Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lənkəranda işıqfor bir aydan çoxdur işləmir?
"Lənkəran rayonunun Gərmətük qəsəbəsindəki işıqforda yaranmış problemdən xəbərdarıq".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"İşıqforun işləməməsinə səbəb ərazidə aparılan qazıntı işləri zamanı texniki xətanın baş verməsi və işıqfora gedən elektrik naqillərinin zədələnməsidir. Məsələ diqqət mərkəzindədir və nəzarətə götürülüb. Ən qısa zamanda problem aradan qaldırılacaq", - deyə M.Ağayev vurğulayıb.
Lənkəran rayonun Gərmətük qəsəbəsində işıqforun bir aydan çoxdur ki, işləməməsi yolda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Bununla bağlı Oxu.Az-ın elektron ünvanına şikayət daxil olub.
"Bu ərazidə işıqfor 3-4 il bundan əvvəl quraşdırılıb. İşıqfor quraşdırılmamışdan əvvəl bu yolda ağır yol-nəqliyyat hadisələri çox olub. İndi də məktəb artıq başladığı üçün həm də uşaqların bu yoldan keçib məktəbə getməyi çox təhlükəlidir. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə elektron müraciət ünvanlamışıq, yerli "Siqnal" idarəsinə də məlumat vermişik amma heç bir nəticə yoxdur.
İşıqforun işləməməsinə səbəb isə ərazidə internet çəkilməsi üçün aparılan qazıntı zamanı işıqfora gələn xəttin zədələnməsidir", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsinə sorğu ünvanlanıb.
Əzizə İsmayılova
Rəylər