Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Livanda peycer partlayışları necə törədilib?
Qan Turalı yazır...
Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin partladılması qorxulu film ssenarilərini xatırladır. Eyni anda, yerli vaxtla 15:30-da bütün peycerlərin partladılması bir çox suallar yaradır. Növbəti gündə isə ratsiyalar kütləvi şəkildə partladıldı.
Gözlər İsrailə çevrilsə də İsrail hadisənin məsuliyyətini öz üzərinə götürməkdən imtina edir. Ölkənin Nazirlər kabinetinin heç bir üzvü bu barədə açıqlama vermədi. Cəmi iki şəxs bu sükuta əməl etmədi. Netanyahunun keçmiş mətbuat katibi və "Likud" partiyasının bir deputatı. Deputat sosial şəbəkədə "Təşəkkürlər" sözündən ibarət bir qeyd paylaşmışdı.
Yaralananların arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. Ümumilikdə, yaralananların sayı minlərlə ölçülür. 20 nəfərin həlak olduğu bildirilir.
Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, peycerlər partladıla bilirsə, deməli İsrailin həmin peycerlərə çıxışı var. Bu da İsrailin indiyə qədər həmin peycerlərə çıxış imkanı ilə mühüm kəşfiyyat məlumatlarını əldə etdiyini göstərir. Digər tərəfdən isə, partlayışların Hizbullah cəbhəsində xaos yaratdığını düşünmək mümkündür. Belə bir vəziyyətdə, partlayışın yaratdığı psixoloji vəziyyət onun vurduğu fiziki ziyandan dəfələrlə böyükdür. Bir sözlə, İsrailin qazandığı kəşfiyyat məlumatları və psixoloji qələbə Hizbullahın maddi itkilərindən dəfələrlə artıqdır.
Partlayış xəbəri gələn kimi dünya mediasını və ictimaiyyətini bir sual narahat edir: Bu akt necə törədilib? Son dərəcə bəsit olan elektron cihazlar eyni anda necə partladıla bilərdi? "Reuters" müxbiri partlayan cihazın üstündəki yazıdan peycerlərin "Gold Apollo" (Tayvan) şirkətinin istehsalı olduğunu öyrənir. Şirkətin rəhbəri isə dərhal jurnalistlərə brifinq verərək peycerlərin onların şirkətinin məhsulu olduğunu, ancaq həmin peycerlərin "Gold Apollo" tərəfindən deyil, Macarıstanın BAC adlı şirkəti tərəfindən istehsal edildiyini bildirir.
Həmin şirkətin veb-səhifəsi isə bağlıdır. Səhifənin nə zaman bağlandığı isə hələlik məlum deyil. Rəsmi mənbələrin qeydiyyatına görə şirkət ləl-cəvahirat satışından tutmuş, fərdi kapitalların idarə edilməsinə qədər bir çox işlə məşğul olur. Lakin şirkətin məşğulluq sahələri arasında peycer istehsalı yoxdur. Şirkətin rəhbərliyi də peycerləri özlərinin istehsal etmədiyini, sadəcə satışı ilə məşğul olduğunu bildirir. Gözlər yenidən Tayvana çevrildi. Bu müəmmanı isə "Nyu York Times" qəzeti üzə çıxartdı. Sözügedən macar şirkətini isə İsrailin kəşfiyyat agentliyi olan "Mossad"ın qurduğu iddia edilir. Bu şirkət vasitəsi ilə "Mossad" öz gizli əməliyyatlarını icra edirmiş.
Bununla belə bir çox sual hələ də öz cavabını axtarır. Mütəxəssislərin rəyinə görə peycerlərə 30-50 qram partlayıcı maddə və bu partlayıcı maddəni partladacaq xüsusi qurğu yerləşdirilib. Bəs bu əməliyyat harada aparılıb? Livanda gömrük nəzarətindən peycerlər necə keçirilib? Yoxsa, bu partlayan peycerlər elə Livandamı hazırlanıb? Əməliyyatı Hizbullahın içindəki agentura şəbəkəsi həyata keçirdib? Bir sözlə, suallar çoxdur. Bu sualların yaxın gələcəkdə öz cavabını tapacağı gözlənilir.
Hələlik isə bizə bəlli olan tarixin görmədiyi qədər görkəmli bir aktın həyata keçirilməsidir.
Rəylər