Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəsmi qurumlar susur: Vətəndaş yoxlanılmadan ona ayıqlığı təsdiq edən arayış verilə bilərmi? - AÇIQLAMA + FOTO
Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. İddia olunur ki, sözügedən mərkəzdə sürücülər heç bir alkotestdən keçmədən, on manat ödəniş müqabilində ayıqlığı təsdiq edən arayış ala bilirlər.
Baku TV-nin birbaşa mərkəzdən hazırladığı materialda göstərilir ki, arayış verən həkim heç bir yoxlama aparmadan vətəndaşa arayış verir. Bəs görəsən, məsələnin əsli necə olmalıdır? Vətəndaş yoxlanılmadan ona ayıqlığı təsdiq edən arayış verilə bilərmi? Prosedur qaydası, əslində, necə olmalıdır?
Təəssüf ki, qeyd olunan suallarımıza nə Daxili İşlər Nazirliyindən, nə də Səhiyyə Nazirliyindən cavab ala bildik. “Ayıqlığı təsdiq edən arayış hansı qaydada verilməlidir?” sualı ilə dəfələrlə SN-in rəsmisinə sual ünvanlasaq da, cavab almaq mümkün olmadı.
Belə olduğu halda suallarımızı tanınmış nevroloq Qalib Əsədova ünvanladıq. Oxu.Az-a açıqlamasında Q.Əsədov bildirdi ki, həkim pasiyenti alkotestdən keçirə də bilər, keçirməyə də.
“Sərxoşluq klinik diaqnozdur və bunu həkim müayinə metodları vasitəsilə təyin edir. Alkotest də əlavə, köməkçi müayinə metodlarından biridir. Məsələ həkim üçün kifayət qədər aydın olduqda bundan istifadə etməyə də bilər. Bu, həkimin özündən asılıdır. Qeyd edim ki, bəzi maddələr var ki, nəfəsdə alkoqolu parçalayır, bu zaman alkotest mənfi göstərə bilər, amma həkim yazır ki, pasiyent sərxoşdur. Və ya ola bilər ki, pasiyent korvalol və ya başqa dərman içib, hansı ki, tərkiblərində spirt var, o zaman alkotest müsbət göstərə bilər, amma həkim qərarı ola bilər ki, bu adamda heç bir sərxoşluq yoxdur. Yəni alkotest, sadəcə, həkimə kömək edən bir vasitədir. Əsas olan həkimin yoxlanışıdır.
Həkim müayinə edir və bunun üçün onun xüsusi metodları var. Məsələn, Romberq pozasında nə dərəcədə dayanır, əllərində tremor (titrəmə - red.) nə qədərdir? Kibrit çöplərindən müxtəlif fiqurlar düzəltməyi tapşırır ki, görək əli əsirmi, fiqur düzəldə bilirmi? Nitqinə baxır. Sərxoşlarda nitq hecalı olur və s. Spirtli içki içəndə Romberq pozasında pasiyent səndələyir, bir düz xətt üzrə yeriyə bilmir, kibrit çöplərindən üçbucaq, dördbucaq düzəldə bilmir. Alkotest, sadəcə, göstərir ki, onun verdiyi havada spirt miqdarı var, yoxsa yoxdur”.
Nəqliyyat eksperti Yasin Mustafayev isə Oxu.Az-ın sorğusuna cavab olaraq, sürücünün alkotestdən hansı halda keçirilməsinə aydınlıq gətirdi.
“Birincisi, alkotestə hər bir sürücünü cəlb etmək doğru deyil. Sürücünü alkotestə cəlb etmək üçün onda spirtli içkinin əlamətləri olmalıdır, yəni o, avtomobil idarə edirsə, təbii ki, onun üzü, gözünün qızartısı və s. rahat şəkildə seçilmir. Belə halda onun avtomobil idarə etməsindəki qeyri-normallıq diqqəti çəkməlidir - sürətlə hərəkət edir, sağ-sol edir, zolağı düz tutmur və s. Həmçinin, avtomobilin şüşəsinin tərləməsi də içkinin əlamətlərindən biridir. Bu zaman polis əməkdaşı onu saxlayaraq içki testini apara bilər.
İçki testi etdiyi zaman da alkotesterin kalibrasiya sertifikatı olmalıdır. Çünki hər bir ölçü aləti ildə bir dəfə kalibrasiyadan keçməlidir. Əgər avadanlıq kalibrasiyadan keçməyibsə, onu tətbiq etmək qadağandır. Əgər Yol Patrul Xidməti əməkdaşı kalibrasiyadan keçməmiş avadanlığı tətbiq edirsə, həmin qurum beş min manata qədər cərimə oluna bilər.
İkincisi, hər bir insanın istifadəsi üçün ona yeni başlıq taxılmalıdır”.
Əzizə İsmayılova
Rəylər