Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ev almaq istəyənlərin NƏZƏRİNƏ: "İlin sonuna qədər qiymət artımı 10 faizi keçməyəcək"
"Mənzil almaq həmişə sərfəlidir, nəinki indi. Son 20 ilin statistikasına baxsaq, mənzil alanların heç vaxt uduzmadıqlarının şahidi oluruq".
Bu fikirləri Oxu.Az-a müsahibəsində mənzil bazarındakı son vəziyyəti təhlil edən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib. Ekspertlə müsahibəni təqdim edirik:
- Mənzil bazarında ümumi vəziyyət necədir?
- İlin əvvəlindən sentyabradək olan göstəriciləri nəzərə alsaq, mənzil bazarında vəziyyət stabil idi. Ancaq ilin əvvəli ilə müqayisədə sentyabrdan etibarən 5 faizlik artım var.
Ötən il 30 faizə qədər artım olduğu üçün indi az artım müşahidə edilir.
- İlkin mənzil bazarında da artım var?
- Bəli, bu sahədə də artımlar müşahidə olunur. Amma bu qiymət artımı təkrar mənzil bazarındakı kimi deyil, təxminən 20 faizdir. Orta bazar dəyəri ötən ilin əvvəlində təxminən 1 800 man./1 kv.m civarında idisə, hazırda 2400-2500 man./1 kv.m aralığındadır. Qiymət artımı daha çox mərkəzə yaxın olan hissələrdədir, əsasən, Nərimanov, Nəsimi və Səbail rayonunun bir hissəsində var. Növbəti yerlərdə Nizami və Xətai rayonları qərarlaşıb. Periferiyada isə qiymət artımı daha az müşahidə edilir.
- Təkrar mənzil bazarında qiymətlər nə yerdədir?
- Ötən il ən çox artım təkrar mənzil bazarında baş verib. Çünki təkrar mənzil bazarının ipotekaya yararlı olan seqmentlərində - "Leninqrad", "Kiyev" layihəli binalarda qiymət artımı daha çox hiss olunub. Məsələn, 100 kvadratmetrə qədər olan yeni tikililərdə qiymət artımı müşahidə edilib. Hazırda eyni binada 100 kvadratmetrə qədər olan mənzilin kvadratının qiyməti 2 500 manatdırsa, 250-300 kvadratmetrə qədər olan mənzilin kvadratının qiyməti 2000-2200 manat aralığındadır. Buradan da görünür ki, sahəsi kiçik olan mənzillərin qiyməti sahəsi böyük olanlarla müqayisədə ən azı 15 faiz bahadır.
Təkrar mənzil bazarının digər seqmentinə müraciət edək. İpotekaya yararlı olan "Leninqrad" layihəli birotaqlı mənzilin qiyməti, məkandan asılı olaraq, təxminən 100 min manata yaxındırsa, eyni rayonda "xruşşovka" layihəli və ipotekaya yararlı olmayan birotaqlı mənzilin qiyməti 80-85 min manat qiymət aralığında dəyişir. Ümumən ipotekaya yararlı olan mənzillərin qiyməti daha yüksəkdir.
Təkrar mənzil bazarında qiymətin yüksək olmasının digər səbəbi isə sahənin az olması ilə bağlıdır. Nərimanov rayonu ərazisində təxminən 30 kvadratmetrlik "xruşşovka" layihəli birotaqlı mənzilin qiyməti 100-120 min manat aralığında dəyişir. Müqayisə üçün bölsək, bu, mənzilin 1 kvadratmetrinin qiymətinin 3500-4000 manat olması deməkdir. Amma halbuki, həmin ərazidə kvadratmetri 2500 manata olan mənzil almaq olar. Səbəb "xruşşovka" layihəli mənzillərin sahəsinin az olması ilə bağlıdır. Amma yeni tikililərdə sahə böyük olduğu üçün böyük vəsait tələb olunur.
- Kirayə mənzil bazarında qiymətlər, bazara təsir edən faktorlar baxımından vəziyyəti dəyərləndirərdiniz.
- Kirayə mənzil bazarında qiymətlər hazırda minimum 250 manatdan başlayır. Əsasən, həyət evlərində bu qiymətə rast gəlmək mümkündür. Təkrar mənzil bazarının "xruşşovka" layihəli binalarda birotaqlıların qiyməti minimum 300 manatdan başlayır və 300-400 manat aralığındadır. Söhbət şəhərə yaxın ərazilərdən gedir. Nərimanov rayonu ərazisində köhnə tikili birotaqlılar üçün bu qiymət minimum 400-450 manat aralığındadır. Yeni tikililərdə isə kvadratmetri təxminən 8-10 manat aralığında dəyişir. İkiotaqlılar 400 manata, üçotaqlılar isə 500 manatdan başlayaraq təklif olunur.
Kirayə mənzil bazarında əşyalı və ya əşyasız mənzillərə görə qiymət fərqləri olur. Bu, təxminən 20 faizə qədərdir. Məsələn, üçotaqlı əşyasız mənzil 500 manata, əşya ilə isə 600 manata təklif olunur.
Qiyməti ən baha olan ərazilər yenə də Nərimanov, Nəsimi və Səbail rayonlarıdır. Nisbətən ucuz ərazilər Xətai və Nizami rayonlarıdır. Daha ucuz ərazilər isə Suraxanı və Qaradağ rayonlarıdır.
- Hazırda mənzil almaq sərfəlidirmi?
- Mənzil almaq həmişə sərfəlidir, nəinki indi. Son 20 ilin statistikasına baxsaq, mənzil alanların heç vaxt uduzmadığının şahidi oluruq. 2005-ci ildən etibarən paytaxtda qiymət artımları nəzərəçarpacaq qədər hiss olunub. Daha sonra 2005, 2009, 2014, 2019 və 2023-cü illərdə sıçrayışlı qiymət artımları müşahidə edilib. Statistika göstərir ki, hər dörd-beş ildən bir əmlak bazarında əhəmiyyətli artım reallaşır. Digər illərdə isə inflyasiya göstəricisinə uyğun olaraq, 5-7 faizlik qiymət artımı normaldır. 30 faizlik artım isə qeyd etdiyim illərdə olur.
- Kirayə, ilkin və təkrar mənzil bazarı ilə bağlı proqnoz necədir?
- Kirayə, ilkin və təkrar mənzil bazarında qiymətlər hələ ki stabil olaraq qalacaq. Çünki qiymət artımı tendensiyası müşahidə edilmir. Doğrudur, geopolitik amillər daşınmaz əmlak bazarına təsir edir. Gələn illərdə isə qiymət artımının olacağı gözləniləndir. Fikrimcə, bu ilin sonuna qədər qiymət artımı 10 faizi keçməyəcək. Ötənilki 30 faizlik artım buna səbəbdir.
Məhərrəm Əliyev
Rəylər