Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Universitet yataqxanaları bu il də tələbəsiz qalacaq
"Qızım Bakıdakı universitetlərin birinə qəbul olub. Universitetin yataqxanası üçün müraciət etdik, lakin bizə yataqxanalarda məcburi köçkün ailələrinin yaşadığını bildirdilər. Buna görə kirayə ev axtarmaq məcburiyyətində qaldıq. Amma kirayə mənzil tapmaq da çox çətindir. Bakının ən ucqar rayonlarında belə təklif olunan evlərin qiymətləri çox yüksəkdir".
Bu fikirlər sosial şəbəkələrdə yazılan şikayətlərdəndir. Övladları universitetə daxil olan valideynlər nə kirayə mənzil tapa bilir, nə də yataqxana. Halbuki bir neçə ildir işğaldan azad olunmuş ərazilərimizə köç həyata keçirilir. Lakin şikayətlərdən də görünür ki, hələ də yataqxanalar tələbələrin istifadəsinə tam şəkildə verilməyib.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
"Tələbələrin 10-15 faizini yerləşdirə bilirik"
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən bildirildi ki, vaxtilə təhsil ocağının məcburi köçkünlər məskunlaşmış yataqxanasında hazırda qalan yoxdur. Çünki ora qəzalı, tam yararsız vəziyyətdədir: "Universitetimizin hər cür şəraitlə təmin olunmuş tələbə evi var. Bakı Dövlət Universiteti üçün yeni yataqxanaların tikilməsi ilə bağlı müzakirələr aparılır".
Memarlıq və İnşaat Universitetinin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayevin sözlərinə görə, bu ali təhsil müəssisəsinin yataqxana kompleksinin beş korpusunun dördündə məcburi köçkünlər məskunlaşıblar. Yalnız bir korpus universitetin tələbələrinin ixtiyarındadır: "Tələbələr bizə yataqxana üçün müraciət etdikdə yalnız 10-15 faizini yerləşdirə bilirik. Digərlərinə isə "yox" cavabı vermək məcburiyyətindəyik. Məcburi köçkünlərin məskunlaşdığı binalar təmirsiz formada istismarda olub. Hazırda orada yaşamaq mümkün deyil. Həmin binalar hələ tam boşaldılmayıb. Hər binada 5-6 nəfər məcburi köçkün yaşayır".
"Sökülüb yenidən tikilməlidir"
Şöbə müdiri məcburi köçkünlər çıxarıldıqdan sonra universitetin planlarından da bəhs etdi: "Universitet olaraq həmin binaların boşaldılmasını istəyirik. Elm və Təhsil Nazirliyi də bu məsələni gündəmdə saxlayır. Həmin binaları təmirlə düzəltmək mümkün deyil, sökülüb yenidən tikilməlidir. Maliyyə mənbələri axtarırıq ki, bu yataqxanalar inşa edilərək yenidən tələbələrimizin ixtiyarına verilsin. Düşünürük ki, yaxın gələcəkdə hazırda həmin yataqxanalarda məskunlaşmış vətəndaşlarımız da doğma yurdlarına köçürüləcək".
Azərbaycan Texniki Universitetindən bildirilib ki, AzTU-nun yataqxana binalarında 1988-1990-cı illərdən qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illərə qədər binalarda 124 ailə yaşayırdı: "Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə doğma yurdlarına köçürülüb. Qalan 114 ailə hazırda həmin yataqxanalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətdədir. Binalar heç bir yaşayış standartına cavab vermir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanaların təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, universitetin Bakı şəhərində beş yataqxanası var. Onlardan yalnız biri tələbələrin istifadəsindədir. Qalan dörd yataqxanada ümumilikdə 443 məcburi köçkün ailəsi məskunlaşıb: "Hələ ki, yataqxanalarımız boşaldılmayıb. Onların köçürülməsi ilə bağlı aidiyyəti dövlət qurumları iş aparır".
"Cəmi iki ailə köçürülüb"
Azərbaycan Dillər Universitetinin yataqxanalarında da vəziyyət fərqli deyil. Həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulan yataqxanalarda məcburi köçkünlər yaşayırlar: "Qızlar yataqxanasında 18 ailə var. Köçürülmə başlayıb, gedənlər var. Lakin tam olaraq tələbələrin ixtiyarına verilməyib. Yataqxana tamamilə boşaldıldıqdan sonra bu addım atılacaq. Oğlanlar üçün yataqxanada isə tələbələr yaşamır. Həm məcburi köçkünlər, həm də digər insanlar məskunlaşıb. Məcburi köçkünlərdən cəmi iki ailə köçürülüb. Köçürülənlərdən birinin yerinə qazi yerləşdirilib. Digər otaqda isə qapı qonşusu məskunlaşıb. Bir mənzildə isə yanğın baş verdi. Sakini köçürdülər, hazırda yararsız vəziyyətdə olduğu üçün yaşayış mövcud deyil".
Məcburi köçkünlər gedib, amma yataqxana yararsız vəziyyətdədir
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova dedi ki, universitetin 1 000 nəfərlik dörd yataqxanası var. Məcburi köçkünlərin məskunlaşdığı yataqxana isə boşdur: "Həmin bina hazırda yararsız vəziyyətdədir. Gələcəkdə əsaslı şəkildə təmir olunması düşünülür".
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, universitetin 1 000 nəfərlik dörd yataqxanası var. Məcburi köçkünlərin məskunlaşdığı yataqxana isə hazırda boşdur: "Həmin bina hal-hazırda yararsız vəziyyətdədir və gələcəkdə əsaslı təmir olunması planlaşdırılır".
Dövlət İdarəçilik Akademiyasından verilən məlumata görə, hələlik yataqxanadan məcburi köçkünlər köçürülməyib: "Lakin dövlət proqramı çərçivəsində köçürülmə prosesi həyata keçiriləcək. Sonradan yataqxana tələbələr üçün təmir olunaraq istifadəyə veriləcək".
Səlahiyyət universitetlərdə deyil
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd edib ki, yataqxanada hələ də məcburi köçkünlər məskunlaşıb və onlar hələ köçürülməyib: "Binanı müvəqqəti olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansına vermişik. Universitetin gələcək prioritetləri arasında, köçkünlərin çıxarılmasından sonra yataqxananın sökülüb yenidən inşa edilməsi də var".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirildi ki, yataqxanaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansındadır.
Onlar üçün evlər azad edilmiş ərazilərdə inşa olunur
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən cavaba görə, müxtəlif obyektlərdə, o cümlədən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mərhələli şəkildə yeni mənzillərlə təmin olunur. Bu günə qədər 320 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: "Bu ailələrin arasında tələbə yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də var. Ali və orta təhsil müəssisələrinə məxsus yataqxanalarda yaşayan ailələrin bir qismi köçürülsə də, hələ də bir qismi bu tip obyektlərdə məskunlaşıb. Onlar üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ən ağır vəziyyətdə olanlar, o cümlədən tələbə yataqxanalarında yaşayanlar, öncəliklə yeni mənzillərlə təmin edilir".
"Azərbaycan Tibb Universiteti" teqi üzrə xəbərlər
- Onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq
- Azərbaycan Tibb Universitetinin tələbəsinin ölüm səbəbi məlum oldu
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
- Zəngilan Rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT
- Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı
Rəylər