Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vətən müharibəsinin səkkizinci günü - Cəbrayıl şəhəri işğaldan azad edilir
2020-ci il oktyabrın dördü - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin səkkizinci günü.
Oxu.Az xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin səkkizinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu yenidən hədəf alır. Belə ki, mənfur düşmən səhər saatlarında Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirir.
Həmçinin, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ard-arda atəşə tutur. Nəticədə bir nəfər Gəncə şəhər sakini - mülki şəxs həyatını itirir, 32 nəfər isə yaralanır. Çox sayda evə və infrastruktura külli miqdarda ziyan dəyir.
Bununla yanaşı, Ermənistan ordusu Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutur.
Habelə, Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması ilə yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü Fərid Dilafət oğlu İsgəndərov dağıntılar altında qalaraq həlak olur, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyir.
Təbii ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə növbəti dəfə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirməyə xidmət edirdi.
Düşmənin terror-təxribat əməlləri cavabsız qalmır. Ermənistan silahlı qüvvələrinə məxsus zirehli texnikalar, atəş-dəstək və təminat vasitələri məhv edilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə özünün "X" səhifəsində xalqımızın kədərini sevinclə əvəzləyən xəbəri verir. Ölkə başçısı Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan tam azad etdiyini açıqlayır. Həmçinin, dövlət başçısı xalqa müraciətində Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.
Saat 18 radələrində Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağının sancıldığı xəbəri verilir. Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülür.
Lakin mənfur düşmən yenə də müharibəni cəbhə bölgəsindən kənara daşıyaraq, dinc əhalini və mülki infrastrukturu hədəf almağa başlayır. Belə ki, axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxır. Bir neçə dəqiqə sonra Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirilməsi və yaralıların olduğu barədə məlumat yayır. Mingəçevirə atılan üç raketdən ikisi partlamır. Üçüncü raketin fərdi yaşayış evinə atılması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir, eyni zamanda, evə külli miqdarda ziyan dəyir. Düşmənin Mingəçevirə raket atmaqda əsas məqsədi isə Mingəçevir Su Anbarını vurmaq olur. Ermənistan ordusu təxminən bir saat sonra Xızı və Abşeron bölgəsinə iki ədəd 300 km məsafəli ortamənzilli raket atır. Həmçinin, Ermənistan ordusunun ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində iki şəhər sakini yaralanır.
Müharibə Ermənistan və erməni lobbisinin informasiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində jurnalistin təxribatçı suallarını dəqiq faktlar əsasında cavablandırır:
"Azərbaycan müstəqil ölkədir. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var. Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz".
Təbii ki, müharibənin səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- ARKA İkinci Qarabağ müharibəsindən sonra istehsal etdiyi filmləri təqdim edib
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"