Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ Sarqsyanı necə pərt etdi?
Qan Turalı yazır...
"Vikiliks" sızıntısında ortaya çıxan bir sənəd bir çox hallar üzrə ibrətamizdir və ABŞ-nin apardığı xarici siyasətin prinsipsizliyini ortaya qoyur. Sənəd 2010-сu ildə ortaya çıxsa da hadisələr 2003-ü ildən başlayır.
Belə ki, Ermənistan öz hərbi ehtiyaclarını əsas gətirərək Bolqarıstandan 1000 tank əleyhinə raket və 260 pulemyot satın alır. Müqaviləyə səhmlərinin bir hissəsi Ermənistana məxsus olan "Zao Veber" şirkəti imza atır. Ermənistan tərəfi Bolqarıstanın "Arsenal" şirkətinin istehsal etdiyi silahların başqa bir ölkəyə verilməyəcəyi ilə bağlı öhdəlik də götürür.
Həmin dövrdə Ermənistanın müdafiə naziri Serj Sarqsyan idi. 2000-ci ildən etibarən 7 il bu postda oturan Sarqsyan qeyd edilən satınalmaları da həyata keçirmişdi.
2007-ci ildə İraqda ABŞ əsgərlərinə qarşı İran dəstəkli silahlı qruplar tərəfindən hücum qeydə alındı. Həmin hücumda bir ABŞ əsgəri həlak oldu, altı əgər isə yaralandı. ABŞ hərbçilərinin apardığı təhqiqat nəticəsində hücumda istifadə edilən silahların seriya nömrələri aşkarlandı. Həmin silahların seriya nömrələri ilə Bolqarıstanın Ermənistana satdığı silahların seriya nömrələri eyni idi.
Həqiqət ortaya çıxmışdı. Ermənistan sazişi pozmuş, öz ordusu üçün aldığı iddia etdiyi silahları İrana vermişdi. İran da həmin silahları İraqdakı əlaltılarına ötürmüşdü. Və Bolqarıstan silahları ilə ABŞ əsgəri öldürülmüşdü.
Ancaq ABŞ bu hadisəni açıb-ağartmadı. Diplomatik kanallar hərəkətə düşdü. Kandaliza Rays artıq Ermənistan prezidenti olan Sarqsyandan hesabat istəmiş, Sarqsyan isə nala-mıxa vurmuşdu. Sarqsyanın günahı başqasının üstünə atmaq variantı da yox idi. O məsuliyyətdən boyun qaçırda bilməzdi. Çünki silahların Bolqarıstandan alınması və İrana verilməsi onun müdafiə naziri olduğu dövrə təsadüf edirdi.
ABŞ rəsmiləri əldə etdiyi sübutları Ermənistan tərəfinə təqdim etdilər. Artıq xilas yolu yox idi. Ermənistan tərəfi etirafa məcbur qalmışdı. "Vikiliks" sənədlərinə görə ABŞ Dövlət Departamentinin müavin Neqropontenin imzası ilə Ermənistan prezidenti Sarqsyana məktub göndərildi. Əslində bu məktubu ABŞ prezidenti göndərməli idi. ABŞ-li diplomatlar əlbəttə ki, vəzifə rəsmi dövlət protokollarını gözəl bilirdilər. Məqsədləri ilə Sarqsyana və Ermənistana həqarət etmək, onu kiçiltmək idi.
Məktuba isə ultimatum havası hakim idi. Belə ki, Sarqsyandan tələb olunurdu ki, bir daha İrana silah verilməyəcəyi ilə bağlı yazılı şəkildə söz verilsin. Bundan əlavə olaraq Ermənistandan silah ixracı ilə bağlı tədbirlər görülməsi tələb olunurdu. Son istək isə ümumiyyətlə ağır və təhqiramiz idi. ABŞ mütəxəssislərinə əvvəlcədən xəbər vermədən Ermənistanın silah cəbbəxanalarını yoxlamaq hüququ verilməsi tələb olunurdu. Əks halda Ermənistana bütün yardımlar kəsiləcək, eləcə də ixracat embarqolara tətbiq olunacaqdı.
Sarqsyanın məktuba hansı cavab verdiyi məlum deyil. Ancaq sözügedən embarqoların tətbiq edilməməsi Ermənistan tərəfinin ABŞ-nin istəklərinə boyun əydiyini göstərir.
2019-cu ildə isə Ermənistan Bolqarıstanın eyni şirkətindən tank əleyhinə raketləri yenidən idxal etdi. Həmin silahların taleyi barəsində məlumat yoxdur.
Hazırda isə Ermənistan ABŞ ilə birlikdə İranda hərbi təlimlər həyata keçirir. Zəngəzura silah və hərbçilər göndərir. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 250 milyon dollarlıq yardım göstərir. Ermənistan isə hələ də Rusiyanın orbitindədir. Azərbaycan rus sülhməramlılarının ölkədən çıxarılmasına müvəffəq olduğu halda Ermənistan buna cəhd göstərmir, həm Rusiya həm də ABŞ ilə təhlükəli rəqsə can atır. ABŞ-nin Yaxın Şərqdə son iyirimi ildəki müvəffəqiyyətsizlik gündəliyinə nəzər saldıqda Ermənistanla münasibətlərin də həmin minvalda davam edəcəyini düşünmək üçün münəccimliyə ehtiyac yoxdur. USAID-in 250 milyon dollarlıq yardım paketi ilə bağlı yaydığı məlumatda diqqəti cəlb edən bir ifadə var: "Agentlik Ermənistanın geosiyasi oriyentasiyasının dəyişməsi də daxil olmaqla ehtiyaclara uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcəkdir".
ABŞ hələ də Ermənistanın geosiyasi oriyentasiyanın dəyişiləcəyinə ümid edir. Bütün bunlar ABŞ-nin regionu hələ də düzgün qiymətləndirə bilmədiyini göstərir. Bu, Əfqanıstanı Talibana təhvil verib geri qayıtmaq vizyonunun davamıdır.
Rəylər