Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DETX Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyətlə bağlı məlumat yaydı
"Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyətin aradan qaldırılması təmin edilib."
Oxu.Az xəbər verir ki, bu barədə DETX-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, xidmətin əməkdaşları və "Təmiz Şəhər" ASC-nin işçiləri ərazinin tullantılardan təmizlənməsi işlərini həyata keçirib. Toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.
"Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb. Əhalinin diqqətinə çatdırırıq ki, ictimai yerlərə, yol kənarlarına və təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.
"Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq", - Xidmət vətəndaşlara müraciətində bildirib.
Rəylər