Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sensasiyalı məhbus mübadiləsi: Bayden detalları AÇIQLADI
ABŞ Prezidenti Co Bayden bildirib ki, ölkəsi Rusiya ilə məhbus mübadiləsi çərçivəsində üç vətəndaşını və bir yaşıl kart sahibini qəbul edib.
Oxu.Az xəbər verir ki, onun bəyanatı Ağ Evin saytında dərc olunub.
Söhbət jurnalist Evan Qerşkoviç, keçmiş dəniz piyadası Pol Uilan, jurnalist Alsu Kurmaşeva və müxalif siyasətçi Vladimir Kara-Murzadan gedir.
Əsir mübadiləsi Ankarada baş tutub. Sövdələşmədə ABŞ, Rusiya, Almaniya, Polşa, Sloveniya və Norveç iştirak edib.
Rusiya, ABŞ və bir neçə digər ölkə arasında genişmiqyaslı məhbus mübadiləsi aparılır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN öz mənbələrinə istinadla xəbər yayıb.
İddiaya görə, mübadilə siyahılarında 26 nəfərin adı var.
"Moskva və Vaşinqton arasında sakit və mürəkkəb şəkildə baş tutan danışıqlar bir neçə ay çəkib", - deyə nəşrdə vurğulanıb.
Öz növbəsində, NTV kanalı (Türkiyə) Ankara hava limanında Rusiya və ABŞ arasında məhbus mübadiləsinin görüntülərini paylaşıb.
Bildirilir ki, azad olunanlardan on nəfəri Rusiyaya, 13-ü Almaniyaya, üçü isə ABŞ-yə gedəcək.
Telekanal qeyd edir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatının köməyi ilə həyata keçirilib.
Türkiyə hakimiyyəti hələ ki mübadilə ilə bağlı məlumatları rəsmi olaraq təsdiqləməyib.
Bu gün Rusiya, Belarus, ABŞ və Almaniya arasında genişmiqyaslı məhbus mübadiləsi həyata keçirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Sloveniya N1" kanalı xəbər yayıb.
Bildirilib ki, Sloveniyanın mübadilə fonduna casusluq işi üzrə məhkum edilmiş iki rusiyalı - Artyom və Anna Dultsevlər daxildir. Onlar özlərini Argentina vətəndaşları Lüdviq Qiş və Maria Roza Mayer Munos kimi təqdim ediblər. 2022-ci ildə onlar Rusiya xüsusi xidmət orqanları üçün casusluqda şübhəli bilinərək həbs edilib və 1 il 7 ay azadlıqdan məhrum edilməyə məhkum olunublar.
Mübadilə çərçivəsində, həmçinin Almaniyada cəza çəkən Vadim Krasikov Rusiyaya qayıda bilər. O, çeçen döyüşçüsü Zalimxan Xanqoşvilinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Bundan əlavə, mübadilə iştirakçılarından biri, "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviçdir. O, Rusiyada casusluq işi üzrə 16 il azadlıqdan məhrum edilməyə məhkum olunub. Həmçinin mübadilə fondunda Belarusda ölüm cəzasına məhkum edilmiş və dünən Lukaşenko tərəfindən əfv edilmiş Almaniya vətəndaşı Riko Kriger və 2020-ci ildə casusluqda ittiham olunaraq 16 il həbs cəzasına məhkum edilmiş amerikalı dəniz piyadası Pol Uilan da var.
"Bloomberg"in məlumatına görə, artıq Pol Uilan və Evan Qerşkoviç iki ölkə arasında məhbus mübadiləsi çərçivəsində Rusiyanı tərk ediblər.
Kreml bu məlumatı təsdiqləməyib. Prezidentin mətbuat katibi Dmitri Peskov bu suala cavab verməyib.
Rəylər