Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Saray qəsəbəsində çirkab suları sakinlərin həyatına təhlükə yaradır - AÇIQLAMA
Abşeron rayonu, Saray qəsəbəsindəki Bəxtiyar Vahabzadə küçəsində kanalizasiya sisteminin olmaması sakinlərin yaşayışını dözülməz həddə çatdırıb.
Bu barədə Oxu.Az-a şikayət daxil olub. Şikayətdə bildirilir ki, həm Saray qəsəbəsinin əsas kanalizasiya xətti tez-tez daşır, həm də sakinlərin öz maddi hesablarına çəkdikləri xətlər sıradan çıxır. Nəticədə həmin küçədəki evlərin həyət və zirzəmiləri çirkab suları ilə dolur ki, bu da birbaşa xəstəlik mənbəyidir.
Qeyd olunub ki, beş-altı iri məhəllədə yerləşən təxminən üç min evin çirkab suları illərdir ki, kustar üsullarla çəkilən xətlərlə axaraq yaşayış ərazisindən 10 metr kənarda yerləşən boş ərazidə göl əmələ gətirib.
"Boyu üç metri keçən qamışların olduğu göldə yaranan antisanitariya səbəbindən ətrafı üfunət iyi bürüyür, ağcaqanad əlindən küçəyə çıxmaq olmur. Yağış yağanda isə daşan kanalizasiya suları evlərin zirzəmilərinə dolur", - deyə şikayətdə bildirilir.
Sakinlərin sözlərinə görə, yaranan acınacaqlı vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər olunsa da, nəticə yoxdur:
"Hər dəfə müraciət edəndə ya bildirirlər ki, büdcə yoxdur, ya da kanalizasiyanın töküldüyü ərazi hansısa sahibkara aiddir. Hər dəfə kanalizasiya xətləri daşanda sakinlərin topladığı maddi vəsait hesabına problem müvəqqəti həll olunur, bir müddət sonra eyni hal təkrarlanır", - deyə şikayətdə vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.
Agentliyin nümayəndəsi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, Saray qəsəbəsinin yalnız bir neçə küçəsində mərkəzləşmiş kanalizasiya infrastrukturu qurulub:
"Qəsəbənin bir hissəsində də vətəndaşların özləri tərəfindən fərdi qaydada çəkilən kanalizasiya xətləri mövcuddur və bu kanalizasiya xətlərinin əksəriyyəti yaxınlıqdakı sututara açıldığı üçün həmin ərazidə çirkab suları toplanır.
Bilirsiniz ki, Abşeron yarımadası üzrə Baş Plan mövcuddur. Həmin plan hövzə prinsipinə əsasən tərtib olunub və həmin hövzələrdən biri də Saray hövzəsidir. Plana əsasən, Sarayda əsas daşıyıcı kollektorun və toplayıcı tullantı su şəbəkəsinin tikintisi ilə problemlər tam olaraq öz həllini tapacaq. Yəni bütün qəsəbə ərazisi toplayıcı kanalizasiya şəbəkəsi ilə əhatə olunacaq və həmin o tullantı suları da həmin toplayıcı şəbəkələr vasitəsilə kollektora yönləndiriləcək, oradan da təmizlənməsi üçün təmizləyici qurğuya ötürüləcək.
Ümumiyyətlə, Baş Planın kanalizasiya bölməsi ilə bağlı əsas hədəflərdən biri Ələtdən Sumqayıta qədər 11 ədəd tullantı təmizləyici qurğusunun tikintisi və yenidən qurulmasıdır ki, bunların da məhsuldarlığı təxminən sutkada 1 mln. 400 min kub təşkil edəcək və bu imkan verəcək ki, artıq bu layihələr icra olunandan sonra Xəzər dənizinə, yaxınlıqdakı göllərə və sututarlara axıdılan tullantıların hamısı tam toplansın və həmin qurğularda təmizlənsin", - deyə A.Cəbrayıllı vurğulayıb.
Əzizə İsmayılova
Rəylər