Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rüfət Səfərovun həbsinə nə səbəb olub?
Ötən gün ictimai fəal Rüfət Səfərov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Keçmiş müstəntiq Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rüfət Səfərovun həbsinin detalları məlum olub.
Məlumata görə, torpaq alqı-satqısı ilə bağlı R.Səfərovla bir nəfər arasında münaqişə olub. Belə ki, bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb.
Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb. Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub. Bu səbəbdən tərəflərin münaqişəsi daha da böyüyüb. Bu münaqişədə Rüfət Səfərovun xalası qızının da iştirak etdiyi bildirilir.
İddiaya görə, çıxılmaz vəziyyətdə qalan E.Sabiroğlu buna cavab olaraq torpağı almış şəxsi həmin əraziyə buraxmayıb, tikinti aparmasına imkan verməyib. Nəticədə həmin şəxs bir neçə dəfə Rüfət Səfərovdan torpağı və ya heç olmasa pulunu tələb etsə də, imtina cavabı alıb. Sonuncu belə söhbət zamanı aralarında ciddi münaqişə baş verib.
İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rüfət Səfərovun vəkili Cavad Cavadov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, dekabrın 3-də saxlanılıb. Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilir.
Rəylər