Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Duman, salamat qal, dağ, salamat qal... Laçına ilk səfərim
Əzizə İsmayılova yazır...
Laçına ilk səfərim olacaqdı. İndiyə kimi keçirdiyim bütün hisslərdən fərqli, qəribə duyğular yaşayırdım. Tam eyni olmasa da, buna bənzər hissi ilk dəfə Şuşaya gedəndə keçirmişdim. Onda Şuşanın azad olunmasından hələ bir neçə ay keçmişdi.
"Xalça belə yarandı" layihəsinin təqdimatına dəvət gəlib adıma. İlk cümləsinə zillənib qalmışam: "Hörmətli Əzizə xanım İsmayılova! Laçın şəhərində keçirilən "Xalça belə yarandı" layihəsinin mötəbər qonaqları arasında Sizi görməkdən məmnun olardıq".
"Mötəbər qonaq" olmadığımı mən də bilirəm, amma məsələ bu deyil. Məsələ odur ki, Laçına dəvət olunuram və həyatımda ilk dəfə Laçına gedəcəyəm. O Laçına ki, onun adını rayonumuza gələn məcburi köçkünlərin xatirələrində eşitmişəm illərlə. O Laçına ki, bütün işğal olunan torpaqlarımız kimi, uşaqlığımın, gəncliyimin taleyinə düşmüşdü o ağrını yaşamaq.
Mətləbə bir az uzaqdan gəlim:
Bizim rayonda çoxdur Laçından gələn köçkünlər. Bəziləri qapımızın bir addımlığında olan keçmiş qır zavodunda, bəziləri idarə binalarında, bəziləri işə "Vışkanın yanı" dediyimiz ərazidə məskunlaşıblar.
Daim dinlədikləri Məhəbbət Kazımovun "Laçınım" mahnısı idi... Şənlənəndə də onu dinləyirdilər, qəmlənəndə də.
"Qartal olum, göylərində uçum mən..." "Niyə qartal?" - deyə soruşmuşdum laçınlı Kərimxan dayıdan.
O vaxt yaşı altmışın üstündə olan Kərimxan dayı öz ləhcəsi ilə cavab vermişdi: "Bala, onu başa düşmək üçün gərəkdir ki, ömründə bir kəz də olsa, Laçını görəsən. Laçın elə-belə yer dəyil ha, orada ancaq sərçə uça. Onun qayaları elə qartal oylağıdır dənə".
Əslində, Qarabağdan köçkün düşən hər kəs öz el-obası haqqında, eynən Kərimxan dayı kimi, yana-yana danışırdı...
Müharibə girmişdi həyatımıza. Torpağından qovulanın da, qovulmayanın da ömrünün otuz ili naməlum səmtə köçkün düşmüşdü. Nizamı pozulmuşdu dinc həyatımızın...
Bəli, həmin o Laçına gedəcəkdim ilk dəfə... Nə görəcəyim, necə görəcəyim, nə hiss edəcəyim özümə də maraqlı gəlirdi.
Gəlim mətləb üstünə.
Səfər proqramına baxıram: gecə saat 2-də Bakıda toplanıb, 3-ün yarısı Laçına yola düşməli, elə həmin gün axşam saat 7-də isə Laçından üzü Bakıya dönüb yenə də gecə saat 2, ya 3-də Bakıda olmalıyıq.
Özümdən başqa kimlərin gedəcəyindən xəbərim yoxdur. Həmişə önəmli hesab etdiyimdən ilk verdiyim "başqa kimlər var?" sualını bu dəfə verməmişəm. Bu dəfə önəmli tək bir şey var - Laçına gedirəm.
Gecə saat 2-yə 15 dəqiqə qalanda toplaşmalı olduğumuz ünvanda idim. Düşünürdüm ki, çətin, gecənin bu vaxtı məndən başqa kimsə tez gəlmiş olsun.
Yanılmışdım. Bəlkə də, ən axırda gələnlərdən idim. Laçın adına hamı daha tez gəlmişdi, hətta müğənni Elza Seyidcahan belə.
Deyilən vaxtda, saat 2:30-da, avtobusumuz yerindən tərpənir. Qarşıda səkkiz-doqquz saatlıq uzun bir yolumuz var.
Biləsuvar yolu çox yorur məni. Bitmək bilmir ki, bilmir.
Füzuliyə çatana kimi sürücüdən neçə dəfə "indi haradayıq?" soruşuramsa, hər birində eyni cavabı eşidirəm: "Biləsuvar yolunda".
"Xanım, bu yol hamını yorur, bir girəndə sevinir adam, bir bitəndə", - səbirsizliyimi görən sürücü gülümsəyir.
