Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Samir Novruzov: "Bakalavrı bitirdikdən sonra öyrənilənləri həzm etmək üçün zamana ehtiyac var"
"Eynşteyn, Tesla, Darvin, Nyuton kimi alimlərin autist olduğu məlumdur. Yəni, hər ixtisas sahəsi üzrə eyni meyarlar üzrə seçim prosesinin, qiymətləndirmənin aparılması kökündən yanlışdır".
Bu sözləri Oxu.Az-a müsahibəsi zamanı Samir Novruzov deyib.
Xatırladaq ki, müsahibənin birinci hissəsində aparıcı dövlətlərin qabaqcıl universitetlərində təhsil almağın önəmi, faydaları, gənclərin hərbi xidmətə qatılmasının vacibliyi və məcburi hərbi xidmətdə islahatlarla barədə mövzular öz əksini tapmışdı.
Onun elm və təhsil mövzusunda müsahibəsinin ikinci hissəsini təqdim edirik:
- Samir müəllim, xaricdə təhsil proqramlarının təşkili mövzusunda fikirlərinizi bilmək istəyərdik. Bildiyiniz kimi Elm və Təhsil Nazirliyinin verdiyi məlumata əsasən 2023/24 təhsil ilində dövlət proqramı çərçivəsində bakalavr səviyyəsi üzrə 67 tələbə, magistratura səviyyəsi üzrə 314 tələbə təhsil almağa başlayıb.
Çox müsbət addımdır. Lakin, bu kimi proqramların müxtəlif təhsil səviyyələri üzrə ümumiləşdirilmiş meyarlar və prosedurlar üzrə seçim prosesi təşkil etməsi bu proqramların effektivliyi barədə sual yaratmış olur.
Hansı məqamlarda boşluqlar görürsünüz?
Ümumiyyətlə, proqramın gənclərin təhsil almasını təşviq etməsi təqdiredici haldır. Lakin, sual vermək lazımdır ki, gənclərimizi xarici təhsil almağa göndərməkdə dövlət olaraq məqsədlərimiz nədən ibarətdir? Təhsil alan gəncləri sıravi işçi qüvvəsi olaraq görürüksə, xaricdə təhsil almalarına dövlət büdcəsindən milyonlarla vəsait ayrılmasına nə ehtiyyac var? Yox əgər dövlətimizin inkişafında töhfə verəcək dahilər, peşəkarlar yetişdirmək istəyiriksə, müəyyən olunmuş meyyarların, seçim prosedurlarının işlək və faydalı olduğunu hesab etmirəm. Dövlət proqramının seçim qaydaları və prosedurlarına baxdıqda aparıcı universitetlərin müasir qəbul və seçim sistemlərinə uyğun olaraq təşkil etdiyi məlum olur, lakin tamamilə fərqli olmalıdır.
- Seçim qaydalarında işlək olmayan meyarlar hansıları nəzərdə tutursunuz? Zəhmət olmazsa aydınlıq gətirərdiniz.
Müsahibənin fərdi qaydada aparılması, müsahibənin 20 dəqiqə ərzində müsahibə olunması suallar doğurur. "Namizədin özünəinam və inandırma qabiliyyəti" meyar olaraq namizədə 15 bal gətirir. Kobud səslənsə də, bu meyarın absurd adlandırmalı olacam. İntrovert temperamentli, hətta autizm diaqnozlu fitri istedadların dünya inkişafında payı olan alimlərin sayı heç də az deyil. Enşteyn, Tesla, Darvin, Nyuton kimi alimlərin autist olduğu məlumdar. Yəni, hər ixtisas sahəsi üzrə eyni meyarlar üzrə seçim prosesinin, qiymətləndirmənin aparılması kökündən yanlışdır.
- Samir müəllim, xaricdə təhsil prosesinin effektiv təşkili üçün nə təklif edə bilərsiniz?
