Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyanın "Hatikosu": Çayda batan sahibini dörd gün sahildə gözlədi
Başqırdıstanda (Rusiya) batan sahibini dörd gün boyunca sahildə gözləyən itin hekayəsi hər kəsi riqqətə gətirib.
Oxu.Az-ın news.ru-ya istinadən verdiyi məlumata görə, hadisə noyabrın 24-də Qaraidel kəndində baş verib. Yerli sakin evə daha qısa yolla getmək üçün velosipedlə Ufa çayının nazik buzunun üzərindən keçməyə çalışıb. Təəssüf ki, buz tab gətirməyib və kişi suya düşərək boğulub. Yanında olan iti Belka isə sədaqətlə sahibini gözləməyə başlayıb və dörd gün boyunca faciə yerindən ayrılmayıb.
Kənd sakinləri itin sədaqətindən təsirlənərək, onu götürməyə çalışsalar da, Belka qaçaraq, yenidən çaya qayıdıb.
"Belka çox mehriban bir itdir. İndi isə onun nə qədər sadiq olduğunu gördük. Bu hekayə ürəyimizi parçalayır", - deyə kənd sakinlərindən biri bildirib.
Dörd gün davam edən xilasetmə əməliyyatından sonra kişinin cəsədi yeddi metr dərinlikdə tapılıb və Belkanın gözləri qarşısında səthə çıxarılıb.
Belkanın sədaqəti bir çox insanlara Yaponiyanın əfsanəvi "Hatiko" itini xatırladıb. Hatiko 9 il boyunca vağzalda vəfat etmiş sahibini gözləyərək, tarixə keçmişdi.
Rəylər