Dan yeri ağarmağa başlayır.
Mayın 24-ü olduğunu bilməyən elə zənn edər, qışın hansısa ayındayıq. Oturduğum yerdə gödəkcəmə bürünmüşəm. Bilmirəm, hava üşüdür məni, yoxsa beynimdən keçən fikirlər...
Göydəki buludlara baxıram. Onların yaratdığı mənzərə də eynən beynimdəki fikirlər kimi qarmaqarışıqdır.
Artıq Füzulidəyik. İlk dayanacaq Horadizdir, səhər yeməyinə görə burada düşürük. Sabahın alatoranlığında bizdən başqa kimsə gözə dəymir. Bu, Füzulidən ikinci keçişimdir. İlk dəfə Şuşaya gedəndə Zəfər yolunun üstündə görmüşdüm viran qalan Füzuli kəndlərini. İndi keçdiyimiz yol şəhərin içindən idi...
Cəbrayıl
"Cəbrayıla çatırıq", - sürücü növbəti dəfə "haradayıq?" sualıma cavabında dillənir.
Cəbrayıl... Yenə fikirlərim bir az uzağa gedir. Xarakterimdəki emosionallıqdandır bəlkə də, həyəcanlanıram. İlk ağlıma gələn Cəbrayıldan olan dostlara bu mesajı vermək istəyi olur. Səhərin gözü açılmamış zəngmi etsəm, mesajmı yazsam?
44 günlük müharibədə işğaldan azad olunan ərazilərin siyahısında ən çox yer alan rayonumuz idi axı Cəbrayıl. Hər atılan qələbə tvitində mütləq adını eşidirdik. Hətta o zamanlar cəbrayıllı dostlarla xeyli zarafat mövzumuza da çevrilmişdi bu tvit məsələsi.
Fikirlərim yenə qarışır...
Budur, uzaqdan rayonun adı yazılan o məşhur lövhəni görürəm.
Avtobusda ən öndə, sürücünün yanında oturduğum üçün daha diqqətlə seyr edə bilirəm yolu.
Böyük bir yurd qəbiristanlığını xatırladır ətraf. Yurd yerlərimizi dağıtmaqla, talamaqla yetinməyiblər, həm də viran qoyublar. Ağacına, otuna, daşına, divarına kimi söküb aparıblar, yox ediblər o boyda məmləkəti.
Necə ağırdır bu mənzərəni seyr etmək. Doğulub boya-başa çatdığı, tikdiyi, qurduğu yurdunu viranə görən adam necə bir hiss keçirir, görəsən? Necə qaldırır bu ağrını? İndi onların sevincinin rəngi ilə mənim sevincimin rəngi eynidirmi, görəsən?
Bölüşməyi çox istəyirəm. Qərar verə bilmirəm, bu anda kiminlə, necə bölüşüm bu hissi? Axı həyatımda ilk dəfə keçirəm buralardan. Necə səssiz-səmirsiz ötüm?
Ağlıma həmkarım Naibə gəlir. O Naibə ki, doğma kəndi Sədinin adını oğluna verib. Düşünürdü ki, kəndi Sədini ermənidən ala bilməsə də, evində Sədini böyüdə bilər. Onu tanıdığımdan bu yana iki sözündən biri Cəbrayıl idi, Sədi idi.
44 günlük müharibə tvitlərində hər dəfə işğaldan azad olunan Cəbrayıl kəndləri sadalananda: "Sədinin adı yenə çəkilmədi, Azi" (adımı belə qısaldır bütün yaxınlarım kimi - red.), - deyə o qədər həyəcan keçirirdi ki. Əgər tvitlərin birində Sədi adı səslənsəydi, yəqin ki, sevincdən uçacaqdı... Amma səslənmədi. Sonra təsəlli vermişdi özünə: "Bizim kəndimiz balaca idi də. Ətrafında hər yerin adı çəkilibsə, demək, o da azaddır, erməni bircə orada qalmayacaq ha". Onun həm gözləntisi, həm acısı idi Cəbrayıl.
Redaktoruma yazmaq istəyirəm. Bəlkə, ona gözaydınlığı verim Cəbrayıldan keçdiyim üçün?
Ürəyimdən "gözünüz aydın, elinizə gəlmişəm" yazmaq keçsə də, emosiyalarımı maksimum neytrallaşdırmağa çalışıram. Yadıma düşür ki, onun da yeganə qardaşı bir ayağını, iki gözünü qurban verib bu yolda. "Gözün aydın!" deməklə gözü aydın olarmı bacının?..