- Xaricdə təhsil prosesinin təşkilini effektiv şəkildə həyata keçirmək üçün ixtisaslaşmış dövlət qurumu və ya agentliklərin digər dövlət qurumları və özəl sektorla əməkdaşlıq etməsinin təmin olunması müsbət nəticələr verə bilər. Burada hər bir təhsil səviyyəsi və ixtisaslar üzrə xüsusi istedadlı gənclərin müəyyənləşdirilməsi kompleks bir prosesdir və xüsusi yanaşma və əsaslı zaman tələb edir. Hər istedadlı gəncin istedadına və ixtisasına uyğun doğru universitet və məktəblərin ( bizim təhsil sistemi ilə kafedraların) müəyyənləşdirilməsindən başlayaraq, gənclərimizin inkişafı, biliklərinin tətbiqi, həmin mühitlərdə təcrübə keçmələri, uğurlu ixtira və patent irəli sürdüyü təqdirdə əqli mülkiyyətin qorunması və son olaraq əldə olunan təcrübənin və biliyin yubanmadan ölkə iqtisadiyyatına tətbiqi kimi məsələləri özündə birləşdirmiş olur.
Digər tərəfdən ayrıca olaraq, xaricdə təhsil proqramlarının təşkilində özəl sektorun iştirakı da təmin olunmalıdır. Milli ÜDM-də payı olan yerli qurum və təşkilatlar tərəfindən maliyyələşdirilən təhsil və təqaüd proqramları təsis edilməlidir. Çünki, elə ilk növbədə, bu qurum və təşkilatlar qurumlarını inkişafa aparan, daha çox gəlir və dividendlər gətirən, fəaliyyətlərinə töhfə verən mütəxəssislərin yetişdirilməsində maraqlı olmalıdır. Bu cür təsisatları yaradan qurumları təşviq etmək üçün də, vergi qanunvericiliyində təşviqedici dəyişiklər aparılmalıdır.
- Necə düşünürsünüz, tələbələrin milli iqtisadiyyata faydalı ola bilmələri üçün hansı addımlar atılmalıdır?
- Müvafiq proseslərdə bir neçə nüanslar var. Təhsil ardınca gedən tələbələrin ölkəyə qayıtmaq istəməməsinin müxtəlif məlum səbəbləri var. Əldə etdikləri bilik və təcrübənin tətbiq olunması üçün adekvat mühitin yaradılmaması, məcburi hərbi xidmətə cəlb olunarkən bir il aktiv iş mühitindən uzaq qalmaları, sosial rifahlarının təmin olunmaması kimi səbəbləri göstərmək olar. Ona görə də təhsilə görə köç edən tələbələr, imkan olduğu təqdirdə, daha yaxşı imkanlar yaradan aparıcı ölkələrdə qalmağa üstünlük vermələri təbii haldır. Bu axının inzibati qaydalar və məhdudiyyətlərlə dayandırılması yolverilməzdir. Təhsilli gənclərə onların elminə, xarici təcrübəsinə ehtiyac olduğu, biliyinə və əməyinə adekvat qiymət veriləcəyi, bərabər imkanların yaradılacağını, meritokrasiya prinsiplərinə, kronizmə və nepotizmə görə deyil, yanaşılacaq mühitdə çalışacaqları barədə güvən yaratmaq lazımdır. Təbii olaraq bunlarla yanaşı maddi təminatın və təşviqlərin önəmi böyükdür.
Məsələyə digər prizmadan yanaşdıqda, xaricdə təhsil alan gənclərin xüsusən də tanınmış universitetlərin məzunlarının müvafiq iş təcrübələri olmamalarına baxmayaraq, əgər xaricdə təhsil alıbsa, mütləq yüksək idarəedici vəzifələrdə çalışmalıdır kimi düşüncəsi ilə yanaşdıqları tendensiyası da az müşahidə olunmur. Bu da xarici təhsilə yanlış stereotip üzərindən baxılmasının, təhsilə vasitədən çox hədəf və nailiyyət kimi baxılmasının nəticələrindən biridir.
- Maraqlıdır, bu cür yanaşmanı daha hansı amillər tətikləyir?
- Ümumiyyətlə, müasir aparıcı universitetlərin get-gedə biznesyönümlü, gəlirə fokuslanaraq idarə olunmasının şahidi oluruq. Daha çox tələbə cəlb etməsi üçün müxtəlif istiqamətlərdə əldə etdikləri ianələrdən əlavə olaraq, tədris prosesini də cəlbedici göstərilməsi üçün marketinqyönümlü addımlar atırlar. Məsələn bakalavr pilləsində ikili diplom və ya ikili ana ixtisas ("double-diploma", double-major") seçimləri, eyni ixtisas proqramlarının adlarını dəyişməklə daha çox seçim təqdim etmək kimi addımlar atılır. Son illərdə isə ikili dərəcəli ("dual-degree") proqramları da təqdim olunmağa başlanılıb. Universitetlər öz kommersiya maraqlarına xidmət edən çeşidli məhsullar hazırlayıb alıcıya təqdim edirlər. Bu da öz növbəsində iş təcrübəsinə və iş mühitinə inteqrasiya olunmada boşluqlar yaratmış olur.
