Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fındıqçılıqla bağlı həyəcan siqnalı: Azalmanın səbəbi nədir?
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 54 milyon 527 min dollar dəyərində 8 844 ton meşə fındığı ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir. 2023-cü ilin ilk yeddi ayında isə Azərbaycandan 64 milyon 323 min dollar dəyərində 12 920 ton fındıq ixrac olunmuşdu. Rəqəmlərə baxdıqda görürük ki, Azərbaycanın fındıq ixracı həmişə artan dinamika ilə inkişaf edib. Lakin hazırda bu əksini görürük. Fındıq ixracımızda azalma müşahidə edilir.
Bəs görəsən bunun səbəbi nədir? Fındıq ixracını yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün hansı işlərin görülməsinə ehtiyac var?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Tələbat az, məhsuldarlıq zəif
İqtisadçı Rauf Qarayevin sözlərinə görə, fındıq ixracının azalmasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Fındıq ölkəmizdən digər ölkələrə həm paketlənərək, həm də açıq şəkildə ixrac edilir: "Fındıq ixracının azalmasının səbəblərindən biri ona olan tələbatla bağlıdır. Biz müəyyən ölkələrə fındıq ixrac edirik. Lakin həmin ölkələrə başqa dövlətlərdən də fındıq ixrac olunur. Ola bilər ki, daha keyfiyyətli fındıq ixracatçıları bizim bazarımızı ələ keçirib. Fındıq ixracının azalması müvəqqəti xarakter də daşıya bilər".
İqtisadçının fikrincə, digər bir məqam məhsuldarlıqla bağlıdır: "Sahibkarlar zavodlara fındıq verməkdən boyun qaçırırlar. Çünki fındıq ixracı üçün nəzərdə tutulmuş zavodlara məhsul yığan şəxs fındığı gətirib təhvil verdikdə sahibkar kimi vergi uçotunda durmalıdır. Bu isə fındıq gətirən vətəndaşa müəyyən qədər sərf etmir. Çünki burada tək tələb edilən vergi uçotuna dayanmaq deyil. Uçota durduqdan sonra sahibkar kimi başqa tələblərlə də üzləşir. Fındıq zavodları kəndliyə ödəniş etdikdə bunu çox zaman bank vasitəsilə etməli olurlar. Proses bank vasitəsilə edildiyi üçün də şəxsin vergi uçotuna alınması tələb olunur. Bu isə fermerlərdə fındıqçılığa olan marağı azaldır".
Digər bazarlara üz tutmalıyıq
R.Qarayev problemin çıxış yollarından da bəhs etdi: "Fındıq ixracını artırmaq istəyiriksə, müəyyən addımlar atılmalıdır. Çalışıb alternativ bazarlar tapmaq lazımdır. Yəni, fındıq ixrac etdiyimiz ölkələrin coğrafiyasını genişləndirmək də ixrac potensialımızın artırılmasında rol oynaya bilər".
Ekspert bildirdi ki, alternativ bazarlar tapdıqdan sonra məhsuldarlığı inkişaf etdirmək haqqında düşünməliyik: "Amma ilk hədəf məhsuldarlığın artırılması qoyulsa, paralel şəkildə xarici bazarlar nəzərə alınmazsa, əməyimiz boşa getmiş olar. Bu baxımdan əsas məqsədimiz əlimizdə olan bazarların əhatəsini genişləndirmək olmalıdır. Bu məsələlər kompleks şəkildə həll edilməlidir. Bazar təhlil edildikdən sonra digər çətinlik törədən məsələlər də aşkarlana bilər. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi də müəyyən addımlar atmalıdır. Sahibkarlarla görüşlər keçirilməli, kəndlilərlə istehsalın artırılması ilə bağlı profilaktik iş aparılmalıdır".
Məhsuldarlıq keyfiyyətsiz və aşağıdır
Fındıqçılıq təsərrüfatında çalışan sahibkar Eldəniz Doldolov da düşünür ki, ixracın azalmasının səbəblərindən ən əsası məhsuldarlığın az olmasıdır: "Keçən il məhsuldarlıq daha yaxşı olmuşdu. Bu il isə məhsuldarlıq əvvəlki illərə nisbətən daha aşağıdır. İxracın artırılması üçün məhsuldarlıq artırılmalıdır".
Fermer qeyd etdi ki, fındıqçılıq təsərrüfatları təbiətin hesabına inkişaf edir: "Məhsuldarlığın artırılması üçün isə fındıq bağlarına qulluğu düzgün təşkil etmək lazımdır. Amma bizdə fındıq bağlarına qulluq sıfır dərəcəsindədir. Bu sahə ilə məşğul olan fermerlərin də sayı çox azdır. Onlar da fındıq təsərrüfatlarına qulluq etməkdən boyun qaçırırlar. Yetişən fındıq da təbiətin hesabına yetişir, inkişaf edir. Məhsul təbiətin ümidinə yetişdikdə, meyvələri daha kiçik olur. Beləliklə, məhsuldarlıq da xeyli aşağı düşür və əldə etdiyimiz fındıq da keyfiyyətsiz olur".
E.Doldolovun sözlərinə görə, əgər fındıq bağlarına qulluq olunmazsa, gələcəkdə həm istehsal, həm də ixracımız daha da aşağı düşəcək: "Yalnız şirkətlər öz fındıq bağlarına bir az qulluq edirlər. Zavodu, fabriki olan sahibkarlar yeni fındıq bağları salırlar. Min hektarlarla fındıq bağı olan sahibkarlar mövcuddur. Həmin fermerlər fındıqçılıqdan gəlir əldə etdiyi üçün bağlarına qulluq edirlər. Amma fermer normal gəlir götürə bilmədiyi üçün bağa da qulluq etmək istəmir. Şirkətlərin hesabındakı fındıq bağları da ümumi fındıqçılıq təsərrüfatlarının çox az hissəsini əhatə edir. Fındıq bağlarımız məhvə doğru gedir. Düşünürəm ki, fermerlər fındıq bağları ilə bu cür davransa, vəziyyət ildən-ilə daha da pisləşəcək".
Rəylər