Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fuad Nağıyev: "40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib"
"Ölkəmizdə hotelçilik yeni inkişaf mərhələsindədir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, turizmin əsas dayaq istiqamətlərindən biri kimi hotelçiliyin inkişafı bütövlükdə sənaye üçün olduqca vacib amildir:
"Ölkənin müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir edir. Bunların qiymətləndirilməsi isə hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkündür. Bu həm də qanunvericiliyin tələbidir".
F.Nağıyev əlavə edib ki, Azərbaycanda Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib.
"Turizm haqqında" Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib. Onların arasında beş, dörd, üç, iki və birulduzlu hotellər mövcuddur. Əlbəttə, proses boyu çoxsaylı uyğunsuzluq səbəbi ilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellər də az olmayıb. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsələr də, hələ də ulduz təsnifatının tələblərinə cavab verməyən hotellər mövcuddur. 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və onlar yenidən audit olunacaqlar".
Nəzrin Vahid
Rəylər