Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Qadınların 80%-i pul, mülk və azadlığa görə boşanır" - Psixoloqdan QALMAQALLI AÇIQLAMA
Artıq kişilərin çoxu ailə həyatı qurmaqdan və ya ailə qurduqdan sonra uşaq dünyaya gətirməkdən ehtiyat edir. Sözügedən mövzu ilə bağlı sosial şəbəkələrdə müzakirələr çoxalıb. Müzakirələrdə iddia olunur ki, bəzi qadınlar alimentə görə ailə həyatı qururlar. Statistikaya baxanda da görürük ki, Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır.
Maraqlıdır, bu iddia nə dərəcə realdır? Həqiqətənmi qadınların müəyyən faizi alimentə görə boşanır?
Oxu.Az mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Vəkil Pərviz Hacıyev məsələyə belə yanaşıb:
"Deməzdim ki, sırf bu məsələyə görə boşanırlar. Hazırda məhkəmələr tərəfindən bir uşağa görə 235 manat aliment təyin olunur. Bu məbləğlə bir uşağı böyütmək çətin məsələdir, xərclərini nəzərə alsaq, inandırıcı deyil. Sadəcə, boşanmaların sayı artıb. Bu da cəmiyyətdə baş verən cılızlaşma prosesi ilə bağlıdır. Sosial şəbəkələrin bəziləri insanları uçuruma aparır. İnsanlar "TikTok" kimi sosial şəbəkələrdə asan pul qazanmağa çalışırlar. Onlar əziyyət çəkmək istəmirlər. Televiziyadakı verilişlərdə "ortaya tökülən" ailə-məişət problemləri dəyərləri məhv edir.
Hakim işlədiyim dönəmdə boşanmaya gələn qadınlardan səbəbini soruşanda bəziləri deyirdilər ki, ər ailəni dolandıra bilmir, maaşın az olmasından şikayətlənirdilər. Ali təhsilli olduqları üçün işləməyi təklif etdikdə deyirdilər ki, "kişidir, canı çıxsın, işləsin". Ailə bərabərhüquqlu insanların ittifaqıdır. Bunu düşünən az cütlük var. Ailə həyatı quranda kişinin maddi vəziyyətini bilirlər, amma sonradan maddi vəziyyətdən şikayətlənirlər".
P.Hacıyev əlavə edib ki, aliment bu məsələdə, sadəcə, stimuldur:
"Hazırda Aliment Fondu ilə bağlı danışıqlar gedir. Ancaq hələ ki ortada bir nəticə yoxdur. Məhkəmələr alimentlə bağlı qərarlar qəbul etdikcə kredit kimi yığılır, bir müddətdən sonra imkansız bir kişi üçün ödənilməz vəziyyətə gətirib çıxarır: 5-10 min manat və sair. Bəzi qadınlar həmin kişiləri bu nüansa görə təhdid edirlər ki, "səni içəri atdıracağam". Onlar, əslində, aliment yox, onu ödəyə bilməyən kişiləri təhdid etməklə qisas almaq istəyirlər".
Psixoloq Nizami Orucov isə Oxu.Az-a açıqlamasında bildirib ki, boşanma səbəbi tək aliment deyil:
"Azərbaycanda hazırda aliment pulu 235 AZN təşkil edir. Yəni günümüzdə xərclərə və bahalığa baxsaq, elə də ciddi rəqəm olmadığını görərik. Amma yenə də dəqiq demək olmur ki, qadınlar alimentə görə boşanırlar, yoxsa həqiqətən, istəmədikləri üçün. Elə qadın var ki, miqdarı fərq etmir, "yetər ki, pul olsun" fikri ilə ayrıla bilir. Bundan əlavə, məsələyə ata evində, evlilikdən öncə əldə edə bilmədiyi, içində qalan azadlıq istəyi də əlavə edilsə, razılaşmaq olar. Amma elə qadın da var ki, sırf uşağa görə ailə həyatı qurur və daha sonra həyatını tək, müəyyən dedi-qodulara məruz qalmadan rahat yaşamaq üçün boşanır".
Psixoloq vurğulayıb ki, artıq boşanma mərhələsində uşaqdan istifadə edərək kişinin mülkünə ciddi pay sahibi olmaq və öz rifahını təmin etmək istəyən qadınlar da az deyil:
"Sadaladıqlarımdan belə nəticəyə gəlmək olar ki, müasir güclü qadınların bəziləri motivasiya mövzularını səhv anlayaraq alimentə görə boşanırlar, rahat, müdaxiləsiz həyata atılırlar. Kişilərin bu cür vəziyyətləri görüb övlad sahibi olmaq istəməməsi çox normaldır.
Uzun illərdir ki, sözügedən kateqoriyaya aid olan qadınlar yersiz formada müdafiə olundular, əsl boşanmaq istəyən, buna ehtiyacı olan qadınlar isə kənarda qaldılar. Ailə dəyərlərini daha da canlı tutmaq yerinə, pulun insanları bu qədər alçaltması, ailə kimi ali dəyərin aşağı salınması bizi acınacaqlı vəziyyətə aparır. Günümüzdə qadınların boşanması 70-80 faiz hallarda pul, mülk və azadlıq naminədir".
Məhərrəm Əliyev
Rəylər