Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Güneyli millət vəkillərindən İran Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə ETİRAZ
İran parlamentinin Təbrizdən seçilmiş millət vəkilləri İran Mülki Aviasiya Təşkilatının "sərnişinlərin fars və ingilis dilindən başqa bir dildə qarşılanması qadağandır" açıqlamasını pisləyiblər.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, "Sedaye Təbriz" "Instagram" hesabında deputatların bununla bağlı bəyanatları dərc edilib.
"Bəziləri məsələni şişirdirlər, onlar Papadan daha çox katolik rolu oynayırlar. Aviaşirkət uçuşa hazırlaşan güneyli sərnişinləri türkcə salamlayanda cinayət törətmiş olmur. Mülki Aviasiya Təşkilatının bu qərarından hamımız təəssüflənirik və məsələni nəzarətdə saxlayacağıq", - deyə Ruhullah Mütəfəkkir Azad bununla bağlı deyib.
Daha bir millət vəkili Əlirza Navin də Mülki Aviasiya Təşkilatı tərəfindən türk dilinin qadağan edilməsinə qarşı öz etirazını bildirib.
"Mülki Aviasiya Təşkilatının belə bir qərarı varsa, açıq deyirəm, bu yersizdir. İcazə verin, məsələni araşdırım. Əgər belə bir hal varsa, biz parlamentdə məsələ qaldıracağıq", - deyə o bildirib.
Əli Cəfəri Azər isə öz növbəsində deyib: "Əgər belə bir açıqlama verilibsə, yanlışdır. Bizim rəsmi dilimiz farsdır. Din dilimiz ərəb dilidir, ancaq biz etnik qrupların ana dillərinin tədrisinə icazə verməliyik. İnsanlarımız bu dildə yazıb, oxumağı bacarmalıdırlar. İranın ali rəhbəri belə etnik türk ailələrlə görüşündə bildirib ki, uşaqlarınıza türk dilində danışmalarını vurğulayın".
Rəylər