Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cüdoçularımız XVII Avropa Gənclər Olimpiya Festivalında daha dörd medal qazanıblar - FOTO
“Maribor-2023” XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün Azərbaycan komandasının dörd (iki oğlan, iki qız) üzvü tatami üzərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz günü iki qızıl və iki bürünc medalla başa vurublar.
Komandamıza qızıl medalları Vüsalə Hacıyeva (48 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram), bürünc medalları isə Məhəmməd Musayev (60 kiloqram) və Cəsur İbadlı (66 kiloqram) qazandırıblar.
Mübarizəyə səkkizdəbir finalda Rumıniya təmsilçisi Lorena Mandan üzərində qələbə ilə başlayan V.Hacıyeva növbəti görüşdə italiyalı Janka Juttnerə qalib gəlib. Avropa çempionu yarımfinalda fransalı Selia Maillardı da üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə də parlaq çıxışını davam etdirən cüdoçumuz ispaniyalı Aitana Diaz Hernandesi məğlub edərək XVII Avropa Gənclər Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırıb.
Cüdoçumuz Xədicə Qədəşova da uğurla çıxış edərək finala vəsiqə əldə edib. O, ardıcıl olaraq Martina de Kresçenzo (İtaliya), Elise Rustige (Niderland) və Marlene Şinvalda (Avstriya) qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda həlledici görüşdə ispaniyalı Adriana Hevia Saezə qalib gələrək “Maribor-2023”ün qızıl medalına layiq görülüb.
Oğlanların mübarizəsində isə Məhəmməd Musayev 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə də, növbəti mərhələdə rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub olub. Üçüncü yer uğrunda təsəlliverici görüşdə mübarizə aparan idmançımız ardıcıl olaraq Roman Dekan (Slovakiya), Amsar Damladinov (Belçika) və Tornike Cicauriyə (Gürcüstan) qalib gələrək bürünc medala sahib çıxıb.
Komandamızın digər üzvü Cəsur İbadlı da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq rumıniyalı Andrei Buqa, fransalı Kais Quettari və niderlandlı Bazile la Fontaynedən üstün olan cüdoçumuz yarımfinalda gürcüstanlı Mate Qveleşianiyə uduzub. Üçüncü yer uğrunda görüşdə moldovalı Renat Kroitorla qarşılaşan cüdoçumuz rəqibinə qalib gələrək komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.
Qeyd edək ki, ötən gün milli komandamızın üzvləri Nihad Məmişov (50 kiloqram) və Ayxan Mirzəzadə (55 kiloqram) bürünc medal əldə ediblər.
Rəylər