Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hakimləri hədəfə alan yazılar: Mətbuat azadlığı, yoxsa məhkəməyə təzyiq? - RƏY + FOTO
Kütləvi informasiya vasitələrində, sosial şəbəkə seqmentlərində ayrı-ayrı hakimlər haqqında tənqidi və bəzən təhqiredici informasiyalara rast gəlirik. Belə ki, çıxardığı qərara görə hakim hədəfə alınır, ünvanına müxtəlif ittihamlar səsləndirilir. Əksər hallarda belə yazılarda qarşı tərəf olaraq məhkəmənin və ya hakimin mövqeyinə yer verilmir. Bu da öz növbəsində jurnalistikanın prinsiplərinin pozulması deməkdir. Təəssüf ki, qərəzli yanaşma sərgiləyən bu kimi materiallar hakimlərə qarşı təzyiq vasitəsi kimi də istifadə olunur.
Mövzu ilə bağlı e-huquq.az-a danışan Azərbaycan Respublikasının Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov KİV nümayəndələrini belə informasiyaların yayımlanmasından çəkinməyə çağırıb.
“Bu gün Azərbaycanda məhkəmə sistemi sürətlə inkişaf edir. Qanunvericiliyin təkmilləşdirilməsi, işlərə obyektiv və çevik baxılması istiqamətində mühüm addımlar atılır. Yeni hakimlər təyin olunub ki, onların da hamısı savadlı, təcrübəlidir. Bütün bunlarda əsas məqsəd vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların məhkəmələrə əlçatanlığının təmin olunmasıdır. Eyni zamanda kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr genişləndirilib, məhkəmələrdə media ilə işləyən spiker-hakimlər ayrılıblar. Onlar media nümayəndələrinə lazım olan məlumatların vaxtında verilməsi üçün nəzərdə tutulublar. Spiker-hakimlər fəal çalışırlar.
Həmçinin məhkəmələrin sosial şəbəkə səhifələrində bütün lazımi informasiyalar, statistik məlumatlar mütəmadi paylaşılır. Bütün bunlara baxmayaraq, yenə də mediada məhkəmələr və hakimlər barədə qərəzli, birtərəfli informasiyaların yayımlanmasını görürük. Təəssüf ki, ali təhsilli hüquqşünaslar tərəfindən də biz belə qərəzli münasibətin şahidi oluruq. Hətta bəzən hakimin özü ilə yanaşı, ailə üzvlərini də təhqir edirlər. Bu kimi davranışlar hakimlərin işinə müdaxilə kimi qiymətləndirilir.
Düzdür, hakimlərin müstəqilliyinə heç kəs təsir edə bilməz. Hakimin vəzifəsi ədalət mühakiməsinin obyektiv, qərəzsiz həyata keçirilməsidir. Məhkəmələrin müstəqilliyi qanunla qorunur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı Azərbaycan Respublikasının Prezidentidir. Lakin istənilən halda barəsində belə neqativ və əsassız fikirlər səsləndirilən hakim stres keçirir, bu, onun fəaliyyətinə də mənfi təsir edir”, - deyə o bildirib.
Ə.Cəfərov hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi üçün tədbirlər görüləcəyini deyib:
“Məhkəmədə narazı tərəfin olması təbii haldır. Çünki prosesin yekunu olaraq tərəflərdən biri udur, digəri isə uduzur. Narazı tərəf məhkəmə qərarından yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Lakin uduzan tərəf başlayır sosial şəbəkələrdə, mediada hakim barədə xoşagəlməz fikirlər səsləndirməyə. Bu, yolverilməzdir. Artıq biz sosial şəbəkələrdə, mediada hakimlər haqda qərəzli, xoşagəlməz informasiyaların yayılmasına qarşı mübarizə aparacağıq. Bilirsiniz ki, bir müddət öncə Azərbaycan Respublikasının Hakimlər İttifaqı təsis edilib. İttifaqın nizamnaməsində yer alan məsələlərdən biri də hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi ilə bağlıdır. Hakimlər müraciət etdiyi halda onların qanuni hüquqlarının müdafiəsi üçün iddiaçı qismində məhkəməyə müraciət edəcəyik. Biz hakimlərin özlərini şəxsən məhkəməyə çəkmək, onları məhkəmə prosesinin iştirakçısı etmək fikrində deyilik. Ona görə də bu missiyanı İttifaq öz üzərinə götürəcək”.
Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu KİV nümayəndələrinin hər hansı məlumatı yayımlayarkən peşə etikası prinsiplərinə əməl etməli olduqlarını qeyd edib:
“Beynəlxalq jurnalistikada peşə etikası prinsipləri var. Həmin prinsiplər içərisində qərəzsizlik, obyektiv, vicdanlılıq məsələsi açıq şəkildə qoyulur. Bu prinsiplər jurnalistin qarşısında çox ciddi öhdəliklər və məsuliyyət qoyur. Bu mənada qərəzli, qeyri-obyektiv yanaşma, yaxud tərəflərdən birinin xeyrinə hadisəyə yanaşma birmənalı şəkildə qəbuledilməzdir və peşə etikasının, standartlarının və normalarının kobud şəkildə pozulmasıdır. Əgər hər hansı bir məsələ ilə bağlı bir kontent hazırlanırsa, burada mütləq şəkildə hadisədə adıçəkilən tərəflərin fikirlərinə yer ayrılmalıdır. Tərəfsizlik və obyektivlik birmənalı şəkildə gözlənilməlidir”.