- Müvafiq halda nə tədbirlər görülə bilər? Nə təklif edirsiniz?
- Müvafiq dövlət proqramında bakalavrların əsaslı iş təcrübəsi almadan dərhal master təhsil almasına izin verilməməlidir. Bunun yanlış olduğuna həm peşəkar mühitlərdə, həm də tədris prosesində əmin olmuşam. Hər bir tələbənin bakalavr təhsilini bitirdikdən sonra öyrəndiklərini həzm etməyə müəyyən zamana ehtiyacı var. Müəyyən bir praktika yığmalı, biliklərini tətbiq edərkən özündə olan və fəaliyyət sahəsi üzrə boşluqları görməli və daha planlı şəkildə ixtisasının dərinliklərini öyrənməyə səy göstərməlidir.
- Bu addımlarla yanaşılarsa, xaricdə təhsil prosesi mürəkkəbləşməz ki?
- Universitetlər çalışırlar ki, ildən ilə qəbul alan tələbələrin və onlarla gələn maliyyənin, gəlirin sayı çox olsun. Xaricdə təhsil dövlət proqramları isə dövlətimizin inkişaf prioritetlərinə, hədəflərinə yönəlik sistemli, işlək təşkil olunmalıdır. Dövlətimizin hədəfləri xarici və ya yerli universitetlərin maraqlarına xidmət etməməlidir. Qəbul prosesi onların tərtib etdiyi şablonlara, qəbul prosesinə uyğunlaşdırılmamalıdır. Konseptual qaydada yanaşılmalı, ixtisasların müəyyənləşdirilməsində sənaye və iqtisadiyyatımızın tələbləri, texnoloji inkişaf durumumuz və mədəni fərqliliklər nəzərə alınmalıdır.
- Amma yenə də, cəmiyyətimizin təhsilli olması dövlətimizə faydalıdır. Elə deyilmi?
- Təhsilli cəmiyyətimizin olması təbii ki, özlüyündə çox böyük faydadır. Sənin müvafiq ixtisas üzrə təhsil almağın üçün nəyə görə vergi ödəyicilərinin hesabına formalaşmış dövlət büdcəsindən vəsait ayrılmalıdır?! Demək ki, biz inanırıq ki, sən müvafiq təhsilə yiyələndikdən sonra, qayıdıb inkişafa aparacaq dəyişiklər edəcəksən. Bunun üçün isə, sənin oturuşmuş təcrübən, praktiki bazan olmalıdır ki, sonra onu təhsillə möhkəmləndirə, inkişaf etdirə biləsən.
Bəlkə bakalavrı bitirdikdən sonra başqa bir ixtisasın dalınca getməyə qərar verdin?! Buna görə dövlət büdcəsindən vəsait ayrılmasına dəyərmi?! Bakalavrı bitirmiş gənc özünü tapmalıdır, müəyyənləşdirməlidir ki, bitirdiyi ixtisas, əldə etdiyi təhsil real iş təcrübəsi zamanı özünü necə əks etdirmiş olur? Bəlkə, öz istedadını, faydalılığını müvafiq ixtisas üzrə deyil, digər ixtisas üzrə aldıqda göstərmiş olacaq, daha bacarıqlı, uğurlu olacaq və iş mühitinə faydası toxunacaq?!
Bakalavr təhsili məktəblinin istedadına, qabiliyyətinə və həvəsinə görə müəyyənləşdirilməli, master dərəcəsi isə müvafiq peşə istiqamət üzrə dərinliklərin kəşf edilməsinə xidmət etməlidir.
- Doktorantura təhsili barədə nə düşünürsünüz? Hansı təklifləriniz var?
