Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə "Yenidoğan" məhkəməsi: On körpəni qəsdən öldürən tibb işçilərinə hansı cəza veriləcək?
Uzun müddətdir Türkiyənin gündəmini zəbt edən və ictimaiyyətdə böyük hiddət yaradan "Yenidoğan" qruplaşmasının üzvləri noyabrın 18-də hakim qarşısına çıxacaqlar.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən dəstə sağlam körpələri müqavilə bağladıqları xəstəxanaların reanimasiya şöbələrində qəsdən saxlayaraq Sosial Müdafiə Qurumundan (SGK) pul alıb və yanlış müalicə nəticəsində çox sayda körpənin ölümünə səbəb olub.
Məlum olub ki, dəstənin cinayətkar əməlləri təkcə körpələrlə məhdudlaşmayıb, həmçinin yetkin xəstələr üzərində də eyni hərəkətləri tətbiq ediblər.
Bakırköy Respublika Prokurorluğunun hazırladığı iddianamədə dəstənin 19 səhiyyə müəssisəsində fəaliyyət göstərdiyi və 10 körpənin ölümünə səbəb olduğu bildirilib.
İttiham aktında yer alan 47 müttəhimin əksəriyyətinin səhiyyə işçiləri olduğu qeyd edilib.
Dəstə üzvləri xəstələrin vəziyyətini olduğundan daha pis göstərərək saxta sənədlər hazırlayıblar və bununla da SGK-dən daha çox ödəniş alıblar. Bəzi xəstələrin yaxınlarından "əlavə haqq" adı ilə pul yığılıb.
"Yenidoğan" dəstəsi 112 təcili yardım sistemini sıradan çıxararaq körpə xəstələri öz xəstəxanalarına yönləndirib ki, burada məqsəd körpələrin sağlamlığını təmin etmək deyil, maddi fayda əldə etmək olub. Gigiyena şəraitinin qeyri-kafi olması və infeksiyaya yoluxma riski körpələrin həyatını təhlükəyə atıb və bəzi körpələrin ölümü ilə nəticələnib.
İttiham aktı çərçivəsində şübhəlilər Fırat Sarı və İlker Gönen adlı şəxslərin 10 dəfə "Qəsdən adamöldürmənin ehtiyatsızlıq davranışı ilə həyata keçirilməsi", "Xüsusi fırıldaqçılıq", "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq" və 11 dəfə "Rəsmi sənədləri saxtalaşdırmaq" maddələri üzrə ümumilikdə 177 il 6 aydan 582 il 9 aya qədər həbs cəzasına məhkum edilmələri tələb olunub.
Şübhəli Qıyasettin Mert Özdemir üçün isə "Qəsdən adamöldürmənin ehtiyatsızlıq davranışı ilə həyata keçirilməsi", "Şəxsi məlumatların qanunsuz yolla əldə edilməsi", "Dövlət qurum və təşkilatlarının zərərinə dələduzluq törətmək", "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq" və "Rəsmi sənədləri saxtalaşdırmaq" maddələri üzrə 180 ildən 589 il 9 ayadək ilədək həbs cəzası istənilib.
Rəylər