Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kolleclərə ixtisas seçimi başlayıb
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə)" və "Rəqs müəllimliyi" ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2024/2025-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.
Qeyd edək ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 930 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10 752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29 445 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 26 iyul - 5 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ndə ödənişsiz kömək göstərilir. Mərkəzlərin ünvanları ilə buradan tanış ola bilərsiniz.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar AÇIQLANDI
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
Rəylər