Ətrafdakı yurd qəbiristanlığı bitmir ki, bitmir. Sanki yurd insanının köçkün düşdüyü 30 il yox, iki min iki yüz otuz ildir. Hansısa arxeoloji qazıntı zamanı ortaya çıxan şəhər xarabalığını xatırladan yurdunu görən hansı insanın gözü aydın olar, necə aydın olar?
Onlara verə biləcəyim tək müjdə, özlərinin məndən də yaxşı bildikləri "yurdunuz tikilir, qurulur" mesajı olur...
"Sağ-salamat! Xoş gəldiniz!" - yazır redaktorum. Naibə isə heç bir söz demədən, göndərdiyim şəklə bir "ürək" atır...
Zəngilan
"Bir azdan post görəcəyik. O postu keçən kimi Zəngilandayıq", - deyir sürücü.
Girişdəki o məşhur tablonun yanında avtobusu saxlamağı xahiş edirəm sürücüdən. Düşüb xeyli şəkil çəkdiririk.
Yolumuza davam edirik. Laçına nə vaxt çatacağıq deyə səbirsizlənirəm.
"Hələ bir az var", - deyir sürücü.
Budur, qarşıda kadrlardan yaddaşıma yazılan daha bir tanış lövhə görünür - LAÇIN...
Hava çiskindir, toz kimi yağış səpələyir. Ara-sıra güclü yağışa da düşürük. Artıq soyuq deyil. Bəlkə də, mən üşümürəm.
Asfalt yoldan "qruntavoy"a düşmüşük. Palçıqdır yer-yurd. Bizdən öndə o biri avtobus gedir.
"Olar ki, saxlayasınız, o lövhə ilə şəkil çəkdirək?"- sürücüdən soruşuram.
"Buralar palçıqdır. Bir az irəlidə böyük lövhə var, orada saxlayaram. Həm də Həkəri çayını görərsiniz. Bura hələ Laçına girəcəkdir. Səbirli olun, saxlayacağam mütləq", - deyir.
Əslində, səbrim tükənib, amma palçıq məsələsində sürücü ilə razılaşdığım üçün inad etmirəm. Yola davam edirik.
Ətraf ancaq sal qayalardan ibarətdir. "Ana təbiət bəxtimizə necə səfalı, necə mənzərəli yerlər nəsib edib, ilahi", - deyə düşünürəm.
"Məşhur Həkəri çayı budur, - deyir sürücü. - Yuxarı baxın. Bayrağımızı görürsünüz? Ora bizim postdur, qarşıdakı isə ermənilərin".
Avtobusun ön şüşəsindən görə bildiyim qədərini lentə almağa çalışıram. Necə möhtəşəm bir duyğudur bayrağının ən ucada dalğalandığını görmək və tam əmniyyətdə olduğunu hiss etmək.
Yolumuz davam edir. Qarşıda xeyli texnika və adamlar var - yol çəkirlər, tikirlər, qururlar. Yanlarından ötüb qayaların sinəsi ilə üzüyuxarı qalxırıq - Laçına doğru.
"Sizə dediyim lövhə odur e, qarşıdadır. Laçının girəcəyi buradır. İndi saxlayacağam, düşüb doyunca şəkil çəkdirərsiniz", - sürücü deyir.
Avtobus dayanır. Havanın yağışlı olmasına baxmayaraq, şəkil çəkdirmək üçün hamımız enirik.
Həmkarımız Təranə Vahid "Laçın" yazılan lövhənin dayağını qucaqlayıb ağlayır. Öyrənirəm ki, işğaldan sonra yurduna ilk gəlişidir. Laçın həm də onun atasızlığının adıdır...
"Laçın şəhərinə tərəf qalxırıq. Üç-beş dəqiqəyə çatacağıq", - deyir sürücü.
Laçın da nə Laçın.
Kiçik Qafqazın ən cənnət guşəsidir, bəlkə də. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən də Ermənistanla həmsərhəd olan əzəmətli bir qala.
Şəhərin özündən əlavə, bir qəsəbəsi, 125 kəndi var. Dəniz səviyyəsindən hündürlüyü isə 700 metrdən 3 600 metr aralığında dəyişir.
Ərazisindən keçən Şəlvə və Minkənd çayları birləşib uzunluğu 113 kilometr olan Həkəri çayını yaradıb. Həkərinin də son qovuşacağı Araz çayıdır.
İnanılmaz gözəl mənzərəsi var Laçının. Təmiz, səliqəli və dolayı yolları, hər qayanın üstündə bir ev, yaşıllıq, Həkərinin şırıltısı...
Qayaların üstündəki evləri seyr etdikcə mənə elə gəlir ki, orada yaşasam, evimin hansı qayanın üstündə olduğunu yadda saxlaya bilmərəm.
