Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ukraynalılar ermənilərə, Ukrayna isə Ermənistana bənzəməməlidir
Rüstəm Qaraxanlı yazır...
Ötən həftənin sonu Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ-nin Gürcüstanda siyasi sabitliyi pozmaq niyyəti barədə ilginc məlumat yaydı. Rusiya kəşfiyyatında bu qənaətdədirlər ki, Vaşinqton oktyabrda keçiriləcək parlament seçkisində Gürcüstanın hakim partiyası - "Gürcü arzusu"nun qalib gəlməməsinə çalışır. Məxfi kanallarla əldə edilən informasiyaya əsasən, ABŞ seçki ərəfəsində Gürcüstanda antihökumət əhvali-ruhiyyəsinin qalxması istiqamətində siyasi firavanlığı silkələməyə yönəlik addımlar atmaq niyyətindədir. Seçki günü isə ortada çoxsaylı "saxtalaşdırma" faktları peyda olacaq və Tbilisidə hakimiyyətin dəyişilməsinə hesablanmış "rəngli" proseslər baş verəcək.
Postsovet məkanının, xüsusilə də Cənubi Qafqazın Qərblə Rusiya arasında ciddi çəkişmə coğrafiyası olduğu yenilik deyil. Rusiya-Ukrayna müharibəsi isə bu qarşıdurmaya əlavə dinamizm qatıb. Bu baxımdan, Rusiya kəşfiyyatının yaydığı qəfil məlumata "növbətçi" statusu da vermək olardı. Gəl ki, Gürcüstanın hökumət başçısı İrakli Kobaxidzenin təqribən eyni zaman kəsiyinə təsadüf edən bəyanatı da oxşar məzmunludur və bu kimi hallarda adi təsadüf barədə düşünmək sadəlövhlük olar. Kobaxidzenin sözlərinə görə, Ukraynada müharibə başlayan gündən rəsmi Tbilisiyə inanılmaz təzyiqlər edilir ki, Moskvaya qarşı ikinci cəbhəni açsın. Ancaq buna baxmayaraq, Gürcüstan hökuməti sərt pressinqə sinə gərərək bu addımı atmayıb və beləliklə də, həm ölkəni, həm də xalqı böyük bəladan xilas edib. Bu yerdə xatırlamaq yerinə düşər ki, təqribən eyni tematikalı bəyanatla sabiq baş nazir İrakli Qaribaşvili hələ 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlanandan üç gün sonra çıxış etmişdi. Qaribaşvili demişdi ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətləri yoxdur və onlar üçün gürcü xalqının təhlükəsizliyi ən ümdə vəzifədir. O vaxt Qaribaşvilinin bu bəyanatı hətta Ukrayna prezidenti Zelinskinin Tbilisidəki səfiri geri çağırmasına və Gürcüstanla münasibətlərin turbulent mərhələyə qədəm qoymasına yol açdı.
Ukraynadakı müharibə tək Kiyev-Tbilisi münasibətlərindəki gərginliyin deyil, daha qlobal müstəvidə Gürcüstanla Avropanın, yaxud kollektiv Qərblə dialoqun korlanmasında əsas detonator rolunu oynayır. Düzdür, bu münasibətlər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynada xüsusi statusa yiyələnməsindən sonra soyumağa başladı. Ancaq iki ölkə arasında əlaqələrin demək olar ki, yox səviyyəsinə enməsini bir tək Saakaşvili faktoru ilə əlaqələndirmək yanlış olardı. Miqyaslı dəyişikliklər uzun ssenarilərin məhsulu olduğundan istisna etmək olmaz ki, Saakaşvilinin rolunun özü də bu böyük oyunun tərkib hissələrindən biridir. Qlobal müstəvi kontekstindən baxanda ABŞ və Avropa Birliyi üzvlərinin Gürcüstana bütün dəstək proqramlarının fəaliyyətini dayandırmalarının bir şəxsə, yaxud qanuna görə edildiyi az inandırıcıdır.
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri və SOCAR-la "Qazprom" arasında işbirliyinə dair razılığın əldə edilməsindən sonra KİV-də və sosial şəbəkələrin Ukrayna seqmentində baş qaldırmış anti-Azərbaycan kampaniyası iki ildir izlənən Tbilisi-Kiyev gərginliyini bir daha aktual edir. Həm Gürcüstanla münasibətlərin pisləşməsi, həm Azərbaycana qarşı aparılan təbliğat onu göstərir ki, Ukrayna Qərbin əlində "ipə-sapa yatmayan" dövlətlərə qarşı bir növ dəyənək rolunu oynamağa başlayıb. Ola bilsin ki, Kiyevdə bununla razılaşmazlar, yaxud yaşananlar hakimiyyətin iradəsindən asılı olmayaraq baş verir, - hər halda bu məqsədlə istifadə edildikləri faktdır. Ən azı, bəzi KİV-in rəsmi dairələrlə bağlılığı təkzibolunmazdır.
Orta əsrlər mütəfəkkiri, siyasi elmin formalaşmasına ciddi təsir göstərmiş Nikkolo Makiavelli siyasi hədəfə çatmağın yolunu "Məqsəd vasitəyə haqq qazandırır" tezisi ilə təsvir edirdi. Yəni istənilən vasitə məqbuldur. Bu deyimi günümüzdə baş verən proseslərə transformasiya etsək, "Məqsəd Ukraynaya haqq qazandırır" deyə bilərik. Rus dilində belə bir ifadə var: "разменная монета". Təəssüf ki, Ukrayna postovet məkanında buna oxşar funksiyanın daşıyıcısına çevrilir. Bilərək, ya bilməyərək, - məsələnin məğzini dəyişmir. Oturuşmuş və formalaşmış dövlətlər onlara münasibətdə belə davranışa imkan verməməlidirlər.
Gürcüstanın siyasi kuluarlarında dolaşan məlumata görə, Qərb Tbilisiyə Moskvaya qarşı hərəkətə keçmək üçün lazım olan silah-sursat dəstəyinə söz veribmiş. Gürcüstanın razılığı təqdirində hərəkət üçün əlverişli meydan da var: Abxaziya və Cənubi Osetiya. Yetər ki, Rusiyanın diqqəti Ukraynadan bir qədər başqa istiqamətlərə yönəlsin. Təqribən oxşar rolu Cənubi Qafqazın digər təmsilçisi - Ermənistan fərqli meydançada ifa edir. Avropanın müşahidə missiyası, ABŞ ilə müştərək hərbi təlim, yerli Müdafiə Nazirliyinə ermənilərə kömək üçün daimi əsasda amerikalı hərbçilərin ezam edilməsi kimi addımlar ilk növbədə İrana qarşı yönəlib və hesablanıb. Vaxtilə Rusiyanın Qafqazdakı jandarmı missiyasını üzərinə götürən Ermənistan indi eyni ssenari ilə Qərbin regional anti-İran siyasətinin reallaşma alətinə çevrilir. Erməni xalqı tarix boyu bu kimi xidmətləri böyük entuziazmla icra edib. Ukraynalılar ermənilərə, Ukrayna isə Ermənistana bənzəməməlidir.
"Cənubi Qafqaz" teqi üzrə xəbərlər
- Türkiyə XİN-dən Azərbaycan və Ermənistana sülh çağırışı
- Parisin Bakıya "cırtdanlar"la hücumu - "Saman çöpündən yapışan" Makron
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib
Rəylər