Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Firəngiz Mütəllimova: “Ən böyük arzum Şuşada səhnəyə çıxmaqdır” - AÇIQLAMA + FOTO
Xalq artisti Firəngiz Mütəllimova növbəti dəfə Şuşaya yollanıb. Doğma yurdunu ziyarət edən sənətkar məscid önündə çəkdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Aktrisanın Şuşa səfəri izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Oxu.Az-ın əməkdaşı Xalq artisti Firəngiz Mütəllimova ilə danışıb. Aktrisa Şuşa səfəri ilə bağlı maraqlı təəssüratlarından söz açıb.
Aktrisa Şuşada çox böyük dəyişiklik olduğunu dilə gətirib:
“Şuşada mənim xatirələrim var. Fotosunu paylaşdığım məscidin minarəsinin arxasındakı 4 nömrəli orta məktəbdə oxumuşam. Məscidə baxdım, uşaqlığımı xatırladım. Yayda dünyasını dəyişən qardaşım üçün məsciddə dua etdim, “Fatihə” oxuyub çıxdım. Minarənin qarşısındakı şəklimi paylaşmağa açığı ürəyim gəlmirdi.
Şuşada çox gözəlləşib, dövlətimiz orada abadlıq işləri aparır. Bizim məhəlləmizdə də abadlıq işləri aparılıb. Məktəb və yaşayış evləri tikilib. Tez-tez Şuşaya səfər edirəm. Hər getdiyimdə də dəyişiklik görürəm, ürəyim dağa dönür. Mənim üçün əsas o idi ki, Şuşa bizdə olsun. Şükürlər olsun ki, bu günləri görmək bizə qismət oldu”.
O həmçinin sənətindən də söz açıb. Bildirib ki, ən böyük arzusu Şuşada səhnəyə çıxmaqdır:
“Biz ötən il tamaşa mövsümünü Şuşada açmalı idik. Lakin sentyabrda olan vəziyyətə görə təxirə salındı. Şuşa ilə bağlı tədbirlərdə hər zaman iştirak edirəm.
Ən böyük arzum doğma yurdumda tamaşada rol almaqdır. Orada səhnədə olmağı arzulayıram. Bəlkə də indi izləyən yaşımdır. Amma nə zamansa, təklif alsam, çəkinmədən və qorxmadan oynayaram”.
Qeyd edək ki, Firəngiz Mütəllimovaya 1986-cı ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti”, 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” və 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları verilib. ADMİU-nun dosentidir.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Nəzrin Vahid
Rəylər