Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhid bulağına verilən su xətləri kəsilib? - AÇIQLAMA
"Dünən "Azərsu" ASC gəlib məhəlləyə, bütün su xətlərini kəsib. İndi ağaclar qalıb susuz".
"Qafqazinfo" xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, problem yaşadığı Yeni Günəşli, V massivi, bina 14 ünvanında baş verib:
"İkinci Qarabağ müharibəsində məhəlləmiz iki şəhid verib, əsgər Fərhad Babayev və XTQ kapitanı Elçin İsmayılov. Şəkildən də gördüyünüz kimi məhəllədə iki şəhid bulağı var. İki il əvvəl məhəllə abadlaşdırıldı və ağaclar əkildi. Hər gün ağaclar su xətləri vasitəsilə sulanırdı. Məhəllənin abadlaşdırılması və yaşıllaşdırılmasına görə yüzminlərlə pul xərcləyəsən, indi də qurumasına göz yumasan".
Məsələ ilə bağlı "Azərsu" ASC-yə sorğu ünvanlanıb. Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı müraciətimizə cavab olaraq bildirib ki, həmin ərazidə çəkilmiş su xətlərinin heç birinin üzərində su sayğacları yoxdur:
"Hamısı qeydiyyatsız xətlərdir. O yaşıllıqların suvarılması ilə yanaşı, ətrafda olan obyektlərin bir qismi də həmin sulardan istifadə edirdi. Buna görə də biz məsələ ilə bağlı həm Suraxanı Rayon İcra Hakimiyyətinə, həm də Mənzil-Kommunal Təsərrüfatı Xidmətinə məlumat vermişik. Hazırda bu istiqamətdə sənədləşmə işləri gedir ki, həmin xətlər üzərində sayğaclar quraşdırılıb keçən suyun qeydiyyatı aparılsın və dəyəri ödənilsin".