- Doktorantura təhsili alanların da uyğun araşdırma təcrübələri və bilikləri olmalıdır. Dövlət qurumlarının, institutların, agentliklərin də, hər hansı bir ixtisas üzrə araşdırmaçı alimlərə ehtiyacları, tələbləri irəli sürülməlidir. Nəticə olaraq bu araşdırmacı misal üçün, Kür çayının və yaxud Xəzərin suyunun azalması, çirkab sularının yuyulması (kanalizasiya sistemləri), beyin xəstəlikləri və epidemiya, yaxud, aviasiya və aerokosmik sahələrində ölkəmizin sosial-iqtisadi prioritetlərinə uyğun araşdırmalar və tədqiqatlar apardıqdan sonra, qayıdıb öz vətənində müvafiq laboratoriyaların, tədqiqat mərkəzlərinin qurulmasına çalışacaq.
Aparıcı universitetlərdə "PhD" təhsili alan azərbaycanlı tələbələrdən şəxsən tanıdıqlarım var. Ölkəmiz üçün çox kritik, önəmli araşdırma apardıqlarının şahidi olmuşam. Onların da doktor dərəcəsinə yiyələndikdən sonra, ölkəyə qayıdıb alim olaraq fayda vermələrinə, araşdırma, sınaq və təcrübələrini aparmalarına adekvat şərait yaradılmalıdır. Bunun üçün də, maddi təminatdan tutmuş, motivasiyaedici əsaslı addımlar atılmalı, məhsuldar mühit yaradılmalı, qurduqları laboratoriyalarda və tədqiqat mərkəzlərində inkişafa aparacaq seçimləri müstəqil şəkildə müəyyən edə bilmələri təmin olunmalıdır. Doktorluq təhsilini bitirib geri gəldikdən sonra, elmi istiqamətlərinə uyğun tədqiqatlardan kənarda qalmaları çəkilən əziyyətlərin, qoyulmuş investisiyanın hədər getməsi deməkdir.
- Azərbaycanda elmi fəaliyyətlə məşğul olmayan elmlər doktorlarının sayı az deyil.
- Təbii ki, doktorların müəyyən olunmasında böyük boşluqlar var. Doktorluq - alimlik dərəcəsidir, amma nədənsə, titul olaraq daha cəlbedici görünür. Əsaslı təsir indeksi, aktuallığı olan ciddi elmi araşdırmalar ortaya qoyulmalıdır. "Googlescholar", "researchgate", "academia" və s. kimi akademik portallarda təqdim olunmalıdır.
Plagiarizm anlayışı, hesabatlılıq və şəffaflıq, sosial və hüquqi məsuliyyət yaradılmayana qədər bu cür də davam edəcək. Bu, bizim mövzumuz deyil. Lazımi qurumlar bu halları araşdırıb, lazımi hüquqi qiymət verə bilərlər.
Bizi narahat etməli əsas məsələ təhsilli gənclərimizin, alimlərimizin əldə etdikləri elm və biliyin, təcrübənin ölkə hüdudlarından kənarda tətbiq etməsi faktı, ölkədən xaricə doğru beyin axının baş verməsi olmalıdır.
- Hazırda təqaüd proqramlarında daha çox hansı ixtisaslara üstünlük verilməlidir?
- Dünyada və vətənimizdə texniki bilikli insanlara yüksək ehtiyac var. Aparıcı ölkələrin təhsil müəssisələri bazarın tələbatını daim araşdıraraq nəzərə alır. Təhsil müəssisləri ilə sənaye sahələri, dövlət və özəl sektor bir-birləri sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qururlar. Təhsil müəssisələrində, tədris prosesində bazarın tələblərinə uyğun dəyişikliklər olunur, ixtisaslar yaradılır, metodologiya və tədris planında dəyişiklər tətbiq olunur. Bu təbii bir proses və vərdiş halına çevrilib. Müasir dövrlə ayaqlaşmaq üçün başqa cür mümkün də deyil.
