Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İkinci dəfə ABŞ-nin prezidenti seçilməyə yaxın olan Tramp barədə maraqlı faktlar
Artıq Donald Trampın Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçiləcəyi heç bir şübhə doğurmur.
Belə ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkidə qələbə qazandığını göstərir.
Oxu.Az Donald Trampın prezidentlik kürsüsünədək keçdiyi yola qısa nəzər salıb.
D.Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. Ata tərəfində Trampın alman, anası tərəfində şotland kökləri var. O, ilk təhsilini özəl məktəbdə, daha sonra Nyu-York Hərbi Akademiyasında (1959-64) alıb. 1968-ci ildə marketinqlə bağlı təhsilə yiyələnib.
Məzun olduqdan dərhal sonra atasının şirkətində işləməyə başlayıb və Nyu-Yorkun bir neçə bölgəsində daşınmaz əmlakın modernləşdirilməsi və kirayəsi layihələrini təkmilləşdirib.
D.Trampın rəhbərliyi altında biznes genişlənməyə başlayıb. Şirkətin yeni rəhbəri olan D.Tramp hotellər, kurortlar, kazinolar, qolf meydançaları yaratmaq layihələri ilə məşğul olub.
İşinin davamında D.Trampın şirkəti xaricdə, xüsusilə Seul, Toronto və Dubayda tikinti işləri ilə məşğul olmağa başlayıb.
1980-ci illərdə D.Tramp qeydiyyatdan keçmiş "Trump" ticarət markasını patentləşdirib və soyadından şirkət və brendlərin adlandırılmasında istifadə edib.
1990-cı illərin sonunda D.Tramp ölkənin siyasi həyatında fəal iştirak etməyə başlayıb. O, Respublikaçılar Partiyasından ayrılaraq 2000-ci il prezident seçkisində özünü İslahat Partiyasının namizədi kimi irəli sürüb. Bir neçə praymerizdə qalib gəldikdən sonra D.Tramp prezidentlik yarışından çəkilib.
İkinci dəfə D.Tramp 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb, lakin kampaniyanın əvvəlində namizədliyini geri çəkib.
Növbəti - üçüncü dəfə D.Tramp 2016-cı ildə prezident seçkisinə qatılıb və noyabrın 8-də seçkidə qalib gəlib. D.Trampın həmin seçkidə rəqibi Demokratlar Partiyasından Hillari Klinton olub.
D.Tramp 2020-ci il ABŞ prezident seçkisində ikinci dönəm üçün təkrar namizədliyini verib və nəticədə rəqibi Co Baydenə məğlub olub.
2022-ci ilin noyabrında D.Tramp 2024-cü ildə prezident seçkisində namizəd olmaq niyyətini açıqlayıb. 2024-cü ildə baş tutan seçkidə 78 yaşlı D.Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harris üzərində qələbə qazanıb.
Məlumat üçün əlavə edək ki, D.Tramp üç dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən onun ümumilikdə beş olmaqla üç oğlan, iki qız övladı var.
Rəylər