Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Arif Əsədov: "Elvini əsas heyətə salmayacaqdım"
"Millətlər Liqası öncəsi son sınaqdır. Hazırlıqları 2 hissəyə bölərdim. Mayın 30-dan başlayaraq, mövsümü tez bitirən oyunçularla hazırlıq keçdik. İyunun 3-dən isə tam komanda ilə məşq edirik. Bolqarıstanla qarşılaşmada tətbiq etdiyimiz modelin ardını gətirmək istəyirik. Futbolçuların münasibəti müsbət notlara ümid verir".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov sabah Macarıstanın Sombatxey şəhərinin "Haladaş Arena" stadionunda Albaniya ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Qazaxıstan Millətlər Liqasında qrupda bizi arxada qoydu. Bu, sizin Qazaxıstanla oyunda motivasiyanıza necə təsir edəcək?
- Deməzdim ki, bu, bizi motivasiya edir. Onlarda da məşqçi dəyişib, bizdə də. Avropa çempionatında iştirak edəcək Albaniyaya qarşı oyun da çox maraqlı olacaq.
- Baş məşqçi əvəzi olmaq üzərinizdə təzyiq yaratmır?
- Məşq, futbolçuları hazırlamaq baxımından problemim yoxdur. Komandaya yaxından bələdəm. Ancaq baş məşqçi təyinatı baxımından müəyyən suallar var. Ancaq xarizmamdan maksimum yararlanıb hər cür vəziyyətə hazıram.
- Sizcə, bu iki matç sizin milli karyeranıza təsir edə bilər?
- Bilmirəm. Mən bu gün burdayamsa, bütün biliyimi milli komandanın qarşıdakı oyunlarına xərcləyirəm. Başqa heç nə barədə düşünmürəm.
- Məsələn, qələbə qazanılsa pul mükafatı yox, Arif müəllimin baş məşqçi təyin edilməsi...
- Mən millimizin uğurlu olması üçün hər şey edəcəyəm.
- Elvin Bədəlov böyük ehtimalla sabaha çatmayacaq. Onu start heyətində düşünürdünüz?
- Hər bir futbolçuya start heyəti üzvü kimi yanaşırıq. Elvinə də böyük ehtiyacımız var. Ancaq sabahkı görüşdə böyük ehtimal onu start heyətinə buraxmayacaqdım. Hərçənd, sabaha qədər vaxtımız var, bəlkə də viza məsələsi həll oldu.