Ölkəmizdə də dövlət sifarişli proqramların texniki biliklər üzrə ixtisaslaşmış top universitetlərə tələbələri yönəltməsi daha məqsədəuyğun və labüddür. Çünki, Azərbaycan məktəbləri və universitetləri dünyanın aparıcı elm ocaqlarının sahib olduğu texniki təchizat, baza baxımından müqayisə olunmayacaq dərəcədə geri qalır və yeni innovativ metodların tətbiq olunduğu məhsuldar mühitə sahib deyil. ABŞ-nin Ali Təhsil üzrə Araşdırma və İnkişaf (HERD) sorğusuna əsasən, Amerika kollec və universitetlərində ümumi tədqiqat və təkmilləşdirmə (R&D) xərcləri 2022-ci maliyyə ilində 97 milyard dolları ötüb. Son onillikdə bu siyahıya Con Hopkins Universiteti 3.42 milyard dollarlıq elmi-tədqiqat işləri ilə akademik qurumların siyahısına başçılıq edir. Söhbət bir neçə ölkənin dövlət büdcəsinə bərabər vəsaitin hər il tədqiqat və təkmilləşdirməyə ayrılmasından gedir.
Bundan öncə bildirdiyim kimi, təhsil bir vasitə, alətdir və təyinatı üzrə istifadə edilib tətbiq olunmalıdır. Canlı misal olaraq gözümüzün qabağına Selçuk Bayraktarı gətirək. Gördüyü işin, əməyinin qatqıları, faydaları göz önündədir. Alınan təhsilin təyinatlı, faydalı olması dedikdə bunu nəzərdə tuturam. Bayraktarın misalında, önəmli olan onun MİT-də (Masaçusets Texnologiya İnstitutu) təhsil alması deyil, əldə etdiyi biliyi uğurlu şəkildə tətbiq edib, Türkiyə Cümhuriyyətinə fayda verməsidir. Tərcümeyi-halına baxdıqda, təhsil almadan öncə hansı mühitdə yetişdirildiyi və bu təyinatlı təhsilin uğurlu seçildiyi aydın olur.
- Son olaraq bir əlavəniz varmı?
- Dahi Nizamidən çox məşhur bir bənd-kəlamı xatırlamaq yerinə düşər:
"Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət".
Beynəlxalq biznesdə və akademik mühitdə təcrübəmdən deyə bilərəm ki, həqiqətən, istedadlı, işıqlı gənclərə sahibik. Fəaliyyət göstərdiyim inkişaf etmiş ölkələrdə əməkdaşlıq etdiyim insan resursları ilə müqayisə etdikdə müxtəlif peşəkar və akademik mühitlərdə bizim millətimizin nümayəndələrinin bilik və istedad baxımından, heç də geri qalmadıqlarını, hətta, bir çox hallarda üstün olduqlarının da şəxsən şahidi olmuşam. İşıqlı, təhsilli gənclərimizin olması bizim gələcəyimizin parlaq olması deməkdir.
Təhsil və bilik inanılmaz inkişaf və təkamülə gətirə bilən vasitə, qüvvədir. Doğru istifadə olunmadıqda, öyrənilən biliklər zamanında tətbiq olunmadıqda, sərf olunmuş zaman və vəsait bir yana, cəmiyyətdə təhsilə və gələcəyə qarşı inamsızlıq yaranır. Təhsilsiz olmağımız bizi bir çox sahələrdə geriyə doğru aparacaq. İqtisadiyyatımız daim təbii-resurslardan asılı olan, yerli istehsalatı, sənayesi olmayan ölkələrdən biri olaraq qalacaq. Dövlət, iqtisadiyyat və cəmiyyət bir-biri ilə zəncirvari bağlıdır. Təhsil bu bağlılıq zəncirini qüvvətləndirən və inkişaf etdirən əsaslı vasitələrdən ən başlıcasıdır. Təhsil strategiyamızda dahilərin, alimlərin yetişdirilməsi hədəf olmalıdır. Çünki buna uyğun insan kapitalımız, istedadlı gənclərimiz var. Dövlət və cəmiyyət olaraq müasir dövrün Lütfizadələrinin, Məmmədəliyevlərinin kəşf edilməsinə dəstək olmalı, gələcəyimizə sahib çıxmalıyıq.
Qeyd edək ki, Samir Novruzov özəl və dövlət sektorlarının idarəçiliyi üzrə ekspert, idarəçilik konsaltinqi üzrə fəaliyyət göstərən "Management Consulting Group"un təsisçisi və baş icraçı direktorudur. Birləşmiş Krallıq İdarəçilik İnstitutunun xüsusi imtiyazlı, Sertifikasiyalı İdarəçilik Konsultantları Qlobal İnstitutunun tam, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvüdür.