmi 50 nəfərlik seçimi olan millidən 1 ayda nə möcüzə gözləyə bilərik ki? Fernandu Santuşun işi çətin olacaq. Bu qədər az seçimli heyətlə uğur qələbə qazanmağa çalışmaq rahat deyil. Amma istəmək də bacarmağın yarısıdır. Mətbuat konfransında çıxışında "Futbolçularım qələbə qazanmaq üçün həvəslidirlər", - demişdi Santuş bəy. Bunu həqiqətən təsdiqlədi futbolçular. Amma Emin Mahmudovun penaltini yerinə yetirmək üçün şansı Ramil Şeydayevə verməsi və qaçan fürsət qırılma nöqtəsi oldu.
Hər halda, görüş artıq geridə qalıb. Artıq növbəti qarşılaşma barədə düşünmək vaxtıdır. Bu oyundakı səhvlərdən nəticə çıxarmaq və qarşıdakı matçlara pozitiv düşüncə ilə köklənmək lazımdır. Ümid edək ki, Fernandu Santuş heyəti lazımı qədər təhlil edə və boşluqları görə bildi. Növbəti oyunlarda Azərbaycan millisinə uğurlar.
Qeyd edək ki, seçmə komandamız növbəti görüşünü sentyabr ayının yeddisində Slovakiya millisinə qarşı keçirəcək.
Anar Həsənov
"Fernandu Santuş" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Fernandu Santuş: "Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm"
- Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq"
Rəylər