Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ankarada dəhşətli avtobus qəzası: Ölənlərin sayı artdı
Ankaranın Polatlı rayonunda baş verən dəhşətli avtobus qəzası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Oxu.Az-ın Türkiyənin NTV telekanalına istinadla verdiyi məlumata görə, bu barədə Ankara valisi Vasip Şahin xəbər verib.
O, qəzanın səbəbləri barədə ilk versiyanın sürücünün yorğunluğu olduğunu bildirib. "İlkin məlumatlara görə, sürücünün yuxuya getdiyi ehtimal olunur. Təəssüf ki, sürücü də qəzada dünyasını dəyişib", - deyə o, vurğulayıb.
Ədliyyə naziri Yılmaz Tunç isə qəza ilə əlaqədar Ankara Qərb Prokurorluğu tərəfindən cinayət işinin açıldığını və üç prokurorun işə cəlb edildiyini açıqlayıb.
Bu gün səhər saatlarında Türkiyədə baş verən dəhşətli avtobus qəzası ölkədə rezonans doğurub.
Oxu.Az-ın "Hürriyet"ə istinadla verdiyi məlumata görə, faciə Ankaranın Polatlı rayonunda qeydə alınıb.
Bildirilir ki, Eskişehir istiqamətinə gedən sərnişin avtobusu körpünün dayağına çırpılıb.
İlkin məlumatlara görə, qəzada doqquz nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə çox sayda xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər