Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib
ABŞ-nin məxfi xidmətinin əməkdaşı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın yanında olan silahlı şəxsə atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, məxfi xidmətin əməkdaşı "Palm Beach" (Florida ştatı) qolf klubunda şübhəli kişini görüb və silaha bənzəyən əşyanı gördükdən sonra atəş açıb. Bundan sonra şübhəli şəxs yerli polis tərəfindən saxlanılıb.
ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu Florida ştatında, qolf klubunun yanında atəş açan silahlı şəxs sabiq dövlət başçısına hücum etməyi planlaşdırıb. Bu barədə isə CNN mənbələrə istinadən bildirib.
"Rəsmilər silahlı şəxsin Trampa hücum etmək niyyətində olduğunu güman edirlər", - telekanal əlavə edib.
"ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır".
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.
Trampın seçki kampaniyasının nümayəndəsi Stiven Çunq bildirib ki, ona yaxın ərazidən atəş açılıb və hazırda Trampın heç bir həyati təhlükəsi yoxdur.
Qeyd olunub ki, atəş açılan zaman keçmiş prezident Uest Palm Biçdəki ona məxsus beynəlxalq qolf klubunda qolf oynayıb. Klub dərhal bağlanıb.
Baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.
Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Rəylər