Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Klassik avtomobillərin yürüşü və konsert baş tutub - FOTO/VİDEO
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirilib. Bu avtomobillər yürüş üçün Avtomobil Federasiyasında qeydiyyat keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş etdirilən nəqliyyat vasitələri olub.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş ediblər. Yürüşə 1983-cü ilədək istehsal olunan nəqliyyat vasitələri qatılıb. Əvvəlcə klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.
Artıq ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.
Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət hissi bəxş edib.
Maşın karvanında qeyri-adi avtomobillər də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz QAZ-M21 “Volqa” avtomobili üzərində edilib. Yürüşdə iştirak edən bu maşın görünüş etibarilə avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub.
Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilib.
Tamaşaçılara, həmçinin tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camalzadə, Emin, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.
Klassik avtomobillərin sərgisi zamanı “Sea Breeze”də ziyarətçilər üçün əyləncə proqramı da təşkil olunub: müsabiqələr keçirilib, müxtəlif nominasiyalarda hədiyyələr təqdim edilib. “Ən nizamlı sürücü” adını “Moskvich-412” markalı avtomobilin sürücüsü Təbriz Qorçiyev alıb. “Ən unikal avtomobil” nominasiyasına “Jaguar E-Type” avtomobilinin sahibi Qrem Aleksander Teylor layiq görülüb. “Ən qədim avtomobil” nominasiyasında “Ford Model A” markalı avtomobilin sahibi Azad Kərimov qalib seçilib. “Məşhurların seçimi olan avtomobil” nominasiyasında qalib isə “Volvo” markalı avtomobilin sahibi Murad İsmayılov olub.
“Ən rəngarəng retro geyim” nominasiyasında birinci yerə Gülnar Hacızadə, ikinci yerə Könül Quliyeva layiq görülüblər. “Ən rəngarəng geyim və xüsusi qonaq” nominasiyasında isə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Guo Min təltif olunub.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər