Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Enerji böhranı yaşayan Kubanı qasırğa bürüdü
Kubanın Quantanamo əyalətinin üç bələdiyyəsi "Oskar" qasırğası nəticəsində ciddi ziyan çəkib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel sosial şəbəkədə məlumat verib.
"Oskar" qasırğasından sonra vəziyyəti qiymətləndirdik. Barakoa, Maisi və İmias bələdiyyələri ciddi ziyan görüb və görünməmiş daşqınlarla üzləşib", - o, "X"də (keçmiş "Twitter") yazıb.
Kuba lideri bildirib ki, bələdiyyələrin bərpası üçün hər cür köməklik göstəriləcək.
Qeyd edək ki, oktyabrın 18-də Matanzasdakı Antonio Qutyerrez istilik elektrik stansiyasında nasazlıq səbəbindən Kubada milyonlarla sakin elektriksiz qalıb. Ölkə üzrə elektrik verilişinin tam bərpası hələ də baş tutmayıb.
Enerji böhranı və qasırğa ilə əlaqədar Kuba hökuməti təcili tədbirlər istisna olmaqla, oktyabrın 21-dən oktyabrın 23-dək bütün toplantıların ləğv edilməsini əmr edib. Dias-Kanel Kazanda (Rusiya) keçiriləcək BRİKS sammitinə səfərini də ləğv etmək məcburiyyətində qalıb.
Rəylər