Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransanın yeni hökuməti, yoxsa ikinci erməni dövləti?
Rüstəm Qaraxanlı yazır...
Fransanın yeni hökumətində birdən-birə üç erməniəsilli nazir təmsil olunacaq. Makron administrasiyasının elan etdiyi yeni kabinetdə Astrid Panosyan-Buve əmək və məşğulluq, Giyom Qasparyan dövlət xidməti və transformasiya, Antuan Arman isə iqtisadiyyat, maliyyə və sənaye naziri vəzifələrini tutacaqlar. Yeni baş nazir Mişel Barnye və daxili işlər naziri Bruno Retayonun aşkar ermənipərəst olduqları sirr deyil. Onlar 2021-ci ildə qanunsuz olaraq Azərbaycan ərazisinə keçib, Xankəndidəki separatçıları ziyarət ediblər. Hər ikisi Azərbaycanda arzuolunmaz şəxs elan olunublar. Qara siyahımızdadırlar.
Kabinetin yeni tərkibindəki portfel sahiblərinin kimliyi Yelisey sarayı üzərində erməni amilinin nüfuzu ilə yanaşı, həm də Makronun üz-üzə qaldığı xarici və daxili siyasi problemlərin məngənəsindəki əlacsızlığının göstəricisidir. Əmək və məşğulluq, iqtisadiyyat, maliyyə və sənaye nazirləri kimi strateji postların ermənilərə həvalə edilməsini sıravi vətəndaşın gündəlik güzəranının bütünlüklə erməni diasporundan asılı duruma düşməsi kimi qiymətləndirmək də olar. Dövlət xidməti və transformasiya naziri postuna yeni təyinatın isə faktiki olaraq dövlət aparatının onsuz da ermənilərin əlində olmasının rəsmi etirafıdır.
Baş nazir Mişel Barnye artıq bəyan edib ki, Fransanın 3 trilyon avro miqdarında borcu var. Bu borc şübhəsiz ki, dövlətin bütün fəaliyyət istiqamətlərinə özünün kompleks mənfi təsirini göstərməkdədir - sosial sferadan tutmuş xarici siyasətədək. Belə çıxır ki, Makron karyerasının ən çətin və taleyüklü anında qarşılaşdığı problemlərin çözümü cəhdini ermənilərə həvalə edir. Necə deyərlər, ən çətin döyüşə etibar edilənləri və sınanmışları göndərirlər. Təbii ki, nələrinsə müqabilində.
Daha bir önəmli məqam ondan ibarətdir ki, Sebastyan Lekorno əvvəlki hökumətdə olduğu kimi, müdafiə naziri vəzifəsinin icrasına davam edəcək. Ermənistanla intensiv hərbi təmaslar məhz Lekornonun dövründə izlənilib, militarist məzmunlu müqavilələr imzalanıb. Lekorno İrəvana səfər edib, Fransa istehsalı olan silahın ermənilərə ötürülməsi prosesinin əsas fiqurantlarından biridir.
Fransanın kritik dövlət postlarının artıq ermənipərəstlər deyil, birbaşa ermənilərə həvalə edilməsi bu ölkənin xarici siyasətində anti-Azərbaycan və anti-Türkiyə çalarlarının daha da tündləşəcəyindən xəbər verir. Özü də burada söhbət tək Parisin birbaşa olaraq Bakı və Ankara ilə onsuz da gərgin münasibətlərindən getmir. Fransa Azərbaycanın maraq dairəsində olan Ukrayna cəbhəsində və Cənubi Qafqazdakı proseslərdə fəallıq göstərməyə davam edir. Məsələn, qonşu Gürcüstanda Rusiya ilə riskli qarşıdurma hesabına Qərblə münasibətləri möhkəmlətməkdən boyun qaçıran hökumətə qarşı daxili təzyiqlərin artmasında rəsmi Parisin rolu kiçik deyil. Bu gün ümumiyyətlə, regionumuza Qərbin təsirindən danışdıqda iki dövləti - ABŞ və Avropa İttifaqında dominantlıq edən Fransanı xüsusi vurğulamalıyıq. ABŞ Gürcüstana sanksiyalar tətbiq edir, Aİ isə Tbilisi ilə olan bütün layihələrini dondurur.
Gürcüstan prezidentinin Fransa vətəndaşı olduğu və bir vaxtlar bu ölkənin XİN-də çalışdığını unutmamalıyıq. Salome Zurabişvilinin prezident seçilməsi həmin dövr üçün rəsmi Parisin ciddi geosiyasi uğurlarından biri olaraq qiymətləndirilirdi. Maraqlıdır ki, Zurabişvili prezident seçkisində indi Qərb tərəfindən sıxışdırılan hakim "Gürcü arzusu" partiyasının namizədi olub. O, seçkilərdə ən böyük müqaviməti eks-prezident qərbpərəst Mixail Saakşavilinin namizədi Qriqol Vaşadze tərəfindən görüb. Gərgin seçki prosesinin qalibi olan Zurabişvili indi hakimiyyət partiyasından üz döndərib müxalifəti dəstəkləməkdədir. Bu "U" dönüşünün məhz Qərbin, daha dəqiqi isə Parisin gözləntilərinə cavab verməsi istisna edilməməlidir.
Beləliklə, Ermənistanın onsuz da Fransanın protejesi olduğunu nəzərə alsaq, yaxın bir ay ərzində kollektiv Qərbi təmsil edən Parisin Gürcüstan uğrunda kəskin mübarizədə iştirakının şahidi olacağıq. Gələn ay qonşu dövlətdə parlament seçkisidir. Bu qarşıdurma tək bir ölkə ilə məhdudlaşan deyil, həm də Fransanın bölgəmizdəki logistik marşrutlara nəzarətini hədəfləyən həmləsi olacaq. Parisin Tehranla situativ ittifaqda Zəngəzur dəhlizi ilə bağlı istənilən təşəbbüsü bloklama praktikasını və Aİ üzərindən Ermənistanın nəqliyyat infrastrukturuna (Hindistan-İran-Ermənistan-Qara dəniz-Avropa marşrutu) böyük miqdarda vəsaitin yönəldilməsinin təşəbbüskarı olduğunu unutmamaq şərti ilə.