Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şagirdlərin çiyni ağır kitablardan nə vaxt qurtaracaq? - Rəqəmsal dərsliklə bağlı haçalanan fikirlər
Azərbaycanda rəqəmsal dərsliklərə keçiləcəyi ilə bağlı məlumatlar var. Artıq Elm və Təhsil Nazirliyinin bununla bağlı hazırlıqlara başladığı deyilir.
Belə ki, rəqəmsal dərsliklər istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında hazırlanacaq.
Qeyd edək ki, nazirlik rəqəmsal dərsliklərin hazırlanması işlərini "Innovative Business Products" şirkətinə həvalə edib. Şirkətlə nazirlik arasında 287 500 manat dəyərində müqavilə bağlanıb.
Bəs görəsən, rəqəmsal dərsliklərin nə kimi faydası olacaq? Yeni dərs ilində istifadəyə veriləcəkmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin altıncı çağırış deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu, çox önəmli məsələdir:
"Zaman-zaman mediada bu məsələni qaldırmışıq. Dərsliklərin ağır olması barədə daim şikayətlər gəlirdi. Bu, uşaqların sağlamlığında müəyyən problemlər yaradır. Onun həlli üçün addımların atılmasına çoxdan ehtiyac var idi. Ona görə də elektron dərsliklərin hazırlanması barədə ciddi düşünməliyik".
C.Məmmədov qeyd edib ki, dərsliklərin elektronlaşdırılması israfın qarşısını alar:
"Hər il dərsliklərin çapına milyonlar xərclənir. Əgər bütün dərsliklərin elektronlaşdırılmasına, kompüter və planşet vasitəsilə baxılmasına nail olsaq, böyük bir uğur olar. İsrafın, dərsliklərin ağırlığının qarşısı alınar".
O əlavə edib ki, dərsliklərin rəqəmsallaşdırılması qısa vaxtda həllini tapacaq bir məsələ deyil:
"Buna vaxt lazımdır. Proses mərhələli şəkildə həyata keçirilə bilər. Hər il biz çapa ayırdığımız vəsaiti mərhələli şəkildə rəqəmsal dərsliklərin hazırlanmasına yönəldə bilərik. Bütün dünya rəqəmsallaşmaya, elektron dərsliyə gedir. Biz də çalışmalıyıq ki, bu proseslərdən geridə qalmayaq".
Təhsil eksperti Elçin Süleymanov isə əlavə edib ki, rəqəmsal dərsliklərin hazırlanması prosesi yeni deyil:
"Xüsusilə COVID-19 dövründə e-dərslik portalı yaradıldı. Və oraya, demək olar ki, bir çox dərsliyin elektron versiyası yükləndi, eyni zamanda, "YouTube"da videodərs formatında resurs formalaşdırıldı. Elm və Təhsil Nazirliyinin yeni rəqəmsal dərsliklərlə əlaqəli layihəsi də kağız dərsliklərin təkmil variantının elektron dərsliklərə keçirilməsidir.
Elektron dərsliklər şagirdlərin hər ortamda internet və müxtəlif texnologiyalardan istifadə edərək öyrənməsinə təşviq edən bir sistemdir. Bəzən kitablar əlçatan olmur. Lakin rəqəmsal dərslik də ənənəvini əvəz edə bilməz. Şagirdlər ev tapşırıqlarını kitablardan istifadə edərək oxumalıdırlar. Kağız daşıyıcısı nə qədər çox istifadə olunursa, ekologiyaya da o qədər çox ziyan ola bilər.
Meşələrin qırılması müəyyən mənada bu cür rəqəmsal dərsliklərin istifadəsi fonunda azala bilər. Bununla alternativ dərsliklər formalaşacaq".
Nəzrin Vahid
Rəylər