Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Müəllimlərin attestasiyadan keçirilməsi sonuncu dəfə 1994-cü ildə tətbiq edilib"
"Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyadan keçirilməsi sonuncu dəfə 1994-cü ildə tətbiq edilib. Həmin vaxtdan indiyədək təhsil sistemində çalışanların biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb".
Bu fikirləri "Report"a təhsil eksperti Kamran Əsədov müəllimlərin sertifikasiyasının nəticələrindən danışarkən deyib.
Onun sözlərinə görə, yalnız 2014-cü ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanları keçirilməyə başlandı:
"2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi. Onların 45 faizə qədərinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Artıq iki ildir tətbiq edilən sertifkasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır. Sertifikasiyanın mahiyyəti müəllimlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığını ölçmək prosedurudur. Həm cəmiyyət, həm təhsil mütəxəssisləri, eləcə də Elm və Təhsil Nazirliyi Azərbaycan təhsilində müəllim peşəkarlığının lazımi səviyyədə olmadığını bilir. Fikrimcə, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiyanın 60 yaşdan yuxarı olanlar üçün könüllü olması planlaşdırılır, amma onlar 65 yaşdan sonra işə davam etmək istəyirlərsə, mütləq bu prosesə qoşulmalıdırlar".
K.Əsədov bildirib ki, sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqləri də var:
"Belə ki, birincisi sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əməkhaqqı da tətbiq edilir. Hazırda ölkədə müəllimlərə əməkhaqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əməkhaqqı tətbiq olunandan sonra müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əməkhaqqı verilir. Bu da çox ədalətlidir. Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda tətbiqi çox yaxşıdır".
Təhsil eksperti bildirib ki, attestasiyanın yerinə tətbiq edilən sertifikasiya zamanı müəllim yalnız test imtahanı vermir, həm də müsahibə mərhələsindən keçir:
"Yəni müəllimlərin bilik və bacarıqlardan başqa, pedaqoji bacarıqlarının da yoxlanılmasına imkan verir. İndiyədək keçirilən sertifikatlaşdırmanın nəticələrinin təhlilinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 min 211 ibtidai sinif müəllimi iştirak edib. Onlardan 8 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 784 nəfər təhsilverən iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış üç mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış beş mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. 2022-ci ildən sertifikasiyadan keçməyən müəllimlərə 2023-cü ildə yenidən şans verilib və yekunda təkrar sertifikatlaşdırmadan 743 nəfər keçməyib. Bu nəticələri təhlil edəndə görürük ki, sertifikasiyadan keçməyən 500-ə qədər müəllimə bərabərlik prinsipi pozularaq yanaşılıb. Belə ki, 443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, bu müəllimlərin uzun müddət ixtisası üzrə dərs aparmadığını görürük. İxtisası ibtidai sinif müəllimi olsa da, bu insanlar uzun müddət öz ixtisasları üzrə işləməyiblər, onlara ixtisasları üzrə dərs verilməyib. Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib. Şübhəsiz, bu da həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib".
K.Əsədov vurğulayıb ki, indiyədək keçirilən sertifikasiya imtahanlarında bəzi xoşagəlməz hallar yaşanıb:
"Bu hallara müəllimlər özləri yol verirlər. Birincisi, müəllimlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri gətirmirlər. İkincisi, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, "şparqalka", konspektlər keçirməyə, ətrafdan kömək almağa, köçürməyə cəhd edirlər. Ən təəsüfləndirici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4, 5, 6 bal toplayanlar var. Bir məqamı da qeyd edim ki, test mərhələsindən sonra Nazirlər Kabinetinin 2020-ci aprel 155 nömrəli qərarına əsasən, müəllimlərin beş istiqamət üzrə müsahibə mərhələsində bilikləri yoxlanılacaq. Bunlar pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi, ünsiyyət, qiymətləndirmə və təqdimetmə kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınacaq".
Mütəxəssis söyləyib ki, istənilən halda sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır:
"Təhsilverənlərin böyük bir hissəsi hazırlıqlardadır. Bu, qəbuledilməz haldır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minimum tələblərə cavab verməyib. Amma bundan kədərlənmək də lazım deyil. Reallıq ondan ibarətdir ki, müəllimlər hazırlıqlara, kurslara gedib, nə isə öyrənirlər və öyrəndiklərini sonradan tədrisə tətbiq edəcəklər. Bu da müəllim peşəkarlığının artmasına gətirib çıxaracaq. Növbəti illərdə həmin bu vəziyyətin müsbət nəticələrini görə biləcəyik. Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar, ona görə də bu il böyük çətinlik yaşayacaqlarını düşünmürəm. Sadəcə olaraq xarici dil müəllimlərinin sertifikasiya imtahanına ciddi yanaşmalıyıq. Çünki bu sahədə müəyyən boşluqlar olduğunu görə bilirik".