Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclis sədrinin müavini institutdakı vəzifəsini itirdi
VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.
Qeyd olunub ki, İnstitutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşovaya həvalə olunub.
Həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının oktyabrın 7-də keçirilən seçkiyə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqlənib.
İclasda eyni zamanda akademiyada yeni şöbələrin yarandığı da diqqətə çatdırılıb. Belə ki, AMEA-nın Lənkəran REM-in strukturunda mərkəzin daxili imkanları hesabına Herontoloji tədqiqatlar şöbəsi yaradılıb.
Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar və mövcud ştat cədvəli (vahidi) əsasında Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
Rəylər