Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Eyfelin nəvələrindən Olimpiya halqalarına ETİRAZ
Eyfel qülləsini yaradan mühəndis Qustav Eyfelin nəvələri, Paris meri Ann Hidalqonun qüllənin fasadında 2024-cü il Olimpiya Oyunları üçün quraşdırılan olimpiya halqalarının qalıcı olaraq saxlanılması qərarına qarşı çıxıblar.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV kanalının efirində Eyfelin nəvələrinin cəmiyyətinin sədri Savin Yeatman-Eyfel məlumat verib.
Ann Hidalqo avqustun 31-də "Ouest-France" qəzetinə verdiyi müsahibədə olimpiya halqalarının Eyfel qülləsində qalacağını və bunun üçün Beynəlxalq Olimpiya Komitəsindən (BOK) icazə aldığını bildirib.
"Paris və Fransanın simvoluna çevrilmiş Eyfel qülləsi yalnız Olimpiya Oyunları kimi bir hadisə ilə əlaqələndirilməməlidir, onun daha geniş bir mənası var" , - deyə Yeatman-Eyfel vurğulayıb.
Yeatman-Eyfelin sözlərinə görə, qüllənin fasadı mühüm hadisələri qeyd etmək üçün istifadə olunur və qüllənin yalnız bir hadisə ilə əlaqələndirilməsindən narahatdır.
BFMTV-nin məlumatına görə, Eyfelin digər nəvələri də qüllədəki halqaların qalıcı olaraq saxlanılması ideyasına qarşı çıxırlar.
Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının başlamasına 50 gün qalmış, iyunun 7-də Parisdə Eyfel qülləsində beş olimpiya halqası quraşdırılıb. Təkrar emal olunmuş poladdan hazırlanmış, 30 ton ağırlığında olan bu konstruksiya qüllənin cənub tərəfində yerləşdirilib və üzü Sena çayına baxır. Hər halqanın diametri 9 metrdir.
Rəylər