Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlik rəsmisi: "Siqaret çəkən qadınlarda fertillik zəifləyir"
"Tütün istifadəsi başda ağciyər olmaqla, bütün orqanlara ciddi zərəri var. Tütün istifadəsi dünyada hər 6 saniyədə bir insanın ölümünə səbəb olur. Tütünçəkmə nəticəsində onkoloji xəstəliklər, tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərin xəstəlikləri yüksək ehtimalla baş verə bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Onun sözlərinə görə, tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir:
"Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidik-cinsiyyət orqanlarının, qantörədici sistemin xərçəng xəstəliyinin yaranması riskini artır. Eyni zamanda, ürək-damar xəstəliklərinin (ateroskleroz, beyin və ürək-damar xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı) ehtimalı yüksəlir. Elmi cəhətdən sübut olunub ki, tütün bütün halların 90%-də ağciyər xərçəngindən, 75%-də bronxit və emfizemadan və bütün halların təxminən 25%-də ürək xəstəliyindən ölümün səbəbidir. Tənəffüs yolları xəstəliklərindən isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə ağciyər xəstəliklərinin yaranması ehtimalı artır".
Direktor qeyd edib ki, siqaret çəkən qadınlarda fertillik zəifləyir:
"Tütün tüstüsü ilə orqanizmə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq, onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən kişilər çəkməyənlərdən təxminən 12 il, qadınlar isə təxminən 11 il az yaşayırlar".
İ.Axundova bildirib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır:
"Siqareti tərgitdikdən sonra orqanizmdə normallaşma aşağıdakı etaplarla başlayır: ilk 20 dəqiqə ərzində qan təzyiqi normallaşır, 8 saat sonra qanda oksigen səviyyəsi tənzimlənir, miokard infarktı riski azalır, 24 saat sonra karbon monoksid orqanizmdən tamamən təmizlənir. 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir, 2 həftə-3 ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır, həmçinin fiziki aktivlik yaxşılaşır. Bir ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır, 5 il sonra ağciyər xərçəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər