Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şahin Bayramov: "Hədəfimiz odur ki, tələbələr gələcəkdə ikili diplomlara qoşula bilsinlər"
"Qarabağ Universiteti tələbələrin istək və tələbatlarına cavab verəcək".
Bunu "Report"un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
Onun sözlərinə görə, yeni dövrün tələblərinə uyğun qurulan universitet qarşıdakı dövrdə ən müasir standartlara cavab verəcək:
"Bu gün çox qürurluyuq, Qarabağ Universitetində ilk tədris günüdür. Sentyabrın 20-də universitetin açılışı olub və Prezident İlham Əliyev mərasimdə proqram xarakterli çıxış edib. Həmin çıxışda qarşımıza strateji hədəflər qoyub. Biz qarşımızda duran vəzifələrin məsuliyyətini dərk edirik. Yeni dövrün tələblərinə uyğun qurulan universitet qarşıdakı dönəmdə ən müasir standartlara cavab verəcək. Hədəfimiz odur ki, bu universitet həm yüksəksəviyyəli mütəxəssislər hazırlasın, həm də dövlətimizə və xalqımıza layiqli vətəndaşlar yetişdirsin. Universitet tələbə əsaslıdır. Bu o deməkdir ki, təhsil ocağı tələbələrin istək və tələbatlarına cavab verəcək".
Rektor əlavə edib ki, Qarabağ Universiteti tədqiqat əsaslıdır. Yəni təhsil ocağında müasir metodlardan istifadə edilərək müxtəlif sahələrdə tədqiqatlar aparılacaq.
Ş.Bayramov bildirib ki, universitetdə yaradılan beynəlxalq dil mərkəzi bu gündən fəaliyyətə başlayıb:
"Əsas məqsəd tədris dilindən asılı olmayaraq, tələbələrin yüksək səviyyədə xarici dil bacarıqlarına yiyələnmələridir. Digər tərəfdən, Qarabağ Universitetinin beynəlxalq əməkdaşlığının qurulması da perspektiv hədəflərimiz sırasındadır. Yaxın zamanda xarici ölkələrdən universitetə müəllimlər dəvət olunacaqlar. Yerli müəllimlər isə xarici dildə tədrisi təşkil edəcəklər. İstəyimiz odur ki, tələbələrimiz ingilis dilində dərs keçərək müəllimlərdən bu dildə bilik və bacarıqlar əldə etsinlər, tərəfdaş olacağımız universitetlərin mübadilə proqramlarında iştirak imkanı qazansınlar, gələcəkdə ikili diplomlara qoşula bilsinlər".
Rəylər