Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zəlzələ məlumatları necə emal olunur? - Monitorinq Mərkəzindən REPORTAJ + FOTO
Yer kürəsində zəlzələnin harada və nə vaxt baş verəcəyi ilə bağlı əvvəlcədən məlumat vermək mümkün deyil. Ona görə də bu təbiət hadisəsi zamanı ciddi dağıntı və itkilər meydana çıxır.
Bununla belə, zəlzələnin başvermə səbəbləri, hadisədən sonra məlumatların insanlara çatdırılma prosesi olduqca əhəmiyyətlidir.
“Report” İnformasiya Agentliyinin əməkdaşı bu prosesin necə tənzimləndiyini öyrənmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.
Mərkəz 2003-cü ildən VSAT (çox kiçik bir diafraqma terminalı) əsaslı real vaxt rejimində rəqəmsal seysmik şəbəkəyə keçib. Burada 25-ə yaxın əməkdaş 24 saatlıq iş rejimində çalışır. Monitorinq Mərkəzinin bir bürosu var: Zəlzələlərin Tədqiqatı Bürosu.
Büronun rəisi Səidə İsmayılova bildirir ki, 25 noyabr 2000-ci il tarixində Xəzər dənizində (Bakı istiqamətində) baş vermiş 6,8 maqnitudalı güclü zəlzələdən sonra Mərkəzdə Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus “Kinemetrics” şirkətinin istehsalı olan, peyk rabitə sistemli 14 dəst rəqəmsal telemetrik seysmik stansiya alınıb və 2003-cü ildən bu müşahidə şəbəkəsi fəaliyyətə başlayıb.
Zəlzələnin gücü, sonradan başvermə ehtimalı xüsusi proqramla ölçülür
ABŞ-dən alınan telemetrik seysmik stansiyalar vasitəsilə bölgələrdə seysmik monitorinq aparılır. “Data Center” real vaxt prosesləri və məlumatların analiz edilməsi üçün “8 Mac Pro” üzərində qurulmuş “Antelope Real Time System 5.6” versiyasından istifadə olunur. “Apple” şirkətinin kompüterləri “Mac OS X 10” əməliyyat sistemində işləyir. Ümumilikdə isə emal prosesində 72 proqramdan istifadə edilir. Belə ki, proqramla dünyada baş verən zəlzələlər emal olunur.
Qurum rəsmisi S.İsmayılova qeyd edir ki, hazırda Azərbaycanda 84 seysmik stansiya fəaliyyət göstərir:
“Zəlzələ baş verən anda məlumatlar stansiyadan peyk vasitəsi ilə “Delta Telecom”a, oradan da Zəlzələlərin Tədqiqatı Bürosuna ötürülür. Fasiləsiz olaraq sutka ərzində yerli, yaxın, uzaq zəlzələlər, partlayışlar, sürüşmələr analiz edilir. Hər bir işçi üçün “Antelope” proqramı açılır. Real zamanda məlumatlar bu proqramda emal edilir. Zəlzələ baş verən kimi real zaman ərzində məlumat proqrama daxil olur. Bundan sonra isə cəmiyyətə ilkin informasiya verilir. Ardınca isə emal prosesi yenilənir və zəlzələnin yenilənmiş məlumatları ictimaiyyətə çatdırılır”.
Monitorinq Mərkəzində olarkən onu da öyrənirik ki, burada, həmçinin, Türkiyənin 12, Gürcüstanın isə 3 seysmik stansiyası ilə yerli məlumatlar analiz edilir. Maqnitudası 3-dən yuxarı olan zəlzələ qeydə alınan kimi “seysmology.az” saytına, ölkənin müvafiq qurumlarına, həmçinin üzvü olduğumuz Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) göndərilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında da emal üçün şəbəkə strukturu yaradılıb.
Zəlzələ məlumatlarını kim daha dəqiq verir?
Müşahidələrə görə, bəzən zəlzələ barədə yerli qurumun məlumatları ilə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin məlumatları üst-üstə düşmür. Səidə İsmayılova bunun səbəbini belə izah edir:
“Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatları tez-tez yeniləyir. Adətən, insanlar ilkin məlumata baxırlar. Lakin sonradan oradakı dəyişiklikləri izləmirlər. Buna səbəb isə qurumun üzv ölkələrlə apardığı təhlillərdir. Biz isə öz büromuzun emal etdiyi məlumatı yayırıq”.
O əlavə edir ki, 84 seysmik stansiya vasitəsilə işğaldan azad edilən ərazilərdə də zəlzələ məlumatları emal olunur. Şuşada hazırda seysmik stansiyanın tikintisi yekunlaşmaq üzrədir. Azad olunan digər ərazilərdə də seysmik stansiyaların quraşdırılması planlaşdırılır.
