Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koronavirusa yoluxma artır, universitetlərdə tədris necə təşkil olunacaq? - YENİLƏNİB + SORĞU
Fevralın 16-da Azərbaycanın ali məktəblərində 2021-2022-ci tədris ilinin ikinci semestr dərsləri başlayır. Son zamanlar isə ölkədə koronavirusa yoluxma sayında yüksək artım müşahidə edilir.
“Report” yoluxma hallarında artımın universitetlərdə tədrisin təşkilinə təsir edib-etməyəcəyini araşdırıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, ikinci semestrdə tədrisin təşkili qaydasında hər hansı dəyişiklik olub-olmayacağı hələ ki məlum deyil. Onun sözlərinə görə, bununla bağlı rəsmi qərar verilməyib:
“Tədris ötən semestr olduğu kimi davam edəcək. Yəni tədris həm ənənəvi, həm də onlayn təşkil olunacaq. Artıq semestrin başlamasına hazırlıqlar da görülür. Auditoriyalar dezinfeksiya olunub, girişdə dezinfeksiya aparatı quraşdırılıb”.
Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov deyib ki, təmsil etdiyi ali məktəbdə yaz semestri fevralın 16-sı başlayacaq və dərslərin təşkilində dəyişiklik yoxdur:
“Hər şey ona uyğun planlaşdırılıb. Artıq ADPU-da dezinfeksiya işləri aparılır, cədvəllər hazırlanır, istilik və digər məsələlər nəzərdən keçirilir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, ikinci semestrdə tədrisin təşkili ilə bağlı hər hansı dəyişiklik gözlənilmir:
“Hər şey qaydasındadır. Tədrisə birinci semestrdə olduğu kimi davam edəcəyik. Tələbələr sosial məsafənin gözlənilməsi şərtilə tədrisdə iştirak edəcəklər. Həmçinin bu semestrdə IV kurslar istehsalat təcrübəsinə gedəcəklər. Ona görə də ali məktəbimizdə tələbə sıxlığı da azalacaq. Birinci semestrdə olduğu kimi hər mərtəbədə təcrid otaqları yaradılıb. Artıq hazırlıq prosesləri yekunlaşmaq üzrədir. Universitetin elektron sistemində mövzular, təqdimatlar və ədəbiyyat əks olunub”.
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva qeyd edib ki, universitetdə 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq:
“Bununla bağlı BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib. Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq isə bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsində ikinci semestrdə tədrisin təşkili ilə bağlı dəyişiklik və ya yenilik yoxdur:
“İkinci semestr fevralın 16-da başlayır və dərslər ötən semestrdəki kimi keçiriləcək. Yəni nəzəri fənlərin mühazirəsi onlayn, seminarı isə ənənəvi qaydada olacaq. Xüsusi qabiliyyət tələb edən fənlər isə ənənəvi qaydada, canlı şəkildə tədris ediləcək. Çünki nazirliyin əlavə tələbi yoxdur”.
Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva isə bildirib ki, qaydaya uyğun olaraq fevralın 16-da ali məktəbdə dərslər başlayacaq:
“Tədris hibrid formada olacaq. Ötənilki kimi mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçiriləcək. Həmçinin pandemiya qaydalarına uyğun olaraq təhlükəsizlik tədbirləri görüləcək. Artıq universitetin bütün korpusları dezinfeksiya edilib”.
Qeyd edək ki, xeyli müddətdir Azərbaycanda COVID-19-a yoluxma sayı 6 min ətrafındadır.
12:36
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
Sabahdan yaşı 18-dən yuxarı olan həmin vətəndaşlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklərə daxil olmayacaqlar.
Oxu.Az üçüncü doza vurdurmayan tələbələrlə bağlı bəzi universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına görə, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək:
“Qərar ali təhsil müəssisələrinə də şamil olunur. Buna görə də fevralın 15-dən yaşı 18-dən yuxarı olan və COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən və 3-cü doza vaksin olunmayan şəxslərin universitetə girişinə məhdudiyyət qoyulacaq. Bu barədə müəllim, tələbə və əməkdaşlara məlumat verilib”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov bildirib ki, Nazirlər Kabinetinin tətbiq etdiyi qaydalara görə, 3-cü doza vaksin olunmayan şəxslər universitetlərə buraxılmayacaq.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, sabah 3-cü doza vaksin olunmayan şəxslərin alı təhsil müəssisəsinə girişi qadağan olunacaq.
Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, sabahdan buster doza olunmayan şəxslərin təmsil etdiyi universitetə girişinə məhdudiyyət qoyulacaq.
Azərbaycan Dövlət İqtisad Universitetdən (UNEC) sorğumuza cavab olaraq bildirilib ki, 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən qüvvədən düşdüyü üçün həmin şəxslərin universitetə daxil olmasına məhdudiyyətlər qoyulacaq.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı isə bildirib ki, 3-cü doza vaksinin vurulması tələbələrə tövsiyə xarakteri daşıyır:
“2-ci dozanın vaxtı bitənlərə tövsiyə olunur ki, 3-cü doza vaksini vursunlar”.
İlhamə Əbülfət