O, jurnalistin təzyiq aləti kimi çıxış etməsinin yolverilməz olduğunu söyləyib:
“Jurnalist öz imkanlarından, peşəsindən irəli gələn imkanlardan və vasitələrdən istifadə edərək heç bir halda özünü təzyiq elementi kimi göstərə bilməz. Jurnalistika cəmiyyəti bilgiləndirən, maarifləndirən, ictimai rəyə təsir edən sosial-siyasi institutdur. Jurnalist bundan irəli gələn prinsiplərə və normalara əməl etməklə fəaliyyət göstərməlidir. O, heç bir halda kiməsə təzyiq edə bilməz. Jurnalist qisasçılıq və intiqam hissindən tamamilə uzaq olmalıdır. Bütün bu məqamların hamısı beynəlxalq jurnalist təşkilatlarının peşə etikası ilə bağlı qəbul etdiyi normalarda öz əksini tapıb. Eyni zamanda beynəlxalq təşkilatların peşə etikası və peşə fəaliyyəti ilə bağlı qəbul etdiyi tövsiyə xarakterli sənədlərdə də qeyd olunub”.
Oxu.Az saytının baş redaktoru Ülvi Səfərov da mediadan hakimlərə təsir vasitəsi kimi istifadənin yolverilməz olduğunu deyib:
“Jurnalist məhkəmə və ya hakim barədə hər hansı informasiyanı dərc edə bilər, amma məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini almalıdır. Ən azından məhkəmənin KİV-lə əlaqələrə məsul şəxsin mövqeyini öyrənməyə cəhd etməlidir. Bu mümkün olmadıqda, heç olmasa, mövzu ilə bağlı bir mütəxəssis rəyi almalıdır. Əgər bütün bunları etmədən məlumatı birtərəfli qaydada yayırsa, bu artıq jurnalistikanın prinsiplərinin pozulması ilə yanaşı, həm də reket jurnalistika deməkdir. Belə çıxır ki, jurnalist artıq burada tərəfdir, bu informasiyanın yayılmasında hər hansı formada marağı var”.
“Ümumiyyətlə, əgər bir məsələ məhkəmə predmetidirsə, təbii ki, burada tərəflərdən biri haqlı, digəri haqsız olacaq. Nəticədən narazı qalan tərəf yuxarı instansiya məhkəmələrinə müraciət edə bilər. Lakin bəzi insanlar var ki, istədiyi nəticəni almadıqda söyüş, təhqir kimi üsullarla dırnaqarası mübarizəyə başlayır. Mediada, sosial şəbəkələrdə hakim barədə xoşagəlməz fikirlər yazmaqla onun nüfuzuna xələl gətirməyə çalışır. Amma baxmaq lazımdır ki, bu nə dərəcədə işləyən mexanizmdir? Mənə elə gəlir ki, effektsizdir. Çünki verilən qərar qanunvericiliyə əsaslanır. Səsləndirilən fikirlər, tənqid və ya təhqirlər heç nəyi dəyişmir”, - deyə Ü.Səfərov əlavə edib.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva isə mövzu ilə bağlı sorğumuza cavab olaraq deyib ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində mediada dərc olunan və yayımlanan informasiyaya dair tələblər nəzərdə tutulub. Belə ki, müvafiq maddə də göstərildiyi kimi, insanın şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, eyni zamanda böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir.
O, xüsusi olaraq vurğulayıb ki, mediada əksini tapmış faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir:
“Qeyd edim ki, 2022-ci ilin aprel ayında MEDİA Agentliyi tərəfindən “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi hazırlanmış, media subyektlərinə göndərilib. Media subyektlərində həmin nümunəvi formaya əsasən müzakirələr aparılmış və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası kodekslərinin təsdiq olunması prosesi həyata keçirilib. Sözügedən “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda da qeyd edildiyi kimi, jurnalist hazırladığı materialda xəbər və şərhi bir-birindən fərqləndirməli və öz şərhində peşə davranış qaydalarının və jurnalistikanın təməl prinsiplərindən kənara çıxılmamalıdır”.
S.Şəfiyeva xatırladıb ki, 2023-cü ilin mayın ayında Ali Məhkəmədə “Femida Dialoq Platforması” üzrə media nümayəndələri ilə görüş keçirilib:
“Toplantıda media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər, o cümlədən hüquqi maarifləndirmə ilə bağlı müzakirələr aparılıb. Medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təklifləri dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir”.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Qadını fotoşəkilləri ilə şantaj etdi, məhkəmə zalından həbs olundu
- Ali Məhkəmə: "Kredit mübahisələrində hesabdan çıxarış və maliyyə arayışı mötəbər sübut sayılmır"
- Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət edə bilər?
- Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
Rəylər