“Bəzən maqnituda və bal anlayışları qarışdırılır. Onların təsnifatı barədə nə deyə bilərsiniz?” sualına mütəxəssis belə cavab verir:
“Maqnituda zəlzələ vaxtı ocaqda seysmik dalğalar şəklində enerjini xarakterizə edən sonsuz kəmiyyətdir. Seysmik bal isə zəlzələnin intensivliyinin yer səthində ölçü vahididir”.
Qeyd edək ki, mərkəzdə zəlzələ ilə bağlı növbəti proseslər “Zəlzələ ocaqlarının dinamikası” şöbəsində aparılır. Bu şöbənin, eləcə də “Beynəlxalq seysmotomoqrafiya laboratoriyası”nın müdiri Səbinə Kazımova deyir ki, güclü zəlzələ baş verdikdən sonra laboratoriyada onun səbəbi, ocaqda baş verən tektonik proseslər, onun istiqaməti və ərazinin geodinamik şəraiti müəyyən edilir. İl ərzində burada maqnitudası 3 və 3-dən böyük olan 85-120 zəlzələnin ocaq mexanizmi işlənilir.
Zəlzələ nəticəsində palçıq vulkanları da aktivləşə bilər
Laboratoriyadan bildirilir ki, dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanlarının dinamikasını öyrənmək üçün 12 rəqəmsal stansiya quraşdırılıb.
“2022-ci ildə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkələrin genişləndirilməsi” layihəsi çərçivəsində alınmış yeni 22 rəqəmsal stansiya şəbəkəsi yaradılıb. Layihə çərçivəsində üç quyu tipli (Daşkəsən, Tovuz, Zərnava) və yeddi seysmik stansiya Xəzər dənizinin sahili boyunca quraşdırılıb. Dünyada ilk dəfə olaraq palçıq vulkanlarının maksimum toplandığı ərazidə quraşdırılan 12 rəqəmsal stansiyadan əldə olunan məlumat internet vasitəsi ilə onlayn rejimdə emal şöbəsinə köçürülür. Püskürmənin dərinliyi, ayrılan enerji, dərinlik, fazaların sayı və müddəti qeydə alınır. Azərbaycanda 365 palçıq vulkanı var, ölkəmiz palçıq vulkanlarının vətəni sayılır. Onların bəziləri Xəzər dənizindədir. Hər iki-üç ildən bir palçıq vulkanları püskürür. Bu vulkanların aktivləşməsinə zəlzələlər də təsir edə bilər. Biz emal prosesi zamanı bunu da təyin edə bilirik”, - deyə S.Kazımova vurğulayır.
Laboratoriya müdiri əlavə edir ki, ötən il təkcə respublika ərazisində yox, eləcə də qonşu bölgələrdə də seysmik aktivliyin artması müşahidə olunub:
“2023-cü ilin fevral ayında Türkiyədə bir neçə fəlakətli zəlzələ baş verdi. Aktivləşmə İran, Dağıstan və Gürcüstan ərazilərdə də qeydə alındı. Hər güclü zəlzələdən sonra əhali arasında tez-tez suallar yaranır ki, Azərbaycan ərazisində də güclü zəlzələ ola bilərmi? Bununla əlaqədar hər güclü zəlzələdən sonra onun ocağında boşalmış və qalıq gərginlik vəziyyətini müəyyən edirik. Bu tədqiqat ABŞ-nin “Coulomb stress” proqramı əsasında aparılır. Bu texnikadan dünyanın bir çox ölkəsində geniş istifadə olunur. Nümunə olaraq 2023-cü il iyulun 4-də Xəzərdə baş vermiş zəlzələni göstərmək olar. Həmin zəlzələnin maqnitudası 5,6 olub. Bu hadisədən sonra biz nə qədər seysmik enerjinin ayrıldığını və gərginlik vəziyyətinin harada qaldığını müəyyən etdik”.
Monitorinq Mərkəzində müşahidə edirik ki, Azərbaycanda zəlzələ ocaqlarını, seysmogen zonaların geodinamik vəziyyətini, Yer qabığının strukturunu, tektonik hərəkətlərin sürətini və istiqamətlərini öyrənmək üçün imkanlar var. Bunun üçün mümkün üsullardan, müasir cihaz və proqramlardan istifadə olunur.
"Amerika Birləşmiş Ştatları" teqi üzrə xəbərlər
- ABŞ-də hindistanlı milyarderə qarşı ittiham irəli sürüldü
- Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar
- ABŞ-də polis iti qadına bir milyon dollar "qazandırdı"
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
Rəylər