Laçında düz yol, demək olar ki, yoxdur - ancaq dolaylarla gedirsən. Sal qayalara dolana-dolana qalxırsan, dolana-dolana da enirsən. Amma bu dolaylar nə Qobustan, nə Şamaxı, nə Ağsu dolaylarına bənzəyir.
Havasını təsvir edəcək söz yoxdur, onu ciyərinə çəkəsən gərək.
Ümumilikdə qışı quraq keçən mülayim-isti və soyuq iqlim tipi üstünlük təşkil edir Laçında. Laçınlılardan biri sonra söhbətimiz zamanı deyir ki, o vaxt burada dizdən qar yağardı, amma zərrəcə soyuq olmazdı.
Şəhərin içindəki asfalt yollarla dolana-dolana "Seyrangah" adlanan yerə qalxırıq. Oradan Laçın ovuc içindəymiş kimi görünür.
"Seyrangah"da çayımızı içib ətrafı doyunca seyr edəndən sonra aşağı düşürük - çağlayan Həkəri çayının kənarında salınan Laçın bulvarına. Məhz burada "Xalça belə yarandı" tədbiri olacaq.
Buradan açılan təbiət mənzərəsinin sehrinə düşməmək mümkün deyil. Üstəlik, bu mənzərəyə təqdimat üçün düzülən xalçalarla, ipliklərlə, alaçıqla rəng qatılıb.
Çox keçmir ki, Laçına köçən laçınlılar da əraziyə cəmlənirlər.
Hava öz dəyişkənliyindədir - gah şıdırğı yağış yağır, gah gün çıxır, gah göy üzünü bulud alır, gah da çiskin başlayır.
Bu qədər dəyişkən havaya baxmayaraq, heç kim ərazidən çəkilmir.
Oxunan mahnıların səsi dağlara yayılır. Hər kəs səhnədə edilən çıxışları dinləyir.
Tədbirin sonuna yaxın xalq arasında "Qaçaq Nəbi" adı ilə tanınan mahnının sədaları yayılır Laçının laçın dağlarına.
Bu an bir də onu görürəm ki, bayaqdan oturduğu yerdən səhnəni izləyən yaşlı bir nənə özündən ixtiyarsız ayağa qalxıb rəqs etməyə başlayır. Əslində, rəqs deyil onun adı, süzməkdir, hayqırmaqdır, ağlamaqdır, car çəkməkdir - nə istəyirsiniz, qoyun adını.
Nənənin qol qaldırması sanki başqalarına da güc verir. Yaşlısından cavanına onu meydanda tək qoymurlar.
Yadıma Kərimxan dayının sözləri düşür: "Laçın elə belə yer dəyil ha, orada ancaq sərçə uçsun. Onun qayaları elə qartal oylağıdır dənə..."
Qeyri ixtiyari nənəyə yaxınlaşıb mahnının səsini batıracaq tərzdə qulağına: "Gözünüz aydın! Həmişə evinizdə-eşiyinizdə, elinizdə-obanızda", - deyib boynunu qucaqlayıram. O da mənə sarılır. Gözündən yaş süzülə-süzülə: "Bala, biz nələr gördük, nələr yaşadıq, nələrdən keçdik?" - deyir.
Gözəlliyinə doyulmayacaq mənzərədir. Cavanlıqlarını at belində keçirən Həcər xanımlar yaylaqlarına geri dönüblər. Otuz illik ağrının-acının, itkinin inadına qol qaldırıblar, rəqs edirlər... Gözlərindən süzülən yaş keçmiş acılarının ağrısı, gələcək günlərinin sevinci üçündür, yəqin ki...
Bizə ayrılan vaxt-vədə bitir. Artıq geri dönmək zamanıdır. Amma vaxtı bir az da uzatmaq üçün hərəmiz bir bəhanə ilə yubanmağa çalışırıq.
Hava da öz işindədir - gah yağır, gah dayanır. Amma qətiyyən üşütmür...
Bir də geri dönmək arzusu ilə Laçınla sağollaşırıq. Gedəndə çayqırağı Laçın yolu ilə getmişdik, qayıdanda Zabux yolunu qayıdırıq. Bu yolun enişi əvvəlkindən daha sərtdir.
"Bu yol o birindən həm qısadır, həm də təmir ərazisindən yan keçir, Əzizə xanım", - sürücü izah verir.
Haradansa çox-çox uzaqlardan eşitdiyim mahnını özüm üçün zümzümə edirəm:
"Bəlkə, bu yerlərə bir də gəlmədim,
Laçın, salamat qal, sağ-salamat qal..."
Rəylər